Sizin reklam burada

AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər

Baxış Sayı:608

AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər
Yığmanın meneceri Zaur Hacı-Məhərrəmov “feysbuk”da yazılan təhqiri “bəyəndi”
Qəzetimizin ötən sayında dərc olunan “AFFA yığmaya dəstək verən fanatların xərcini qarşılayıb” sərlövhəli yazı ciddi əks-səda doğurub. “Milli Dəstə”nin Hollandiyada yaşayan həmtəsisçisi Şamil Mustafayevin Macarıstan və Slovakiya ilə oyunlar ərəfəsində Bakıya səfər etməsi və həssas məqamda 17 fanklubu həmrəylik adı altında bir araya gətirməsi onsuz da müəyyən şübhələrə və narazılıqlara yol açmışdı. Redaksiyamıza azarkeş qruplarının AFFA tərəfindən maliyyələşməsi xəbəri daxil olan kimi qəzetdə dərc etdik ki, yazı bir neçə nəfərin özündən çıxmasıyla nəticələndi.
Dəstənin başında duran isə Şamil Mustafayev özü idi. Adam elə “Futbol+”ə verdiyi müsahibədə AFFA-dan pul aldığını gizlətmədi. 425 manat Gəncədəki 30 azarkeşin Bakıya gəlib-qayıtması üçün avtobuspuluna hesablanmışdı. Üstəgəl, 700 nəfərlik fanat orudusuna paylanan pulsuz biletlər. Deməli, xəbərimiz boşuna deyilmiş və özlüyündə hansısa həqiqəti daşıyıb. Lakin nədənsə Mustafayev və onunla həmfikir olanlar sosial şəbəkələrdə özlərinə əl qatmaqla bir növ özlərini “sığortalamağa” çalışırlar. Bizi yalan yazmaqda ittiham edir, çətin vəziyyətə düşdüyümüzü əsas gətirir, məlumatı işıqlandırmaqda əsas məqsədin qəzeti reklam etmək olduğunu düşünürlər. Halbuki azarkeş qruplarının AFFA-dan maliyyələşdiyini yazmasaydıq, məlum 425 manat söhbəti ortaya çıxmayacaqdı, “Forza Neftçi”nin fanat hərəkatına qoşulmaqdan imtinasının səbəbi bilinməyəcəkdi. İstənilən halda, narazıların sosial şəbəkələrdə ağlına gələni yazmaları, “Futbol+”i aşağılamaq üçün hər cür ifadələrdən istifadə etmələri anlaşılandı. Məlum məsələ ətrafında ortaya çıxan bir neçə sual var ki, onlardan beşinə aydınlıq gətirilməsini istəyirik.
1. “Milli Dəstə”dən olan yoldaşlar bizi pul axtarmaqda, dövlətdən yardım istəməkdə günahlandırır. Görünür, ilin 10 ayını Hollandiyada yaşayan Şamilin real durumdan xəbəri yoxdu. Dostum, cənab Prezidentin sərəncamı ilə hələ 2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu adlı qurum yaradılıb. Həmin qurumun borcu və öhdəliyi xalqa xidmət göstərən, daim piştaxtalarda olan, illərdi ayaqüstə qalmaq üçün min bir əziyyətə qatlaşan mətbu orqanlara maliyyə yardımı göstərməkdi. Təəssüf ki, bu gün kimlərsə öz nəzarətində olan qəzetləri maliyyələşdirdikləri halda, “Futbol+”ə arxa çevirirlər. Halbuki “Futbol+” tirajına, satış sayına və gündəlik dövriyyəsinə görə, demək olar, siyahıdakıların hamısını üstələyir. Belədə biz niyə kənarda qalmalıyıq? Dövlətin ayırdığı vəsitdən bizə niyə pay düşməməlidi? Davamız, mübarizəmiz buna görədi. Kimdənsə rüşvət, yaxud cibxərcliyi istəmirik. Düşündüyünüz kimi olsaydı, KİVDF-dən maliyyə dəstəyi aldığımız dönəmdə dövlətin himayəsində olan AFFA-ya təriflər yağdırar, tənqidlərə yer verməzdik.
Amma sizin, dəqiq desəm, sənin AFFA-nın qapısını döyüb Gəncədəki 30 dost-tanışının Bakıya gəlib-qayıtması üçün pul və bilet istəməyin azarkeşlik etikasına sığmır. Çünki “Milli Dəstə”ni azad azarkeş qrupu kimi tanımışıq, AFFA-nın fanklubu kimi yox. Etdiyin əməlin doğru olmadığını isə biz yox, dağ boyda “Forza Neftçi”nin üzvləri, hətta rəhbəri Sübhan Əliyev deyir. İndi de görüm, əl açan kimdi?
2. Kənardan necə görünür, bilmirəm. Amma redaksiyanın divarları arasından görünən odu ki, Şamil və onunla həmfikir olanlar Macarıstanla görüşdə “istefa” şüarlarının, yəni kütləvi narazılıqların qarşısını almaq üçün fiqur rolunu oynamalıydılar və oynadılar da. Mustafayevi yaxından tanıyan biri kimi onun kimlərinsə tapşırığını yerinə yetirdiyinə inanmıram və inanmaq istəmirəm. Yenə deyirəm, kənardan belə görünür.
Adam illərdi yığmanın səfər oyunlarına gedir, hətta tək olsa belə, tribunadakı yerini tutur, dəstək verir. Məntiqlə, yığma uğursuz nəticələri sıralayanda hamıdan çox Şamilə və dostlarına təsir etməlidi. Çünki bu işdə əziyyət payları çoxdu. Milli zəif oynayırsa, ortabab macarlardan 3 top buraxırsa, tribunalar niyə susmalıdı? Niyə futbolçular və ya baş məşqçi fitə basılmamalıdı? İllərdi xərclənən milyonların qarşılığında ölkə futbolunu yeni zirvəyə qaldıra bilməyən AFFA rəhbərliyinin ünvanına niyə “istefa” şüarı səslənməməlidi? Tamam, Şamil milliyə dəstək vermək istəyir, sona qədər komandanın yanında olur. Bəs həmrəylik adı altında birləş(diril)ən fanklubların ağzı niyə yumulmalıdı? Maraq nədi, hədəf nədi?
3. Narazı dostumuz qəzetimizə müsahibəsində indiyə qədər yığmanın yolunda öz cibinin 15 min avrosunu (?) xərclədiyini desə də, qələmə almamışdım. Ona görə yazmamışdım ki, kənardan pis görünməsin, özünü tərifləmək kimi çıxmasın. Görünür, Şamil bunun fərqində deyil. Və sosial şəbəkələrdəki mübahisələrdə bunu növbəti dəfə qabardıb. 15 min avrosundan, yəni 30 min manatından keçdiyini xüsusi şəkildə yazıb.
Əla, lap yaxşı. Şəxsən mən ayaqüstə alqışlayır, bu cür Azərbaycan oğlunun qarşısında baş əyirəm. İsti-soyuq, yay-qış bilmədən canına əziyyət verib Maltaya, Farer adalarına, nə bilim Lüksemburqa səfər edib tribunada üçrəngli bayrağımızı dalğalandıran həmvətənlərimizə halal olsun!
Öz aramızdı, 30 min manat xərcləyən biri niyə 425 manata görə AFFA-nın qapısını döysün ki? Adam pula pul demirsə, yığma naminə olan-qalanından keçirsə, 425 manatı tapmaq bu qədər müşkülə çevrildi? Məntiq uyğunsuzluğu var. Ağıllının biri çıxıb sual verər ki, Bakının göbəyində 425 manat tapa bilmirsənsə, Avropada 30 min manatı hansı ürəklə, hansı pulla xərcləmisən?
4. Sən demə, birləşən fanklublar öz aralarında biletin pulunu yığıblarmış. İlk cəhddə həmin pulu AFFA-ya qaytarmağı götür-qoy ediblər, sonra nə baş veribsə, niyyət dəyişib. Yığılan vəsaiti Qarabağ qazilərindən birinə yardım məqsədiylə verməyi düşünüblər. Üstündən xeyli vaxt keçsə də, nə konkret məbləği deyən var, nə də həmin qazinin adını.
Son üç gündə ortaya bu qədər söz-söhbət çıxan, ara qarışıb, məzhəb itən vaxtda biletə görə azarkeşlərdən yığılan pulun AFFA-ya qaytarılmamasının kökündə nə dayanır? İlk fikir bu idisə, planın dəyişməsinə səbəb nə oldu? 425 manata və pulsuz biletlərə görə qınandığınız halda həmin məbləği assosiasiyaya qaytarmaq daha məntiqli olmazdımı? Bir də ki, Qarabağ qazisinə yardım etmək fikrində qalsaz, məbləği və həmin şəxsin adını göstərməyiniz yaxşı olar.
5. Şamilin “Futbol+” ilə başladığı müharibəyə “Milli Dəstə”dəki yoldaşı Orxan Barini də qoşulub. Almaniyada yaşayan Orxan səviyyəsiz yola əl atdığımızı, bununla da “sındığımızı” düşünür. Oxucu toplamaq üçün ucuz yoldan istifadə etdiyimizi əsas gətirib, “pul” deyə-deyə gəbərəcəyimizi iddia edib.
Bu cür ağır ittihamı 8 nəfər bəyənib ki, belələrinin arasında yığmanın meneceri Zaur Hacı-Məhərrəmov da var. Yəni adam konkret AFFA-nın, dəqiq desək, Elxan Məmmədovun adamıdı, gecə-gündüz Nikola Yurçeviçin yanında olan şəxsdi. Assosiasiya rəsmisi azarkeş - jurnalist mübahisəsinə niyə girişsin ki? Azarkeşin qəzetin ünvanına işlətdiyi iyrənc ifadələri niyə bəyənsin ki? Hə, deməli, Zaur Hacı-Məhərrəmov və onun kimilər “Milli Dəstə”yə arxa duran, qəzetçiliyin aşağılanmasına sevinən, qısası, AFFA-dan yolpulu alan azarkeşlərin ideyasını dəstəkləyir. Belədə “Milli Dəstə”nin qurumla, lap elə həmin Zaur Hacı-Məhərrəmovla sövdələşməyə getmədiyini kim mənə sübut edə bilər? Zaur bəy, son sözün də sizədi. Lütfən, Elxan Məmmədovun kölgəsindən çıxın, özünüz olun! Adam, kişi özü olanda böyük görünür, nəhayət, bunu dərk edin!
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR