"Özünə uyğun taktika ilə oyunu idarə etdi"
Millinin Macarıstanla oyununun baş hakimi Kevin Blomun idarəçiliyini birmənalı qiymətləndirmək olmur. Düzdü, hollandiyalı referi nəticəyə təsir edən hansısa səhvlə diqqəti çəkmədi. Bununla belə, onun işi az olmadı. Əvvəla, qarşılaşma kobudluqlarla yadda qaldı. Kevin Blom bəzən bəsit qayda pozuntularına görə fitini səsləndirir, bəzən isə əksinə, sərt müdaxilələrə göz yumurdu.
Konkret epizodlara gəlincə, macarların 2-ci qolunda əllə oyuna yönələn etiraz olsa da, hakim mərkəzi göstərdi. O, 66-cı dəqiqədə daha bir əllə oyuna göz yumdu. Halbuki Şeydayevin cinah həmləsi zamanı top həqiqətən rəqib müdafiəçinin əlinə dəymişdi. Hakim bu epizodda səhvə yol verdi. Düzdü, qayda pozuntusu cərimə meydançasının çölündə baş vermişdi. Hollandiyalı referinin qarşılaşmanın sonlarında rəqib baş məşqçini texniki zonadan qovması isə alqışlanmalıdı.
Kevin Blomun idarəçiliyini Hakimlər Komitəsinin üzvü Ceyhun Haşımov belə qiymətləndirdi: "Holland referi qarşılaşmanın ilk saniyələrindən xırda follara reaksiya verərək, oyunun onun nəzarəti altında olduğunu göstərdi. Oyun hakimlər briqadası üçün elə də çətin keçmədi. Düzdü, bir neçə epizod oldu ki diqqətdən kənarda qaldı. 33-cü dəqiqədə yığmamızın hücumu zamanı oyundankənar vəziyyət qeydə alındı ki, hakimlərin səhvə yol verdiyini qeyd etməliyəm. 38-ci dəqiqədə Mahir Əmrəliyə qarşı qayda pozuntusu olsa da, hakim saxlamadı. 47-ci dəqiqədə Macarıstanın oyunçusu Dominik Nad əli ilə Maksim Medvedevin üzünə zərbə endirsə də, hakim sarı vərəqə göstərmədi. Halbuki vərəqəlik epizod idi. 65-ci dəqiqədə millimizin hücumu zamanı əllə oyun olsa da, hollandiyalı buna göz yumdu. Əlbəttə, bunlar epizodik səhvlər idi. Ümumilikdə hakim oyunun nəticəsinə təsir edən səhvə yol vermədi. Müəyyən epizodlarda şifahi xəbərdarlıqlarla kifayətləndi ki, bu da qarşılaşmanın nəticəsinə təsir göstərmirdi. Şəxsi keyfiyyətlərə gəlincə, Blom fiziki durumunu inkişaf etdirməlidi. Ümumi götürəndə referi nüfuzunu meydanda hiss, futbolçuları hörmətlə yanaşmağa vadar etdirə bilirdi. Qərarlarında qəti olması xoşuma gəldi. Özünə uyğun taktika ilə oyunu idarə etdi".
MİRAĞA