250. Azərbaycan – Slovakiya 1:5 (1:3)
1. Səlahət Ağayev
3. Şəhriyar Rəhimov
18. Anton Krivotsyuk
6. Bədavi Hüseynov
5. Maksim Medvedev (k)
2. Qara Qarayev
20. Riçard Almeyda
9. Ağabala Ramazanov
(10. Mahir Əmrəli, 61)
14. Rəşad Eyubov
(8. Emin Mahmudov, 79)
7. Araz Abdullayev
(17. Renat Dadaşov, 89)
11. Ramil Şeydayev
Ehtiyat oyunçular
12. Emil Balayev
23. Şahruddin Məhəmmədəliyev
4. Rahil Məmmədov
13. Dmitri Nazarov
15. Namiq Ələsgərov
16. Rüfət Dadaşov
19. Əli Babayev
21. Pavel Paşayev
22. Aleksey İsayev
Baş məşqçi: Nikola Yurçeviç
23. Martin Dubrovka
2. Peter Pekarik
3. Denis Vavro
10 Albert Rusnyak
11. Robert Bojenik
(8. Andrey Duda, 71)
14. Milan Şkrinyar
16. David Hantsko
17. Marek Hamşik (k)
(9. Lukas Haraslin, 86)
19. Yuray Kutska
20. Robert Mak
22. Stanislav Lobotka
(6. Yan Qrequş, 84)
Ehtiyat oyunçular
1. Matuş Kozaçik
12. Marek Rodak
4. Branislav Ninay
5. Lyubomir Şatka
7. Yaroslav Mixalik
13. Patrik Qroşovski
15. Robert Mazan
18. Pavol Şafranko
21. Matuş Bero
Baş məşqçi: Pavel Hapal
Qollar: S.Lobotka, 8 (0:1). Y.Kutska, 27 (0:2). R.Şeydayev, 29 (1:2). M.Hamşik, 30 (1:3). M.Hamşik, 57 (1:4). D.Hantsko, 85 (1:5).
Vərəqə: A.Krivotsyuk, 70 – sarı.
Hakimlər: CON BİTON, Alan Malvenni, Sin Karr, Donald Robertson (hamısı Şotlandiya).
Hakim-inspektor: Yan Villem Veqeref (Hollandiya).
UEFA nümayəndəsi: Orel Mixail İonesku (Rumıniya).
11 iyun. Bakı. Bakcell Arena. 8200 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
10 (2) qapıya (“çərçivə”yə) zərbə 22 (10)
0 ofsayd 4
5 korner 4
11 qayda pozuntusu 4
1 vərəqələr (qırmızı) 0
Macarıstanla oyundakı məğlubiyyətin yaratdığı hirs soyumamış milli Slovakiya önünə çıxmalıydı. Etirazlar kütləvi hal almış, futbol ictimaiyyətinin Nikola Yurçeviçə və cərəncamındakı futbolçulara zərrə qədər də inamı qalmamışdı. Belə inamsızlıq fonunda xorvat çalışdırıcının bir gün əvvəlki mətbuat konfransında rəqibin heyətindəki futbolçuların çıxış etdikləri klubların adlarını sadalaması, futbol oynamaqdan yox, ancaq döyüşməkdən bəhs etməsi növbəti məğlubiyyətdən xəbər verirdi. Yeganə ümidimiz slovakların oyunun alınmayacağına və belədə bizimkilərin sensasiyalı qələbə qazanacağına idi. Bu dəfə də alınmadı. AFFA rəhbərliyinin “əmr qulu”nun rəhbərlik etdiyi komanda qrupdakı ardıcıl 3-cü yenilgisini aldı. Həm də faciəvi hesabla.
Baş məşqçi macarlarla matçla müqayisədə bu dəfə bir neçə dəyişikliyə əl atmışdı ki, nisbətən yenilənmiş heyətdən daha parlaq oyun gözləyirdik. Min bir xahişlə yığma formasını əyninə keçirən Dmitri Nazarovla Renat Dadaşov, iyunun 8-də ayaqları əsən Rahil Məmmədov, cinah yarımmüdafiəçisi kimi varlığı ilə yoxluğu bilinməyən Mahir Əmrəli ehtiyatda qalmışdısa, onların əvəzinə Rəşad Eyubov, Araz Abdullayev, Ağabala Ramazanov və Şəhriyar Rəhimov ilk dəqiqələrdən şans qazanmışdı.
Yurçeviç yatıb yuxusunda nə görmüşdüsə, futbolçularına hücumları cinahdan qurmağı tapşırmışdı. Məqsəd qapı qarşısına yer və hava ötürmələri etməklə hədəfə çatmaq idi. Bu mənada Arazla Maksimin yer aldığı sağ cinah daha fəal görünürdü. Odu ki, rəqib hesabı açana qədər Abdullayev topu iki dəfə qapı qarşısına havalandırsa da, ötürmələri ünvana çatmadı. Onun və komanda yoldaşlarının bacarmadığını Lobotka etdi. Topu qəbul edən “Selta”nın yarımmüdafiəçisi sanki parkda gəzirmiş kimi bir neçə metr irəliləyib “mərmi”ni hiyləgər, amma dəqiq zərbəylə uzaq küncə göndərdi. Nə əcəbsə, vurulan qol bizimkiləri “sındırmadı”, əksinə, nisbətən fəallıqlarını artırdı. Di gəl ki, məzmun eyniydi: topu meydanın mərkəzində bir-birinə ötürmək, bir az pressinq görən kimi Səlahətin köməyinə ehtiyac duymaq. Hücum qurmaq problemi bu dəfə də özünü aşkar göstərirdi. Ramilin qol vurması uzun ötürmələrə hesablanmışdı ki, rəqib müdafiəçilər onun topu qəbul etməsinə imkan vermirdilər. Slovaklar növbəti qolu vurmağın vacibliyini dərk edən kimi hücumların kəsərini artırınca, ardıcıl iki dəfə dərindən ah çəkməli olduq. Yaxşı ki, 20 və 22-ci dəqiqələrdə Səlahət Hantskonun zərbələrini dəf etməyi bacardı. İki əla qurtarışla yadda qalan qapıçının ağlına da gəlməzdi ki, 27-ci dəqiqədə rəqib təxminən 30 metrdən vurulan zərbəyə secinəcək. Kutska cərimə zərbəsindən elə bir qol vurdu ki, “Neftçi”nin qolkiperi yerindən tərpənə bilmədi. 2 dəqiqə sonra Şeydayev mükəmməl qola imza atmaqla azarkeşlərin üzünü güldürsə də, sevincin müddəti bir neçə saniyə çəkdi. Yarım saatın tamamında slovakların ulduzu Hamşik fantastik zərbəylə bacarığını ortaya qoydu.
Onsuz da Marekin qolundan sonra möcüzəyə ümid qalmamışdı. Ayağı top tutmayan yığma üzvlərinin ağıllı müdafiə olunan rəqibin qapısına iki-üç top vuracağı gözlənilmirdi. Sadəcə, nəticəni qorumaq, hesab arasındakı fərqin artmasına imkan verməmək lazım gəlirdi. Belə bir məqamda Arazın səhnəyə çıxması tribunalarda canlanma yaratdı. Abdullayevin Ağabalanın ötürməsindən sonra özünəməxsus solaxay zərbəylə qol vurması yerinə düşərdi. Dubrovka azərbaycanlıların gülməsinə imkan vermədi. Hamşik sanki bunu gözləyirdi. İlk hissədə Ramilin fərqlənməsindən 40 saniyə sonra qol vuran “Napoli”nin sabiq futbolçusu bu dəfə Arazın qapıya zərbəsinin cavabını qolla verdi. Cinah ötürməsindən sonra boş qalan kapitan topa elə bir zərbə vurdu ki, sanki bilyard daşını kiylə vurub luzaya saldı. B qoldan sonra yığma üzvləri sözün əsl mənasında “oturdu”. Qonaqlar meydanda istədiyini edir, təhlükəli vəziyyətlər bir-birini əvəzləyirdi. 59-cu dəqiqədə Bojenik əla imkanı qaçırdığına görə özünü fikrinin laysmanda qalmasına görə qınamalıdı. 68-ci dəqiqədə Pekarikin fərqlənməsinə isə cüzi qeyri-dəqiqlik mane oldu. Buna baxmayaraq, 5-ci qolu vurmağı bacardılar. 74-cü dəqiqədə Duda qapı torunu silkələsə də, yan xətt hakimi bayrağını qaldırdı. 85-ci dəqiqədə matçın ən yaxşılarından olan Hantskonun adını tabloya yazdırmasına isə nə bizimkilər, nə də rumın hakimlər mane ola bildi. Bitonun final fiti yığmanın 1:5 hesablı yenilgisini rəsmiləşdirdi.
Bu, Yurçeviçli millinin qrupda ardıcıl 3-cü yenilgisi idi. Xorvatiyaya 1:2, macarlara 1:3 hesabı ilə uduzan ölkənin bir nömrəli komandası bu dəfə 1:5-ə razılaşdı. Vurulan 3 qol, buraxılar 10 top və 0 xal…
Görünür, Rövnəq Abdullayevlə Elxan Məmmədov Qurban Qurbanovu yığmadan kənarlaşdırıb yerinə xorvatı gətirəndə AÇ-2020 ilə bağlı bu xəyallar qururdular. Görünən odu ki, Yurçeviç heç bir halda yerli məşqçilərdən üstün deyil. Sadəcə, başbilənlərin sözə qulaq asan kadrıdı deyə, tapşırıqlara əməl edir. Ümid edirik ki, indi Abdullayevlə Məmmədov da bizimlə eyni arzudadı: qrupu 0 xalla başa vurmamaq. Təəssüf ki, hər şey buna doğru aparır. Rəhbər dəyişikliyi olmasa, yaxın gələcəkdə bizi daha ağır yenilgilər gözləyir. Odu ki, 5 qapaza şükür etməliyik…
HƏBİB
Reaksiyalar
Ramil Şeydayev: "Danışılası nəsə yoxdu. Pis oynadıq, buna görə də uduzduq. Bir neçə yaxşı hücum qura bilsək də, bu, xal qazanmaq üçün bizə yetmədi. Gərək çox işləyək, çox məşq edək. Onda hər şey yaxşı olacaq. Paltardəyişmə otağından gec çıxmağımıza gəlincə, orda heç nə baş verməmişdi. Sadəcə, baş məşqçi bizimlə danışırdı".
Şəhriyar Rəhimov: “Açıq demək lazımdı ki, Slovakiya bizdən daha yüksək səviyyədə futbol oynayır. Onların futbolçuları top-klublarda çıxış edir. Düşünürdük ki, mübarizliyimizi göstərib, nəticə qazana bilərik. Təəssüflər olsun ki, alınmadı. Yenə də bu, böyükhesablı məğlubiyyətimizə bəhanə deyil. Doğrudan da çox pis olmuşuq. Paltardəyişmə otağında heç kimin səsi çıxmırdı. Bu nəticəyə görə bütün xalqımızdan üzr istəyirik. Ölkəmizi təmsil edirik. Biz də çalışırıq. Əlimizdən gələni edirik ki, haqqımızda xoş fikirlər səslənsin. İstəməzdik ki, azarkeşlər bizim haqda pis fikirləşsinlər. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Təəssüf ki, bu gün belə alındı. Paltardəyişmə otağından gec çıxmağımızın xüsusi səbəbi yoxdu. Baş məşqçi mətbuat konfransında idi, onun gəlməsini gözləyirdik. Bizimlə müəyyən söhbəti oldu”.
Marek Hamşik: “İlk dəqiqələrdən tempi biz müəyyənləşdirdik və vacib qələbə qazandıq. Uğurlu başlanğıc oldu, erkən qol vurduq, ikinci hissədə isə ümumi nəticəni təyin etdik. Qrupdakı vəziyyət baxımından bu qələbə bizə hava-su kimi lazım idi. Qələbəni həm də 5 qol vuraraq, gözəl oyunla əldə etmişik. Buna görə sevinirəm. Çempionatlar başa çatdığı üçün iyunda oyun keçirmək hər zaman çətin olur. Başımızda olanları meydanda həyata keçirməyi bacardıq. İndi tətilə getmək və istirahət etmək zamanıdı. Bizi payızda çətin seçmə mərhələ oyunları gözləyir. Mən artıq həmin günləri səbirsizliklə gözləyirəm. Düşünürəm ki, bu qələbə final mərhələsinə getməyimizə kömək edəcək. Belə nəticəni gözləmirdik. Əsas odu ki, Bakıdan 3 xalla ayrılırıq. Futbolçularımız fərqli açıqlamalar verə bilərlər. Amma mənə görə çox qol vurmaq önəmli məsələ deyil. Bizim üçün 3 və ya 5 qol vurmağın əhəmiyyəti yoxdu. Önəmli olan qələbə idi, onu da qazandıq. Yığmada 24 qol vuran Robert Vittek kimi futbolçunun rekordunu yeniləmək mənim üçün fəxrdi. O, yığmada gözəl illər keçirib".
David Hantsko: "Nəticə birmənalıdı. Amma 5:1 hesablı qələbə asan olmadı. Millinin heyətində ilk qolumu vurmağı bacardım. Amma buna görə yox, 3 xal qazandığımız üçün xoşbəxtəm. Çünki bu daha önəmli idi".
Yuray Kutska: “Hər dəfə qol vuranda gözəl hisslər keçirirsən. Azərbaycanla görüşdə isə uzaqdan vurduğum zərbə ilə toru silkələdim. Uzun müddət idi qol vura bilmirdim. Rəqib qapısından iki erkən top keçirməyimiz vacib idi. Meydan sahibləri fərqi minimuma endirən kimi isə dərhal hesabı 3:1-ə çatdırdıq. Azərbaycanlı futbolçular topu ayaqlarında yaxşı saxlayırdılar. Çox ağır oyun oldu. Hava da isti olduğundan, oyun bizim üçün göründüyü qədər asan keçmədi. Marek Hamşikin fərqlənməsinə də çox sevindim. Hamşikin etdikləri inanılmazdı. Onun bundan sonra da çox qollar vurmasını və bizi zəfərlərə daşımasını arzulayıram".
Robert Bojenik: "Gözəl hisslər keçirirəm. Çünki seçmə mərhələdə 5:1 hesablı qələbə qazandıq. İlk dəfə start heyətində meydana çıxdım, ilk dəqiqələrdən mübarizə apardım. Düzünü demək lazımdısa, göz yaşlarımı saxlaya bilmirəm. Bu bir xəyal idi. Mən uşaqlığımın ən böyük arzusunu gerçəkləşdirdim".
Stanislav Lobotka: "Vurulan qoldan sonra bir qədər təəccübləndim. Açığı, zərbə anında nə edəcəyimi bilmirdim. Çünki çox da qol vurmuram. Hətta qol sevincini necə bölüşəcəyimi bilmirdim. Yanımdakı komanda yoldaşlarım mənə kömək etdilər. Robert Bojenik ötürmə gözləyirdi, mən isə zərbə endirməyə çalışırdım. Hər bir vurulan zərbə zamanı qərar qəbul etmək lazımdı. Bu səbəbdən nəticəyə və sərgilənən oyuna görə şadıq. Dördüncü qolun ardından tam rahatladıq və nəzarət tam bizim əlimizdə oldu”.
Milan Şkrinyar: "Qələbə qazanmaq üçün çox istəkliydik. Matçın əvvəlindən buna doğru irəliləyirdik və sona qədər rəqibi təzyiq altında saxladıq. 5:1 hesablı qələbə qazanmağımıza baxmayaraq, asan oyun olmadı. Burda qələbə qazanmalıydıq. Favoritlərdən heç biri Azərbaycanda xal itirməməlidi”.
MİRAĞA