Sizin reklam burada

Arif Əsədov üzr istədi və vaxt azlığını əsas gətirdi

Baxış Sayı:569

Arif Əsədov üzr istədi və vaxt azlığını əsas gətirdi
“Yurçeviç tapşırıq vermişdi ki, belə rəqiblərə qarşı sıx, kompakt oynamaq lazımdı”
Yığma son iki ev oyununda bərbad çıxış etdi. Macarıstan və Slovakiya ilə görüşlərdə xal gözləsək də, komandamız heç birində ümidləri doğrultmadı. Uğursuzluğa görə AFFA rəhbərliyini də günahkar bilən var, baş məşqçini də, futbolçuları da. Təbii ki, uğursuzluq varsa, bunda hərənin öz payı var. Nikola Yurçeviçin açıqlamalarıyla tanış olmuşuq. Maraqlıdı, onun korpusunda yer alan Arif Əsədov uğursuzluğun səbəbini nədə görür? Bu suala cavab tapmaq üçün təcrübəli mütəxəssislə əlaqə saxladıq.
- Millinin məğlubiyyətini nə ilə izah edə bilərsiz?
- Bəribaşdan uğursuz oyunlara görə futbol ictimaiyyətindən üzr istəyirəm. İnanın, hər birimiz çox pis olmuşuq. İstəməzdik belə olsun. Sualınızın cavabına gəlincə, mətbuatda, idman proqramlarında mütəxəssislərin dilindən geniş təhlillər aparılır, müzakirələr gedir. Mən hər kəsin fikrinə hörmətlə yanaşıram. Rəqiblərin səviyyəsi göz qabağındadı. Bunu hələ püşkatmadan dərhal sonra demişdim ki, bir-birinə yaxın səviyyədə olan komandalarla qarşılaşacağıq. Xorvatiya top-komandadı, Macarıstan, Slovakiya və Uels isə onun səviyyəsinə yaxın yığmalardı. Həm komanda kimi, həm də həyətindəki futbolçuların səviyyəsinə görə güclüdülər. Belə rəqibləri nəyin hesabına udmaq, xal almaq olar? Üç komponent sayəsində: istək, oyun intizamı və əzmkarlıq. İstək var idi, başqa cür ola bilməzdi. Çünki evdə oynayırdıq, doğma publika önündə yaxşı oyun və yaxşı nəticə əldə etmək istəyirdik. Oyun intizamı - etiraf etmək lazımdı ki, taktiki cəhətdən boşluqlar yarandı. Baş məşqçi tapşırıq vermişdi ki, belə rəqiblərə qarşı sıx, kompakt oynamaq lazımdı. Ancaq boşluqlara yol verildi, bir-birini “sığortalamaq” baxımından problemlər üzə çıxdı. Rəqiblər də bundan yaxşı istifadə etdi. Əzmkarlığa gəlincə, deməzdim ki, komanda mübarizə aparmırdı. Vuruşurdular, ancaq bu, belə səviyyəli rəqiblərə qarşı kifayət etmir. Fiziki cəhətdən güclü komandaya qarşı gərək 100 yox, imkanlarını 120, 150 faiz səfərbər edəsən. Ancaq bunun üçün Azərbaycan çempionatında oynamamalısan. Bizim çempionatda həmin sürətə, tempə çox az oyunlarda rast gəlmək olur. İkinci səbəb kimi məşqçilər heyətinin, nəticədə millinin gec formalaşmasını vurğulamaq istərdim. Əvvəlki dövrlərlə müqayisədə bu məşqçilərin komandanı formalaşdırmaq üçün kifayət qədər vaxtı olmayıb. Qışda yoxlama oyunları keçirmək, eksperimentlər edib millinin özəyini təşkil etmək olardı, ancaq o vaxt hələ baş məşqçi təyinatı olmamışdı. Baş məşqçi məcburdu ki, eksperimentləri seçmə oyunlar gedə-gedə həyata keçirsin. Belə imkan təkcə Latviya ilə oyunda olub, Yurçeviç də bu şansdan maksimum yararlanıb. Baxın, millinin keçirdiyi 5 oyunda heyətdə dəyişiklik edilib, yəni optimal "11-lik" olmayıb. Yoxlama görüşləri olmadığından, heyət seçimi və taktiki gedişlər baxımından "B planı" hazırlaya bilmədik. Düzdü, komandanı mayın 24-dən bir araya gətirmişdik və bu baxımdan hazırlıq vaxtı uzun görünə bilər. Məsələ burasındadı ki, mövsümün sonu idi, futbolçular düşərgəyə həm fiziki, həm psixoloji baxımdan yorğun gəlmişdilər. Ramil Şeydayev, Emil Balayev və Pavel Paşayev isə U-21-lə yoxlama oyunundan sonra düşərgəyə qoşuldu. Bu sadaladıqlarım indi bəhanə kimi görünə bilər, amma reallıq budu.
- Slovakiya ilə görüşdə bir saat sonra komanda tam dayandı. Belə çıxır, fiziki cəhətdən problem var idi?
- Hamı gördü ki, Ramil Şeydayev millinin ən yaxşısı idi. Niyə? Çünki Rusiya çempionatında çıxış edir, yüksək tempə alışıb. O Ramil ki, elitada qalmaq uğrunda pley-offda oynayır. Başqaları o tempə alışıq deyil. Nəticədə 3 gündən bir oyuna çıxanda fiziki hazırlıqda problem üzə çıxır.
- Hər kəs millini qınayır ki, futbolçular xarakter göstərmədilər, ruhsuz idilər. Bu fikirlə razısiz?
- Mən bunu fiziki cəhətdən problemlə əlaqələndirərdim. Futbolçu yorulanda meydanda qərar verə bilmir, səhvlər sıralanır, üstəlik, ruhsuz görünür.
- Oyunun gedişində baş məşqçi Aleksey İsayevi yanına çağırdı və hətta nəyisə müzakirə etdi. Ancaq sonra meydana başqasıni buraxdı. Aleksey özü meydana çıxmaq istəmədi, yoxsa baş məşqçi fikrini dəyişdi?
- Yurçeviç İsayevi meydana buraxmaq istəyirdi, ona görə çağırdı. Aleksey gəlib dedi ki, ayağında dartılma var. İsinmə hərəkətləri zamanı olub. Amma baş məşqçinin fikrində var idi ki, ona da şans versin. Həkim də futbolçunun ayağına baxmışdı və o da dartılmanın olduğunu təsdiq etdi. Ona görə də İsayevin əvəzinə Emin Mahmudovu meydana buraxdı.
- İcraiyyə Komitəsi üzvlərinin Yurçeviçdən hesabat tələb etdiyi iclasda köməkçiləri də iştirak edirdi?
- Yox, biz orda olmamışıq. Yurçeviç komitə üzvləri ilə görüşə tək gedib.
- Yurçeviç ayrılanda nə dedi? Nəsə tapşırıq verdi?
- Təbii ki, ayrılanda hamımız pis vəziyyətdə idik. Ona görə də xüsusi tapşırıq olmadı. Ancaq hər birimiz üzərimizə düşən vəzifələri bilirik. Hazırda fasilə, həmçinin keçid, yəni transfer dönəmidi. Avrokuboklara hazırlaşan klublar isə təlim-məşq toplanışına başlayıb. Onların məşqlərini, yoxlama oyunlarını izləyib qeydlər aparacağıq.
- Baş məşqçinin istefası gözlənilir?
- Güman etmirəm ki, istefa çıxış yoludu. Tez-tez məşqçi dəyişmək doğru yanaşma deyil. Əksinə, vaxt vermək, sistemli iş qurmaq lazımdı. Çalışmalıyıq ki, futbolçularımız yeniyetmə vaxtından xaricə üz tutsunlar, legioner həyatı yaşasınlar. Nə vaxt ki, milli üzvlərinin ümumi dəyəri indiki kimi 10 yox, 100 milyona çatacaq, nəticə də o vaxt olacaq.
- İndi hamı ehtiyatlanır ki, "8 oyun, 8 məğlubiyyət" baş verə bilər. Siz bundan ehtiyatlanırsiz?
- İstərdim nikbin olaq. Ümidli olmağa əsas verən səbəblər də var. Hər komandada eniş dövrü olur, bizdə hər şey indi üst-üstə gəldi. Eddi İsrafilov zədələndi, bir çox futbolçular düşərgəyə formasının eniş dövründə gəldi. İstəmirəm bir-bir adları çəkim, yığma üzvlərinin əksəriyyəti klubunda sabit çıxış etmir. Daim oynayanlar isə əsasən eyni mövqenin futbolçularıdı. Məsələn, vingerləri götürsək, 5-6 eyni səviyyəli yarımmüdafiəçi tapa bilərik. Ancaq müdafiədə, dayaq yarımmüdafiəçi mövqeyində və hücumda rəqabət yoxdu. Yəqin razılaşarsız ki, hansısa yaxşı futbolçu diqqətdən kənarda qalmayıb, üzdə olan kim varsa, milliyə cəlb olunmusdu. Komanda sona qədər mübarizə aparacaq. İrəlidə hələ oyunlar var, xal və ya xallar götürə bilərik.
- Növbəti toplanş nə vaxta nəzərdə tutulur?
- Hələ dəqiq bir şey yoxdu. Növbəti oyun sentyabrdadı, yəqin ki, ona qədər toplanış təşkil olunacaq. Bu barədə qarşıdakı günlərdə açıqlama veriləcək.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR