Slovakiya ilə oyunun gedişində sosial şəbəkələrdə yığmamızın üzvləri, Nikola Yurçeviç, Rövnəq Abdullayev və Elxan Məmmədov qədər personası dartışılan daha bir adam var idi. Əlbəttə, söhbət oyunu “CBC Sport” kanalında şərh edən Gündüz Abbaszadədən gedir. Bir məqamın üzərində xüsusi dayanmaq istəyirəm: məhz bu kanalın dünyaya gəlişi Elnur Məmmədli, Rüstəm Əfsərli, Gündüz Abbaszadə, Şəmsəddin Abbasov kimi həmkarlarımın yaradıcılıq imkanlarının açılmasına, sağlam rəqabət şəraitində onların hər birinin inkişafına təkan verdi. Bunu görməmək və ya görməzdən gəlmək ədalətsizlik olardı. Bu başqa məsələ ki, bəlli səbəbdən “CBC Sport”da yaradıcı azadlıq mühiti nisbi xarakter daşıyır, yəni daxili senzura var. Elə məhz həmin bəlli səbəb də Gündüz bəyi srağagün milyonlarla seyrçi önündə çətin vəziyyətdə qoydu; adam bəzi məqamlarda deməyə söz tapmır, meydanda və tribunalarda yaşananların şərhindən çəkinirdi. Onun da özünə görə dəlilləri var: məndən qəhrəmanlıq, vətəndaş mövqeyi istəyənlər sabah mən işsiz qalanda, yeganə övladıma çörək ala bilməyəndə qapımı açacaqmı, halıma yanacaqmı? Bu mövqeyi anlayışla qarşılasam da, bəribaşdan deyim ki, mən Gündüz Abbaszadə kimi hərəkət etməzdim. Zaman ara-sıra bizləri də eyni çətinliklər, problemlər ilə üz-üzə qoyub, fəqət heç vaxt “çörəyimin, övdalarımın xatirinə prinsiplərimə zidd getməliyəm” kimi özünəgüzəştim olmayıb. Konkret nümunələr də deyə bilərəm, amma bunlar oxucu və publika üçün maraqlı deyil!
Gündüz Abbaszadə və onun kimi “iş yeri, yoxsa vətəndaş mövqeyi” seçimi qarşısında qalan həmkarlara isə jurnalistikanın bəzi “qızıl” qaydalarını xatırladıram ki, sonradan nə vaxtsa işlərinə yaraya bilər. Unutmayın, mən də jurfakda, özü də telejurnalistika ixtisası üzrə oxumuşam, bu peşəyə göydən zənbillə düşməmişəm.
1. Meydanda yığma oynayır və nəticələr indiki qədər dibə vurmasa da, hər halda, ölkənin əsas komandasının heç vaxt uğurlarıyla xalqı sevindirmədiyi tezisi üzərində dayanmaqla, əvəzində klub futbolunda son illərdə yetərincə yaxşı təsir bağışladığımızı söyləməklə ağırlıq mərkəzini yığmadan klublara keçirə, zərbə dalğasını yumşalda bilərsiz.
2. “Qrupumuzdakı komandalardan dördü də sonuncu Avropa çempionatının final mərhələsində oynayıb, hər biri də pley-offa adlayıb”, “bu seçmə mərhələni fəqləndirən əsas özəlliklərdən biri oyunların hər birində qol vurmağımızdı” kimi yersiz ifadələr əvəzinə onsuz da qəzəbli olan publikanı ovutmaq, sakitləşdirmək üçün Millətlər Liqasında mümkün uğur halında bu gün yığmamız üçün nəticələrlə oynamaq baxımından daha geniş manevr imkanlarının (gürcüləri nümunə göstərməklə) açıla biləcəyini deyir, bununla da azarkeşi Qurbanov – Yurçeviç müqayisəsinə çəkib, zaman qazanırsız.
3. Bir halda ki uca səslə də tribunalardan gələn “istefa” sədalarını batırmaq mümkün deyil, eyni zamanda həmin şüarların məğzini auditoriyaya anlatmaq sizə işinizi itirmək bahasına başa gələcəksə, onda heç olmasa, “burda söz artıqdı” deyin ki, “nə şiş yansın, nə də kabab”. Yəni “istefa” istəyən auditoriya sizi hansısa mülahizə üzündən yanında görməsə belə, vətəndaş mövqeyinizi tam itirmədiyinizə də əmin olsun.
4. Seyrçi ilə ünsiyyətə girməyə çalışın. Təxminən bu yöndə ki, indiyə qədər yığmanı uğura daşımaq yolunda ən müxtəlif variantlar sınaqdan keçirilib. Amma bizim üçün ictimaiyyətin, yəni futbolu qəlbən sevən siz azarkeşlərin fikirləri də maraqlıdı. Kanalımıza fikirlərinizi yazın, məsləhətlərinizi, tövsiyələrinizi verin. Necə deyərlər, ağıl-ağıldan üstündü.
5. Seyrçiyə yaxın olmaq üçün anladın ki, yığmanın uğursuzluqları ilə Azərbaycan futbolu tarixə qovuşmur. Bir ay sonra artıq klublarımız avrokublarda mübarizəyə başlayır. Klubların iqtisadi dayaqlarının o qədər də möhkəm olmadığı məqamda onları yenidən qruplarda görmək istəyirsizsə, buyurun, tribunaları doldurun, dəstəinizi əsirgəməyin. Bu il də Azərbaycan futbolunu qruplara daşıyaq.
Gündüz Abbaszadə kimi çətin duruma düşməsini istəmədiyim həmkarlarım üçün başqa tövsiyələrim də var. Amma hələlik kifayətdi. Ümid edirəm ki, dostlar məndən inciməyəcək, növbəti dəfə “iş yeri, yoxsa vətəndaş mövqeyi” seçimi qarşısında qalanda ürəklərinin səsinə qulaq asacaqlar.
MAHİR RÜSTƏMLİ