Əksəriyyət Macarıstanla oyunda yığmadan müsbət nəticə gözləyirdi. Düzdü, komandaların güclərini nəzərə alanda, macarlar favorit idi. Ən azı onların Avropaya səpələnmiş futbolçularının səviyyəsi, top qovduqları klublar belə deməyə əsas verir. Özü də rəqib son oyunda Xorvatiyanı məğlub etmişdi. Bu üzdən Bakıya qələbə arxasınca gəlmişdilər. Ancaq futbol elə oyundu ki, həmişə favorit qalib gəlmir. Belə olsaydı, onda bu idman növünə maraq qalmazdı. Rəqibdən təcrübə və ya ustalıq səviyyəsi baxımından geri qalırsansa, istək, əzmkarlıq hesabına həmin fərqi qapamalısan. Əlindən gələnin artığını ortaya qoymalısan, həyəcanını boğmalısan, bir sözlə, qələbə üçün hər şey etməlisən. Lakin yığma növbəti dəfə azarkeşlərini üzdü. Təbii, əsas məsuliyyət baş məşqçi və futbolçularındı.
Komanda hazır deyildi
Təxminən 20 gündü ki, milli bir araya gəlib. Ancaq Nikola Yurçeviç bu müddət ərzində komandasını Macarıstanla oyuna hazırlaya bilməmişdi. Nə texniki, nə fiziki, nə də psixoloji baxımdan. Heç xorvat mütəxəssisin rəqibi lazımınca öyrənməsinin də hansısa simptonlarını görmədik. Evdə oynayan komandanın oyunboyu “çərçivə”yə cəmi 2 zərbəsi varsa, artıq şərhə ehtiyac yoxdu. Düşünülmüş hücum qurmaqda, təkbətək mübarizələrdən qalib ayrılmaqda, müdafiədən çıxmaqda, uzun ötürmələrlə təhlükə yaratmaqda çətinlik çəkən komandanın məğlub olmasından təbii heç nə yoxdu. “Standartlar”dan danışmağa isə ehtiyac yoxdu. Bu problem bizim yığmaların yaralı yeridi. Bir sözlə, yığma üzvləri həyəcanlı idilər və oyuna hazır deyildilər.
Yanlış heyət seçimi
Öncə heyətin həddən artıq hücumameyilli qurulmasından başlayaq. Doğrudu, evdə oynayırdıq və qələbə qazanmaq istəyirdik. Ancaq bu o demək deyil ki, bütün diqqəti irəli cəmləməlisən. Fakt budu ki, biz “birinci skripka” kimi oynamağa hazır deyilik. Bundan başqa, Renat Dadaşovun start heyətində nə işi var? Sanki bu kimlərəsə ismarıc idi. Ondansa, Ramil Şeydayevi irəli atıb, Dmitri Nazarovu sola çəkmək olardı. Mərkəzdə isə Emin Mahmudov qərarlaşardı. “Neftçi”nin aparıcı üzvünün ehtiyatda qalmasına izah tapmaq çətindi. Elə Mahmudov Nazarovdan da faydalı olardı. Müdafiədə isə Rahil Məmmədovun yer alması, Pavel Paşayevin ehtiyatda qalması kimi anlaşılmaz məqamlar yetərincədi. Göründüyü kimi, xorvat mütəxəssisin ilk “11-liy”inə də yüksək qiymət vermək olmur.
Əvəzetmələrin ləngiməsi
Yurçeviçin əvəzetmələrinə toxunmasaq, olmaz. İlk yarının ən zəifləri kimlər idi? Nazarovla Dadaşov. Hesabda geridəsən və adı çəkilən oyunçular komandanın ən zəifləridi. Renatı nəinki fasilədən sonra, elə yarımsaatın tamamında əvəzləmək lazım idi. Dadaşov, demək olar, heç nə ilə yadda qalmadı. Təbii, bir epizodda topdan qorxmasından başqa. Nazarovun isə qapı önünə asma vermək əvəzinə, topla “quş vurması” hər şeyi deyirdi. Hər iki futbolçunu ikinci yarıda meydanda görməyəcəyimizi düşünsək də, belə olmadı. Halbuki Renatın əvəzinə meydana çıxan Ağabala Ramazanov oyunu xeyli canlandırdı, qolda pay sahibi oldu. Eləcə də Nazarovu 86 dəqiqə oyunda saxlamağın izahını tapmaq çətindi. Yurçeviçin əvəzetmələr zamanı ləng qərar verməsi də yenilgidə rol oynadı. Bəlkə də həmin addımlar bir qədər erkən atılsaydı, məğlubiyyətdən xilas olacaqdıq. Beləcə, sadaladığımız amillər komandanın sonda meydanı xalsız tərk etməsinə səbəb oldu.
FARİZ