Komanda hazırlığa start verdi
Bir neçə gün öncə Ruslan Abışovun "Neftçi”dən gedəcəyini xəbər vermişdik. Paytaxt klubu dünən müdafiəçi ilə yolları ayırdığını rəsmən açıqladı. Abışovun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, Ruslan 2006-12, 2016-19-cu illərdə "Neftçi”nin heyətində 154 oyun keçirib, 13 qol vurub. Ruslanın gedişinə komanda yoldaşı və dostu Emin Mahmudov da biganə qalmayıb. O sosial şəbəkə hesabında belə bir paylaşım edib: “Sağ ol, kapitan! “Neftçi”yə gəldiyim ilk gündən hər şeydə mənə kömək etdiyinə görə sənə minnətdaram. Təəssüf ki, yaxın dostlarımdan daha biri komandadan gedir. Sənsiz darıxdırıcı olacaq. Əfsus ki, zədən bizə mövsümü birlikdə keçirməyə imkan vermədi. Amma əminəm ki, gələcəkdə səndə hər şey alınacaq. Çünki Azərbaycan futbolunda sənin kimi peşəkar oyunçu yoxdu! Uğurlar, kapitan, dostum, qardaşım!”
Bu arada "Neftçi” növbəti transferini reallaşdırıb. Rauf Əliyev klubla birillik müqavilə bağlayıb. 30 yaşlı hücumçu "ağ-qaralar"da “19” nömrəli formanı geyəcək. Bunadək “Qarabağ” (2006-13), “Bakı” (2013-14), “Xəzər Lənkəran” (2014), “İnter” (2015-17), “Kukesi” (Albaniya, 2017-18), “Qəbələ” (2018-19) kimi klublarda çıxış edən Əliyev 2015-ci ildə “Neftçi”nin heyətində 11 oyunda meydana çıxıb. 2009 və 2019-cu illərdə Azərbaycan kubokunun qalibi olub. Millinin heyətində 45 oyun keçirib, 7 qol vurub. Xatırladaq ki, “Neftçi” bundan öncə serbiyalı müdafiəçi Voislav Stankoviçlə 2 illik müqavilə bağlamışdı.
Yeri gəlmişkən, “Neftçi” dünən təlim-məşq toplanışına start verib. Komanda səhər saatlarında tibbi müayinədən keçib. Daha sonra isə axşam məşqi reallaşıb. İyunun 14-nə qədər gündə iki hazırlıq nəzərdə tutulub. Ayın 15-də “ağ-qaralar” Türkiyəyə uçacaq və məşqləri qardaş ölkədə davam etdirəcək. Baş məşqçi Roberto Bordin də Bakıdadı.
FARİZ