Şeydayev alqışlandı, qalanlar uğultu və fitə basıldı
Macarsıtana məğlubiyyətdən sonra azarkeşlərin yığmaya inamı xeyli azalmışdı. Bununla belə, futbolsevərlər azacıq ümidlə “Bakcell Arena”ya yollanmışdı. Hər kəs düşünürdü ki, milli bu dəfə qəhrəmanlıq edib, bir neçə gün əvvəlki məğlubiyyəti unutdurar. Lakin Nikola Yurçeviçin komandası daha bərbad oyun və daha acınacaqlı yenilgi ilə azarkeşləri üzdü. Çərşənbə axşamı “Bakcell Arena”da diqqəti çəkənlər təkcə oyun və hesabla bağlı deyildi.
“Neftçi”lilər bir arada
Media tribunasına qalxmamış üç nəfərin söhbəti diqqətimizi çəkdi. Bunlardan ikisi adı “23-lüy”ə salınmayan “Neftçi”nin futbolçuları - Ömər Buludovla Mirabdulla Abbasov idi. “Üçlüy”ü “ağ-qaralar”ın idman direktoru Ceyhun Sultanov tamamlayırdı. Flaqmanın üzvlərinin nəyi müzakirə etdiyi maraqlı idi. Hə, Mirabdulla Abbasovun “Neftçi”ni “Səbail”ə dəyişəcəyi ilə bağlı informasiyalar hələ də dolaşır. Amma çətin ki, Sultanov həmin anda futbolçu ilə məhz bu məsələ haqda danışırdı. Ola bilsin, fikir mübadiləsi yığma ilə bağlı idi. Axı paytaxt klubunun adı çəkilən futbolçularından heç birinin “23-lük”də olmaması qəribə idi. Xatırladaq ki, macarlarla görüşdə Mirabdullanın adı iştirak ərizəsinə daxil edilməmişdi. Buludov isə qarşılaşmanı ehtiyatdan izləmişdi.
Birlik yox idi, şüar qalmışdı
İyunun 8-dəki görüşdə yığmanı 17 azarkeş qrupundan ibarət birlik dəstəkləmişdi. Bu dəfə isə sözügedən birliyin qərarlaşdığı sektorda sıravi azarkeşlər yer almışdı. Maraqlıdı ki, həmin tribunanın aşağısında olan “Azərbaycan” sözü yazılan plakat yox idi. Lakin iki iri bayraq saxlanılmışdı. Bundan başqa, tribunanın üst tərəfindən asılan və üzərində “Biz tarixə sığınmadıq, dünən vardıq, bu gün varıq” sözləri yazılmış pankart da yerində idi. Həmçinin start fitindən öncə qadınlardan ibarət yığma da tribunada göründü. Azarkeş sayının ötən oyundakından az olduğunu görmək çətin deyildi. Halbuki qarşılaşmadan öncə biletlərin hamısının satıldığı deyilmişdi. Kassalara üz tutanlar isə “yoxdu” cavabı alırdılar.
Qonaqlar məkəzi sektorda
Yadınızdadısa, macar azarkeşlərə künc bayrağı istiqamətində, ikinci mərtəbədə yer ayrılmışdı. Ümumiyyətlə, “Bakcell Arena”da keçirilən beynəlxalq oyunlarda məhz həmin sektor qonaq fanatlara verilir. Ancaq bu dəfə fərqliydi. Slovakiyalılar mərkəzi sektorda qərarlaşmışdılar. Təbii, qonaq azarkeşlərin məhz bu tribunada yer almasının səbəbini anlamaq çətin idi. Onu da qeyd edək ki, yetərincə fəal idilər.
Proqram daha mükəmməl idi
Azərbaycan – Macarıstan matçı ilə müqayisədə daha bir fərq oyunun proqramı ilə bağlı idi. Sanki macarlarla görüşdə bunu başdansovdu etmişdilər. Cəmi 4 vərəqdən ibarət proqramda ciddi səhvə də yol verilmişdi. Belə ki, yığmanın ilk oyununun hesabı düzgün göstərilməmişdi. Bu dəfə isə proqram daha mükəmməl idi. 16 vərəqlik kitabçada Səlahət Ağayevin müsahibəsi, Avroliqanın ölkəmizdə keçirilən finalı ilə bağlı məlumatlar, eləcə də AFFA-nın sponsorlarının reklamları yer almışdı. Yeri gəlmişkən, yığmanın tarixindəki ilk oyunun hesabı da bu dəfə düzgün yazılmışdı.
“İstefa” şüarları və uzaqlaşdırmalar
Hələ oyundan öncə azarkeşlərin oyun zamanı AFFA rəhbərliyinə ünvanlı “istefa” şüarları səsləndirəcəyi haqda istər sosial şəbəkələrdə, istərsə də medaiada məlumatlar var idi. Təxminən 26-27-ci dəqiqədə ilk belə hal baş verdi. Bundan sonra final fitinə qədər ara-sıra “istefa” şüarları səsləndirildi. Ancaq bu tələb tam olaraq tribunaları əhatə etmirdi. Bir qədər pərakəndə şəkildə idi. Hətta bəzən bir tərəf “istefa” qışqıranda, digər tribunadan uğultu sədaları eşidilirdi. Çağırışın konkret kimə - AFFA rəhbərliyinə, yoxsa baş məşqçiyə ünvanlandığını da müəyyənləşdirmək çətin idi. Çünki konkret hədəf göstərilmirdi, yalnız “istefa, istefa” şüarları eşidilirdi. Hə, polislərin bir neçə azarkeşi tribunadan uzalqaşdırdığını da qeyd edək. Deyilənə görə, bu addım sırf “istefa” şüarına görə atılıb.
Hamşiklə Şeydayev alqış aldı, qalanları isə…
Yığmadan əlini üzən azarkeşlər oyunun gedişində rəqib komandanın kapitanı, bu görüşdə dubl edən Marek Hamşiki alqışladılar. O da əli ilə təşəkkürünü bildirdi. Təcrübəli oyunçu və Slovakiya yığmasının ən yaxşı bombardiri əvəzlənərkən də tirbunalardan eyni münasibəti gördü. Bizimkilərdən isə yalnız Ramil Şeydayev alqışlandı. Azarkeşlər həm onun adını çəkib dəstək oldular, həm də meydandan çıxanda alqış aldı. Əslində bu da anlaşılandı. Belə ki, komandamızın heyətində bir parlaq nöqtə, can yandıran Şeydayev idi. Ramilin baxımlı qola imza atması da, qapımızda gördüyümüz 3-cü qoldan sonra yerə çökməsi də qeyd olunmalıdı. Üstəlik, millinin hücumçusu oyundan sonra açıqlama verərkən göz yaşını çətinliklə saxladı. Təbii, onun bu davranışları və meydanda sərgilədiyi oyun komanda yoldaşlarına da dərs olmalıdı. Hə, yığmamızın qalan üzvlərinin payına isə uğultu və fitdən başqa bir şey düşmədi. Bir qrup azarkeşin Vadim Vasilyev, Mahir Şükürov, Əfran İsmayılov və digər sabiq yığma üzvlərinin adını çəkib alqışlaması da maraqlı məqam idi.
FARİZ