Sizin reklam burada

“Real”ın yeni transferinin zirvəyə yolu “Qəbələ Cup”dan keçib

Baxış Sayı:336

“Real”ın yeni transferinin zirvəyə yolu “Qəbələ Cup”dan keçib
Nail Kərimov: “Bəhlul, Ülvi, və Rövlan Yoviçə qarşı oynayıb”
Dünyanın nəhəng klublarından biri olan Madrid “Real”ı bugünlərdə heyətinə yeni futbolçu qatıb. Söhbət 21 yaşlı Luka Yoviçdən gedir. Ötən mövsüm bundesliqada mübarizə aparan “Ayntraxt”ın şərəfini qoruyan, Almaniya çempionatında 17, avrokuboklarda 10 qol vuran futbolçu yaşının az olmasına baxmayaraq, dünya nəhənginin diqqətini cəlb etməyi bacarıb və bunun da nəticəsi kimi madridililər onunla 5 illik müqavilə bağlayıb.
Bəs Yoviçi Azərbaycana bağlayan nədi? Bizim bu anlaşmaya xüsusi diqqət yetirməyimizin arxasında nə durur? Tələsməyin, bu yazıda qeyd etdiyimiz məqama aydınlıq gələcək.
Xatırlayırsızsa, vaxtilə “Qəbələ”nin təşkilatçılığı ilə hər yay şimal bölgəsində “Qəbələ Cup” adlı turnir təşkil olunurdu. İlk dəfə 2012-ci ildə keçirilən yarış 4 il ardıcıl olaraq, 2016-cı il də daxil olmaqla baş tutdu. Sözügedən turnirin təşkilatçısı olan “qırmızı-qaralar”ın rəhbərliyi Avropanın sayılıb-seçilən klublarını ölkəmizə dəvət edir, yüksək səviyyəli yarış araya-ərsəyə gətirirdilər. Yoviç də həmin turnirdə iştirak edən yeniyetmələrdən biri olub. Serb forvardın “Real”la müqavilə bağlamasından sonra mətbuatda “Qəbələ”nin indiki prezidenti Fariz Nəcəfovun Lukaya mükafat verdiyi anın fotoları yayılıb. Görəsən, həmin an Fariz bəy və ya şimallıların digər rəsmiləri Yoviçin gələcəkdə ulduzlar arasında olacağını düşünürdülər? Ümumiyyətlə, “Qəbələ Cup”da sərgilədiyi oyunla diqqət mərkəzinə düşməyi bacarıb? Bu suala cavab tapmaq üçün “qırmızı-qaralar”ın prezidenti ilə danışmaq istədik. Lakin Fariz bəy zənglərimizi cavabsız qoydu. Əvəzində turnirin təşkilində çox fəal iştirak edən “Qəbələ” Futbol Akademiyasının baş meneceri Nail Kərimovla danışdıq. Hazırda akademiyanın U-11 komandası ilə birgə Polşada olan Nail bəy “Real”ın yeni transferi ilə bağlı bunları söylədi: “Açığı, Luka Yoviçin “Qəbələ Cup”dakı oyunu yadımda qalmayıb və indi desəm ki, hələ o vaxt onun böyük klublarda oynayacağı görünürdü, yalan danışmış olaram. İlk dəfə təşkil olunan turnirə qatılan Serbiya yığmasının heyətində bir neçə yaxşı oyunçu var idi ki, onlardan biri də məhz Yoviç idi. Onun “Qəbələ Cup”da iştirak etdiyi və Fariz müəllimdən mükafat aldığı anın şəkilləri hələ bizim mətbuatda çıxmamış “Qəbələ”nin sabiq futbolçusu Milan Antiç mənə mesaj göndərib “gördün, o vaxt “Qəbələ Cup”da iştirak edən Yoviç “Real”la anlaşdı” xəbərini ötürmüşdü. Sonradan bilmədim, hardan və necə bizim mətbuatda da bu xəbər tirajlandı və şəkillər ictimaiyyətə təqdim olundu. Həmin vaxt Serbiya yığmasını turnirə Antiçin vasitəçiliyi ilə dəvət etmişdik. Millinin məşqçisi ilə münasibəti yaxşı olduğundan bizə bu işdə yardımçı olacağını bildirmişdi. Həmin mütəxəssis də Serbiyanın sabiq prezidentinin oğlu idi”.
Nail bəy Yoviçin də şərəfini qoruduğu Serbiya yığmasının ilk dəfə təşkil olunan “Qəbələ Cup”da iştirakı ilə bağlı maraqlı bir faktı da bizimlə bölüşdü: “Qəbələ Cup” başlayan gün Serbiyanın o vaxtkı prezidenti İvanoviçin inaqurasiya mərasimi olmalıydı. Ona görə də baş məşqçi atasının andiçmə mərasiminə qatıldığından komandadan bir gün sonra Azərbaycana gəlmişdi. Təəssüf ki, mən hazırda Azərbaycanda olmadığımdan Yoviçin “Qəbələ Cup”da göstəricilərini sizlərə təqdim edə bilməyəcəm. Məndə ofisdə keçirdiyimiz bütün turnirlərin statistik göstəriciləri var. Yoviçlə bağlı ətraflı məlumatlar da həmin sənədlərdə əksini tapıb. Lazım olsa, Polşadan qayıdandan sonra onları sizə təqdim edə bilərəm”.
Meydan sahibi kimi “Qəbələ”nin U-15 komandası da həmin turnirdə iştirak edib. Nail bəy “Real”ın yeni transferinə qarşı oynamış yerli oyunçuların da adlarını çəkdi: “Yoviçin iştirak etdiyi turnirdə bizim komandanın heyətində Bəhlul Mustafazadə, Ülvi İsgəndərov, Roman Hüseynov və adını indi xatırlamadığım bəzi oyunçular yer almışdı”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR