İdarəçilikdə dəyişiklik zəruridi!
Macarsıtan və Slovakiya ilə oyunlar futbolumuzdakı problemləri bir daha bütün çılpaqlığı ilə ortaya qoydu. Təbii, günahı AFFA rəhbərliyində, məşqçilər korpusunda görənlər yetərincədi çoxdu. Bəziləri isə futbolçuları qınayır, onların potensialından aşağı səviyyədə çıxış etdiyini düşünür. Bir neçə məşqçi dəyişibsə və ortada ciddi fərq yoxdusa, deməli, federasiya düzgün iş aparmır. Əcnəbi məşqi qeyri-adi nəsə ortaya qoya bilmirsə, onu gətirmək mənasızdı. Futbolçulara gəlincə, əlbəttə, onların legioner həyatı yaşamamaları ən əsas problemdi. Bəziləri oyunçuların xaricə getməsi üçün maaşların azalmasının və limitin ləğv olunmasının vacibliyini vurğulayır. Ancaq az pul alsa belə, kiminsə buna görə başqa çempionatlara üz tutacağı inandırıcı deyil. Hətta həvəskar komandada top qovmağa razı olacaqlar, nəinki xaricə gedəcəklər Limit ləğv olunandan sonra, ümumiyyətlə, futbolçu tapmaq çətin olacaq. Çoxları belə düşünür ki, vahid sistemlə uğura nail olmaq mümkündü. Necə ki, bir sıra ölkələrdə, klublarda bunun şahidi olmuşuq. Amma bizdə Qurban Qurbanovun dönəmində belə sistem qurulmuşdu. Fakt budu ki, onu da sona çatdırmaq mümkün olmadı. Bir sözlə, problemin həlli yollarını üzə çıxarmaq üçün saatlarla müzakirə aparmaq olar. Bəs görəsən, futbol ictimaiyyəti acınacaqlı vəziyyətdən çıxış yolunu nədə görür?
Elçin Cəlilov (futbolpress.az saytının baş redaktoru): “İllərdi çıxış yolları göstərilir. AFFA yaradılandan bəri həmin yollar sadalanır. İdman mediasına kimlər gəldi, kimlər getdi - hamı eyni işlə məşğul oldu. Mən peşəkar və müstəqil jurnalistlərdən danışıram. Həmin iş də məsləhət vermək, doğruları göstərmək, problemləri açıqlamaq idi. Bu qədər nəsil dəyişdi, ancaq futbolumuz dəyişmədi. Nə qədər məsləhətlər oldu, problemlər həllini tapmadı. Ara-sıra kosmetik dəyişikliklər oldu. O da aldadıcı idi. Dəyişiklik yalnız klub futbolundadı. Söhbət o klublardan gedir ki, uzunmüddətli və sabit planları var idi. “Qəbələ”, “Qarabağ”, “Neftçi” kimi. İndi də eyni şeyləri təklif edə bilərik. Futbolun idarəçilik sistemində islahatlar getməlidi. Problem odu ki, əvvəlki illərə nisbətən indi futbol mütəxəssisləri fikir səsləndirmir. Xüsusən də 2004-cü ildə futbola pul axını olandan və Fuad Musayev dövrü bitəndən sonra. Pul axını artandan bu yana müstəqil fikri olanların əksəriyyəti artıq o fikri səsləndirmir. Görünür, məğlub olublar. Problemlərdən biri də budu. Azərbaycan futbolunda mütəxəssis rəyi və həmin rəyin gücü yoxdu. Çox az saydadı, həddən artıq. Üstəlik, müntəzəm deyil. Problemin kökü ziyalı, elita fikrinin olmamasıdı. Ona görə də idarəçilikdəki problemləri elə ancaq mətbuatın bir qismi qabardır. Təklif edərdim ki, AFFA ciddi şəkildə vahid sistem götürsün və bütün yaş qrupları üzrə yeni komandalar formalaşdırılsın. Əslində aşağı yaş qruplarında nisbətən formalaşma baş verib. Əsas millidə ciddi yaş dəyişikliyi olmalıdı. U-19-dan, U-21-dən perspektivli bir neçə oyunçu A milliyə cəlb edilməlidi. Onsuz da biz Avropa çempionatının final mərhələsinə olan şansımızı itirmişik. Açığı, belə bir uğur da gözləmirdik. Heç olmasa, sırf yerli, azərbaycanlı futbolçular oynasınlar və təcrübə toplasınlar. Bəlkə gələcəkdə daha yaxşı çıxış edə bildilər”.
Tahir Süleymanov: "Çıxış yolu birdi, futbolda köklü islahatlar aparılmalıdı. Aksiomdu, ağacın kökü saf deyilsə, yaxşı becərilmirsə, vaxtında sulanıb qulluq edilmirsə, keyfiyyətli bar verə bilməz. Milli bünövrəsi atılmış, mərtəbələri inşa edilmiş çoxmərtəbəli binanın son pilləsidi. Təməl düz deyilsə, mərtəbələr keyfiyyətli ucaldılmayıbsa, milli necə ola bilər?! İllərdi futboldakı durum müzakirə edilir, çıxış yolları aranır. Həm futbol, həm də hər bir kəsin sadə dillə başa düşəcəyi məntiqli izahlardı qeyd olunanlar. 100 milyonlarla vəsaitin qarşılığında bataqlığa sürüklənmiş Azərbaycan futbolunda dəyişikliklərin baş verməsi mütləqdi. Dünən stadionda azarkeşlərin səbr kasası doldu, "istefa" sədaları tribunaları bürüdü. Tək qarşılaşmada deyil, artıq futbol ictimaiyyəti arasında AFFA-ya ünvanlanan kütləvi "istefa" tələbləri formalaşıb. Təəssüf ki, araqatmalar, şayiələr yenidən baş qaldırıb. Ümumi futboldakı problemlər süni şəkildə fərdi müstəviyə keçirilir, fərdlərin qarşıdurması kimi qələmə verilir, "təbliğat maşını" çalışır. Bunlar hamısı bir niyyət güdür, kökdən yayınmaq, ictimaiyyəti dolaşdırmaq. Təmənnasız azarkeşlərin addımları bir daha sübut etdi ki, xalqın qalibiyyət ruhu ölməyib, sındırılmayıb, illərdi beyinlərə yeridilən məğlub psixologiyanı qəbul etmir. Bütün futbol ictimaiyyətinə əməldə azarkeşlərdə olan məğlubedilməz ruhu arzulayıram. Belə olarsa, futbolun sabahına da ümid yarana bilər. Ümumi futbol nə qədər xarabalığa çevrilsə də, köklü dəyişikliklərin olacağı halda islahatlar aparıb inkişafı təmin etmək mümkündü. Azərbaycan futbolunun yükünü üzərinə götürə biləcək az da olsa, layiqli, xarizmalı, qələbə ruhlu, xalqı düşünən, işini bacaran idarəçi-mütəxəssislərimiz var. Azərbaycan futbolunun bir nömrəli problemi dirçəlişə aparacaq işlək futbol sisteminin olmamasıdı".
FARİZ