Pekarik: “Standart vəziyyətlər əsas silahımız ola bilər”
Slovakiya yığmasının üzvləri millimizlə qarşılaşma haqda fikirlərini dilə gətiriblər. Maraqlıdı ki, onların əksəriyyəti isti havadan narahatlığını bildirib.
Martin Dubravka: "Oyuna qədər hələ iki məşqimiz olacaq. Düzdü, hava çox istidi. Amma meydan sahibləri də eyni şərtlər altında çıxış edəcək. 100 faizlik gücümüzü ortaya qoyacağımıza əminəm. Slovakiyaya qayıtdığımız zaman üzümüzdə təbəssüm olacağına inanıram. Standart vəziyyətlər qələbə qazanmağın yollarından biridi. Baş məşqçi keçmişdə təlim keçdiyimiz bəzi elementlərdə dəyişikliklər etdi. Mən istənilən halda uğura inanıram".
Milan Şkrinyar: "Bu qrupda zəif rəqib yoxdu. Başa düşürük ki, turnir cədvəlində daha yaxşı yerə yüksəlmək üçün yenə qələbə qazanmalıyıq. Əvvəlcədən Bakıya gəlməyimiz müsbət haldı. Bura çox istidi, amma uyğunlaşmaqdan başqa yolumuz yoxdu. Bacaracağımıza inanıram. İtaliyada bəzən qışda hava isti olur, Slovakiyada olduğu kimi. Bu üzdən Bakıda havanın temperaturunun önəmi yoxdu. Qələbə qazanmaq məcburiyyətindəyik. Qrupda qeydə alınan digər nəticələr bizim üçün yaxşı oldu. İndi dolaşıq vəziyyət yaranıb. Heç kim başqalarından uzaqlaşmayıb. Demirəm ki, hər şey ürəyimizcədi. Amma bu durum da nisbətən yaxşıdı. Azərbaycanı məğlub etdikdən sonra istədiyimiz yerdə olacağıq".
Peter Pekarik: "Azərbaycana iki gün əvvəldən gəlməyimiz yaxşı oldu. Ən azı burda bizi gözləyən vəziyyətlə tanış olduq, hava şəraitinə uyğunlaşmaq imkanı yarandı. Turnir cədvəlinin yüksək yerlərində qərarlaşmaq istəyiriksə, hər matçdan xalla ayrılmalıyıq. Xüsusən də Bakıdan qələbə ilə dönmək çox vacibdi. Baş məşqçi Pavel Hapalın sözlərini təkrarlamaq istəyirəm: Azərbaycanda xal itirən komandanın hədəfə çatması çətinləşəcək. Hesab edirəm ki, uzunmüddətli təlim-məşq toplanışının xeyrini görəcəyik. Uels yığması martda bunun sayəsində bizə qalib gəlmişdi. Həmin vaxt Trinidad və Tobaqonu fərqli, bizi isə fərqli "11-lik"lə məğlub etdilər. Məşqçilər korpusu bütün bunları düşünüb. İordaniya ilə yoldaşlıq görüşündə də yenilərə şans verildi. Əminəm ki, qalan oyunçular Azərbaycanla qarşılaşmaya 100 faiz hazırdı. Bakıda hava çox istidi. Düzdü, hər iki komanda eyni şərtlər altında çıxış edəcək. Ancaq onlar istiyə öyrəşiblər. Bəhanə gətirmək fikrimiz yoxdu. Bu, seçmə mərhələ oyunudu və uğur qazanmaq istəyirik. Təbii ki, bizim üçün adi, asan oyun olmayacaq. Azərbaycanla oyunda standart vəziyyətlər əsas silahımız ola bilər. Çox rəqiblə qarşılaşmışıq və hava toplarından qollar vurmuşuq. Azərbaycanın Macarıstanla oyununu da izlədik. Macarlar matçın əvvəllərində hesabı açdı və fasilədən dərhal sonra fərqi 2 topa çatdırdılar. Bu, bizim üçün də ideal ssenari olardı. Qrupda mübarizə gözlədiyimiz kimi gedir. Çox balanslı qrupdayıq, nəticələr sıxdı. Oyunlarda 1-2 qol olur. Komandaların gücü bir-birinə çox yaxındı. İlk iki yeri tutmaq istəyən Azərbaycanda mütləq qalib gəlməlidi. Başqa yol yoxdu. Hamımız bunu dərk edir və mübarizəmizi buna uyğun aparırıq".
Şolt Ferqiveres (Slovakiya yığmasının həkimi): "Bakıda təkcə isti yox, həm də yüksək rütubət var. Ancaq bununla bağlı təcrübəyə malikik, bizi nəyin gözlədiyini bilirik. Tibbi baxımdan ən böyük problem su çatışmazlığıdı. Buna da Slovakiyada hazırlaşmışdıq. Ötən şənbə günündən futbolçulara öyrəşdikləri maye qəbulundan daha çoxunu verməyə başladıq. Oyunçularımız nə qədər peşəkar olsalar da, Azərbaycanda təəccüblənmək istəmirik. Futbolçular üçün fərqli qidalar, əlavə vitaminlər və içkilərimiz var. Onların mümkün qədər çox maye qəbul etmələrinə çalışırıq. Baş məşqçimiz də hər gün qidalara nəzarət edir. Klassik Avropa yeməkləri olacaq. Bu baxımdan bir problem yoxdu".
FARİZ hazırladı