“Lazım gəlsə, top uğrunda mübarizədə yerdə də başla oynamalısan”
Slovakiya ilə sonuncu dəfə 2001-ci il iyunun 6-da üz-üzə gəlmişik. DÇ-2002-nin seçmə mərhələsində bu rəqibi Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etdik. Əksəriyyət bu oyunda yığmanın qələbə qazanacağını gözləməsə də, komandamız əsl qəhrəmanlıq göstərdi. Halbuki 7-ci turda keçirilən həmin qarşılaşmaya qədər yığmanın cəmi 1 xalı var idi. Ancaq əzmkarlıq nümayiş etdirən milli 2 cavabsız qolla Slovakiyanı Bakıdan əliboş yola saldı. Matçın 26-cı dəqiqəsində Vadim Vasilyevin qolu qələbənin əsasını qoydu. 55-ci dəqiqədə isə Zaur Tağızadə fərqlənməklə yığmanın üstünlüyünü möhkəmləndirdi. Qalan dəqiqələrdə qapısını toxunulmaz saxlamağı bacaran milli sözügedən tsikldə ilk qələbəsini bayram etdi. Sensasiya sayılan nəticə İqor Ponomaryovun rəhbərliyi altında qeydə alındı.
Bakıdakı görüşdə hesabı açan Vasilyev daha öncə də Slovakiyanın qapısına yol tapmışdı. Belə ki, o, martın 28-də Trnavada baş tutan matçda penaltidən fərqlənmişdi. Odu ki, Slovakiya ilə oyunöncəsi Vadim bəyin düşüncələrini öyrənməyi lazım bildik: “Həmin qələbənin qəhrəmanı bütün komanda idi. Belə deyim, oyun oynadıq. Slovakiyaya qalib gəldiyimiz qarşılaşmadan 18 il keçib. Millidə neçə-neçə nəsillər dəyişib... Yadınızdadısa, o vaxt Slovakiyanın heyətində necə oyunçular var idi, hansı klublarda top qovurdular?! Ancaq hər şeyə rəğmən, oynadıq. Azərbaycanın adı üçün əlimizdən gələni etdik. Bu dəfə də qalib gələ bilərikmi? Niyə də yox?! İstəsələr, hər şey edə bilərik. Əsas məsələ istəkdi. O olmayandan sonra qalib gəlmək çətindi. Düzdü, uşaqlar can qoyurlar. Ancaq bilirsiz, bu necə olmalıdı? Lazım gəlsə, top uğrunda mübarizədə yerdə də başınla oynamalısan. Macarıstanla oyunu izlədim. Slovakiya ilə matça stadiondan baxıb-baxmamağa hələ qərar verməmişəm. Biz həmişə yığmadan qələbə gözləyirik. Qorxmaq lazım deyil. Biz heç Portuqaliyadan qorxmurduq. İndi Slovakiya gəlib deyə çəkinməliyik? Oyun başlamayıbsa, şanslar 50-nin 50-yədi. Oyunun axarı nə göstərəcək – bu artıq zamanın işidi. Macarıstana məğlubiyyəti unutmaq lazımdı. Macarlar bizim üçün həmişə, necə deyərlər, tərs gələn komandadı. Odu ki, indi Slovakiya ilə oyuna köklənmək vaxtıdı”.
FARİZ