Kilian Mbappe, Antuan Qrizmann, Olivye Jiru... Fransa millisinin Türkiyə ilə oyunda meydana çıxacaq heyətinə baxdım, gözlərim qaraldı. Fikirləşdim ki, “ay-ulduzlular” üçün böyükhesablı məğlubiyyət qaçılmazdı. Zarafat deyil, bu futbolçular cəmi bir il öncə Rusiyada keçirilən dünya çempionatının qalibi olublar. Ondan sonra da yüksələn qrafiklə çıxış edirlər. Təsadüfi deyil ki, Mbappe hazırda Zidanın “Real”a gətirmək istədiyi futbolçuların siyahısında ilk yerlərdən birini tutur, transfer qiyməti 100 milyon avronu çoxdan ötüb. Qrizmannla Jiru da onun kimi. Hansı baş məşqçi əlinin altında belə futbolçuların olmasını istəməz?!
Mən bu düşüncələrin əsirinə çevrilərkən “Bakcell Arena”nın mətbuat konfransı salonundaydım. Macarıstan millisinin baş məşqçisini dinləmişdik, səbrsizliklə Nikola Yurçeviçin yolunu gözləyirdik. Aradakı zamanı fürsət bilib, Türkiyə - Fransa oyunu barədə məlumatlara göz atırdım. Çox keçmədi, Yurçeviç gəldi. Gələn kimi də bizim vərdiş etdiyimiz nağılları yenidən səsləndirməyə başladı. Hər şey əvvəlki kimiydi, birbalaca Yurçeviçin tərzi və intonasiyası Berti Foqtsla Robert Prosineçkidən fərqlənirdi. Vəssalam. Nikola da deyir ki, onun yetirmələri rəqibə qarşı yaxşı oynayıb, sadəcə, standart vəziyyət zamanı diqqətsizlik nəticəsində qapımızda qol görmüşük. Sonra rəqib ikinci qolu bizim qapımızdan keçirib, fərqi azaltdıqdan dərhal sonra yenidən bizi məyus ediblər. Qoymayıblar ki, vurduğumuz qolun sevincini doyunca yaşayaq, vacib qarşılaşmadan xal və ya xallarla ayrılacağımıza olan kövrək ümidlər qəlbimizin dərinliklərində bir qədər də cücərsin. Ay sizi, amansız macarlar. İmkan verin də...
Adam boynuna almaq istəmir ki, start heyətini qurarkən səhvə yol vermişəm, əlimdəki materialdan düzgün istifadə etməmişəm. Millinin heyətini 2-3 yerdən gələn sifarişlər formalaşdırır, Yurçeviç nəkarədi ki?! “Sifarişçilər” hərəsi öz futbolçusunu əvvəlcə milliyə, sonra da start heyətinə, o da olmasa, 23 nəfərlik iştirak ərizəsinə saldırmağa çalışırlar. Məqsəd də məlumdu. Yorğan, yəni mükafat davası. AFFA prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin iclasından əvvəl millinin məşqinə baş çəkmiş və “gəlin macarlarla oyundan sonra birlikdə sevinək” deməklə fantastik mükafatın siqnalını vermişdi. Yəni ki, macarları udun, mən “yuxarılar”ın qarşısında danlanmayım, sizi də sevindirim. Yüzminlər, milyonlar havada uçuşacaqdı. Bundan qazanan isə təkcə futbolçular olmayacaqdı. Onların havadarları, menecerləri, “milliləşdirmə” prosesinin rəhbərləri də zənginləşəcəkdilər. Di gəl ki, macarlar buna imkan vermədi. İşbazlar öz oyununu oynayır, bunun da əziyyətini bizimlə yanaşı, Nikola Yurçeviç çəkir. Xorvatiyalı mütəxəssis böyük oyunun kiçik piyadası olduğuna görə ona verilən tapşırıqdan çıxa bilməz.
Hamımız gördük ki, Ağabala Ramazanov Renat Dadaşovu əvəzləyəndən sonra millinin oyunu nə qədər canlandı, cinahda sürətli keçidlər izləməyə başladıq. Deməli, Ağabala Renatdan daha yaxşı formada imiş, macarlarla oyunda ilk dəqiqələrdən meydanda olmağa haqqı çatırmış. Təsadüfi deyil ki, millimizin vurduğu yeganə qolda da Ağabalanın böyük payı oldu, məhz onun zərbəsindən sonra qapıçının qaytardığı topu Mahir qapıdan keçirdi. Mən iddia etmirəm ki, heyətdəki səhvlər sayəsində uduzduq, ehtiyatda qalanlar macarları üstələmək gücündə idilər. Amma ən azı daha yaxşı çıxış etmək, rəqibə qarşı sonadək mübarizə aparmaq mümkün olardı. Yurçeviçin Renatı ilk dəqiqələrdən oynatması, Ramil Şeydayevi cinahda “gizlətməsi” komandamızın hücum potensialını xeyli azaltmışdı. Qapısı qarşısında ciddi təhlükə hiss etməyən macarlar isə bundan ürəklənib, meydanın bizə aid hissəsində məskən salmışdılar.
Bütün bunları dilə gətirməli olan adam da Yurçeviç idi. Amma xorvatiyalı çalışdırıcı min bəhanə dərəsindən su gətirir. Deyir ki, Azərbaycan qrupda ən aşağı reytinqə malik komandadı. Onun sözlərindən belə çıxır ki, biz məğlubiyyətlərlə barışmalı, boyumuzdan yuxarı tullanmaq haqda düşünməməliyik. Belədisə, onda Yurçeviç bizim nəyimizə lazımdı? Nə üçün xorvatiyalıya ildə bir milyon avro ödəyirik? Hər şey reytinq cədvəli ilə həll olunsaydı, heç Türkiyə millisi Fransanın qapısına yaxın düşə bilməzdi. Yəqin ki, Yurçeviç də bu komandaların reytinq cədvəlindəki yerindən xəbərdardı. Xəbəri yoxdusa, mən deyim, o da bilsin. FİFA-nın apreldə açıqladığı reytinq cədvəlində Fransa 2-ci sırada yer alıb. Canımız qədər sevdiyimiz Türkiyə isə həmin cədvəlin 39-cu pilləsində qərarlaşıb. Şenol Günəşin çalışdırdığı Türkiyə özündən 37 pillə öndə olan sonuncu dünya çempionlarını heç qapıya yaxınlaşmağa qoymadı. Odu ki, Yurçeviç də özündən böyük bəhanələriylə bizi aldatmağa çalışmasın. Mövzunu isə Slovakiya ilə qarşılaşmadan sonra davam etdirəcəyik.

PAYLAŞ:
OXŞAR XƏBƏRLƏR
Avropanın ən dəyərli futbolçularının adları bəlli oldu
- 16 yan 2021 12:00
Muriqi və bizimkilər
- 18 mar 2020 01:20
Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib
- 10 dek 2019 01:26
Yurçeviç AFFA-nın tərəfdaşlarını saymır?
- 16 okt 2019 08:55
Emilin, Bəhlulun, Təmkinin haqqı...
- 13 sen 2019 09:55
Yurçeviç hesabat verib?
- 18 iy 2019 02:22
Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi
- 14 in 2019 10:17
Yurçeviçin planı dəyişdi
- 14 apr 2019 10:24
Koçuk Fransa və Türkiyə ilə oyunlara dəvət aldı
- 14 mar 2019 10:55
Yurçeviç özündən əvvəlkilərin yolu ilə gedəcək?
- 03 mar 2019 07:29
Yurçeviç həyat yoldaşı ilə birgə qayıtdı
- 26 fev 2019 10:22
Nikola Yurçeviç Xorvatiyaya qayıdıb
- 20 fev 2019 05:41
Xoş gəlmisiz, cənab Yurçeviç!
- 13 fev 2019 01:31
“Frans Futbol”un seçiminə fərqli yanaşma
- 09 dek 2018 01:10
Türkiyə millisinin meneceri iddialıdı
- 27 avq 2017 06:11