Sizin reklam burada

Futbolçular xaricə gedə bilməməyin günahını agentlərdə görürülər

Baxış Sayı:367

Futbolçular xaricə gedə bilməməyin günahını agentlərdə görürülər
“Gedib kiminsə qapısını döyə bilmərəm ki, mən Vüqar Nadirovam, gəlmişəm sizdə oynamağa”
Bu yaxınlarda, lap dəqiq desək, Macarıstana məğlubiyyətdən sonra yığmanın kapitanı Maksim Medvedev komandanın uğursuzluğu haqda danışarkən maraqlı səbəb göstərmişdi. “Qarabağ”lının fikrincə, azərbaycanlı futbolçuların legioner həyatı yaşamaması məğlubiyyətlərin sıralanması ilə nəticələnməkdədi. Slovakiya ilə matçdan öncəki açıqlamasında isə dediyini gənc futbolçulara şamil etdiyini gizlətmədi. Maksimun düşüncəsində legioner həyatı yaşamağa “Qarabağ”ın əsas heyət üzvləri yox, başqa komandalarda çıxış edənlər və heyətə düşməkdə çətinlik çəkənlər cəhd etməlidi.
Ümumi götürsək, “inqilabdan” sonra xaricdə top qovanlarımız az olmayıb. Rəşad Sadıqov, Mahir Şükürov, Kamran Ağayev, Vaqif Cavadov, Ruslan Abışov, Ruslan Qurbanov, Cavid İmamverdiyev, Elnur Cəfərov... Lakin heç biri uzun müddət duruş gətirə bilməyib. Halbuki Əfran İsmayılov, Elvin Məmmədov, Qara Qarayev, Vüqar Nadirov, Cavid Hüseynov, Səlahət Ağayev kimilər də Biləcəridən o tərəfdə top dalınca qaça bilərdilər.
Bu işdə onlara nə mane olub? Azərbayacandan yapışmalarının səbəbi nədi? Onlar da Maksimlə eyni fikirdədi? Bu və başqa suallara cavab tapmaq üçün adı çəkilənlərdən bəziləri ilə danışmağı lazım bildik. Hərçənd Cavid Hüseynovun qısamüddətli Türkiyə karyerası var.
Cavid Hüseynov: “Futbolçunun xaricə getmək üçün iki yolu olur. Ya əməkdaşlıq etdiyi meneceri hesabına, ya da çempionatı izləyən əcnəbi agentlərin köməyi ilə. Necə ki, gürcülərdə və ermənilərdə belədi. Təəssüf ki, bizdə heç biri yoxdu. Türkiyəli menecerlə danışıram, deyir, sizdə bacarıqlı futbolçular var, amma onları yaxşı reklam edən, xaricə aparmağa çalışan agentlər yoxdu. Əsas bəlamız budu. Bu dəqiqə mənə yaxşı çempionatdan təklif olsa, niyə getməyim ki?! Hamı kimi, mən də legioner həyatı yaşamaq istəyirəm. Təbii, getdiyin klub da səviyyəli olmalıdı. Ona görə də burda qalmışıq. Gənclik illərimə gəlincə, guya o vaxt kim xaricə gedirdi ki? 1-2 menecer vardı, onlar da ancaq ölkə daxilində işləyirdilər, ya da legioner gətirirdilər. Əlbəttə, 18-20 yaşım olanda Avropadan 2-3 min avroluq təklif olsaydı, qaça-qaça gedərdim. Amma indi ailə-uşaq sahibiyəm, hara gəldi gedib, legioner adı xatirinə 2-3 minə oynamağa dəymir. Bir də pasportumuzda Azərbaycan adı var. Yığmamız və klublarımız daim uğur qazanmalıdı ki, bizə diqqət artsın”.
Vüqar Nadirov: “11-12 yaşım olanda “Beşiktaş”dan təklif almışdım. O vaxt rəhmətlik əmim Adil Nadirovla danışmışdılar, aparmaq istəyirdilər. Uşaq idim, üstəlik, evin tək oğluydum deyə, evdən buraxmadılar. Sonra Saşa Yunisoğlunun atası Yunis Məmmədov “Qrotslin”ə aparmaq istəyirdi. Danışdıq, razılaşdıq, hətta Polşaya da getmişdim. Sonradan nə baş verdisə, alınmadı. Allaha and olsun, nələrin yaşandığını özüm də bilmədim. Aramızda heç pul söhbəti də olmamışdı. Ondan sonra uzun illər “Qarabağ”la yığmanın şərəfini qorusam da, heç vaxt xaricdən təklif almadım. Bunun üçün menecer olmalıdı, səni kiməsə təklif etməlidi. Bir nəfər də gəlib deməyib ki, Vüqar, filan klub səni istəyir, gedək danışaq. Bu olmayandan sonra necə gedə bilərəm? Özüm gedib kiminsə qapısını döyə bilmərəm ki, mən Vüqar Nadirovam, gəlmişəm sizdə oynamağa”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR