(10 ballıq şkala ilə)
Səlahət Ağayev – 2,0
Macarıstanla oyunda qolkiperin kobud səhvə yol vermədəyini bildirmiş, buraxılan qollarını başqalarının ayağına yazmışdıq. Slovakiya ilə matçda isə “Neftçi”nin qolkiperi sanki başıqapazlı uşağa bənzəyirdi. Səlahət 3-cü dəqiqədə Hantskonun təhlükəli baş zərbəsini qapı xətti üzərində zərərsizləşdirsə də, davamını gətirə bilmədi. Ən acınacaqlısı odu ki, yığmanın qapıçısı uzaqdan zərbələrə reaksiya verməkdə çətinlik çəkdi. Lobotkanın, Hamşikin fərqləndiyi epizodlarda o, ancaq dizini yerə qoymaqla kifayətləndi.
Şəhriyar Rəhimov – 2,0
Macarıstanla görüşü ehtiyat oyunçular skamyasından izləyən sol cinah müdafiəçisi bu dəfə 90 dəqiqə oynamaq şansı qazandı və meydana çıxdığına görə peşman oldu. Slovaklar ümumilikdə müdafiə xəttini “sürüdüyü” kimi, sol cinahı da iflic vəziyyətə salmışdı. “Səbail”də hücuma dəstək verən Rəhimov yığmanın oyununda bunu edə bilmədi.
Anton Krivotsyuk – 2,0
Üç gün aralığında yığmanın iki görüşündə iştirak edən Anton çətin sınaqdan üzüağ çıxa bilmədi. Müdafiəçi şənbə günü keçirilən oyunun ikinci hissəsində bir qədər özünə gəlməyi bacarsa da, Slovakiya ilə görüşdə itib-batdı. Müdafiənin mərkəzində Bədavi ilə tandem təşkil edən Krivotsyuk rəqib oyunçulara asanlıqla qapıya yaxınlaşmağa imkan verir, onların zərbə vurmasına şərait yaradırdı.
Bədavi Hüseynov – 2,0
Matçı bərbad keçirənlərdən bir də “Qarabağ”ın müdafiəçisi oldu. Bir komanda ki, oyun ərzində qapısında 5 qol görür, deməli, onun müdafiəçiləri ən çox tənqid olunmalıdılar. Ümumiyyətlə, Hüseynov ötənilki zədədən sonra oyununu tapa bilmir. O, sanki mübarizədən çəkinir, yenidən zədə almaqdan qorxur. Bunun da nəticəsi kimi rəqib futbolçular “ikinci Rəşad Sadıqov olacaq” dediyimiz müdafiəçini uşaq kimi keçib, qapı torunu silkələyirlər.
Maksim Medvedev – 2,5
Macarıstan və Slovakiya ilə oyun ərəfəsində yığma üzvləri ilə görüşən AFFA prezidenti Rövnəq Abdullayev futbolçulara qarşıdakı iki oyuna son döyüş kimi baxmalarını istəmişdi. Onun sözlərinə qarşılıq olaraq, yığmanın kapitanı etimadı doğruldacaqlarını, əllərindən gələni edəcəklərini bildirmişdi. Ancaq nə Medvedev özü, nə də komanda yoldaşları vədlərini tuta bildilər. Maksim də Slovakiya ilə qarşılaşmada çox zəif təsir bağışladı.
Qara Qarayev – 2,0
Görəsən, Hamşik və Lobotka uzaqdan yığmanı məyus edəndə Qara harda idi? Dayaq yarımmüdafiəçinin yaradıcılıqdan çox uzaq olduğu məlum idi. Onun əsas işi dağıdıcılıq və rəqibin hücumu zamanı ikinci zonada onları qarşılamaq olsa da, Qarayev srağagünkü oyunda bunların heç birini etmədi. Bu dəfə də ancaq geriyə ötürmələrlə yadda qaldı. Hə, bir də epizozdların birində qapıya təhlükəli zərbə endirməyi bacardı.
Riçard Almeyda – 2,0
Yana və geriyə ötürmələrlə yadda qalan “milliləşdirilmiş” yarımmüdafiəçinin Slovakiya ilə görüşdə də meydanda varlığı sezilmədi. Ataların bir sözü var: “evdə xoruz, çöldə fərə”. Bu sözləri Almeydaya aid etmək olar. Premyer-liqada “Sumqayıt”, “Zirə”, “Keşlə” ilə görüşlərdə qarşısıalınmaz görünən, komanda yoldaşlarının fərqlənmnəsi üçün əlindən gələni edən yarımmüdafiəçi yığmanın rəsmi oyunlarında həvəskara bənzəyir.
Rəşad Eyubov – 1,5
Başını keçəl qırxdırıb, saqqal buraxan yarımmüdafiəçi slovaklarla görüşdə futbolçudan çox serial qəhrəmanlarına bənzəyirdi. Çox maraqlıdı, görəsən, yığmanın baş məşqçisi Odessa futbol məktəbinin yetirməsinə oyundan əvvəl hansı tapşırığı vermişdi? Bu məqam bizim üçün sirr olsa da, görünən odu ki, Rəşad meydana yalnız say düzətmək üçün çıxanlardan idi. Mübarizədən çəkinən, düzgün ötürmə verə bilməyən, nə hücuma, nə də müdafiəyə kömək edən “Sabah”ın yarımmüdafiəçisi bəlkə də karyerasının ən bərbad oyununu keçirdi.
Ağabala Ramazanov – 2,5
Macarıstanla görüşdə sonradan meydana çıxan vinger yığmanın oyununu canlandırsa da, çərşənbə axşamı eyni qəhrəmanlığı təkrarlaya bilmədi. Ramazanov çox qaçdı, çox çalışdı, ancaq komandasına faydalı olmağı bacarmadı. Ən pisi odu ki, Ağabala əsas “silahı” olan sürətindən yararlana bilmədi. Bəzi epizodlarda hücumu kəskinləşdirmək istəsə də, fərdi ustalıq səviyyəsinin aşağı olması özünü göstərdi.
Araz Abdullayev – 2,5
İlk yarının 15 dəqiqəsində Araz çox fəal təsir bağışladı. Bir neçə dəfə çıxış etdiyi cinahda müdafiəçidən sıyrılıb qapı önünə asma və ötürmə etsə də, komanda yoldaşları onun zəhmətini yerə vurdular. Əziyyətinin hədər getməsi sanki Abdullayevi həvəsdən saldı və meydanda olduğu qalan dəqiqələrdə kölgəyə çəkildi.
Ramil Şeydayev – 4,0
Yığmanın yeganə qolunun müəllifi Slovakiyaya qarşı təkbaşına mübarizə apardı. 90 dəqiqə ərzində Ramili meydanın hər hissəsində görmək mümkün idi. Komanda belə böyük hesabla uduzmasaydı, ona daha yüksək qiymət vermək mümkün idi. “Zenit”in yetirməsi bəzən məsuliyyəti üzərinə götürüb rəqib müdafiəsini yarmağa çalışırdı. Ancaq komanda yoldaşlarının ona dəstək verməməsi səbəbindən cəhdləri səmərəsiz qalırdı. Şeydayev oyunboyu Slovakiya müdafiəsini təzyiq altında saxlamaqla yanaşı, meydanın mərkəzinə, bəzən də müdafiyəyə çəkilərək qarşı tərəfin hücumlarının qarşısını almağa çalışırdı, rəqib futbolçulardan top alırdı. Yığmanın heyətində onun kimi canyandıran 4 oyunçu olsaydı, bu gün böyükhesablı məğlubiyyətə üzülməzdik.
Mahir Əmrəli – 2,0
Üç günə sığan iki qarşılamanın birincisində ilk dəqiqələrdən meydanda olan Mahir Macarıstanla oyunda qol müəllifi olsa da, Slovakiya ilə görüşdə ehtiyatda qalmışdı. Matçın sonuna 29 dəqiqə qalmış Ağabalanı əvəzləyən Əmrəli, demək olar ki, heç nə ilə yadda qalmadı. Belə görünür ki, iyulun 1-də 22 yaşını tamamlayacaq vinger meydana sonradan çıxanda oyuna istənilən səviyyədə qoşula bilmir ki, bunu da slovaklarla ə görüşdə gördük.
Renat Dadaşov – qiymətsiz
Emin Mahmudov – qiymətsiz