Ölkəmizi ilk dəfə Avroliqada təmsil edəcək "Səbail”dən hamı səs-küylü demirik, normal transferlər gözləyir. Avrokubok üçün güclənmək bir yana, həyətdəki boşluqları doldurmaq lazımdı. Yevgeni Koçuk, Kevin Kubemba, Maudo Jarjue, Ruslan Qurbanov kimi əsas heyət üzvləri komandanı tərk edib. Əvəzində Bayıl təmsilçisi sanki "gözə kül üfürmək", yəni gözdən pərdə asmaq üçün transferlər gerçəkləşdirir.
Çempionatın bürünc mükafatçısı Kamal Bayramov və Ürfan Abbasovun ardından növbəti transferini rəsmiləşdirib. Paytaxt klubu müdafiəçi Turan Manafovu heyətinə qatıb. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Həmin Manafov ki, geridə qalan mövsümü “Zaqatala”da keçirib. O, daha öncə “Neftçi”, “Sumqayıt” və “Qarabağ”ın gənclər komandalarında çıxış edib. 20 yaşlı futbolçu ilə ikiillik müqavilə imzalanıb. Necə deyərlər, "hamı gedir quş gətirir, şaqqulu bayquş gətirir".
MIRAĞA