Sizin reklam burada

“Qarabağ” 10 nəfərlə başladı

Title
“Qarabağ” 10 nəfərlə başladı
Geryenin mövqeyinə namizəd axtarılır
Mövsümü çempion kimi başa vuran “Qarabağ” cari avrokubok mövsümündə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. Mayın 11-də istirahətə buraxılan məşqçi və futbolçu heyətinin dincəlmək vaxtı başa çatıb. Odu ki, komanda üzvləri iyunun 7-də “Azərsun Arena”da Qurban Qurbanovun rəhbərliyi altında bir araya gəliblər.
“Köhlən atlar” heç də tam heyətlə məşq edə bilmir. Buna səbəb 8 nəfər – Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov, Qara Qarayev, Riçard Almeyda, Mahir Əmrəli, Araz Abdullayevin əsas, 4 nəfər – İsmayıl İbrahimli, Hacıağa Hacılı, Musa Qurbanlı və Nicat Süleymanovun U-21-in sıralarında olmasıdı. Gənclər millisinin üzvləri yaxın günlərdə komandaya qoşulacaqsa, əsas millidə olanlar Slovakiya ilə matçdan sonra bir neçə gün “nəfəslərini dərəcəklər”.
Bu qədər itkinin fonunda Qurbanovun sərəncamında 9-10 nəfər qalıb ki, onların çoxu legionerlərdi. Növbəti mövsümdə də “Qarabağ”ın şərəfini qoruyacaq oyunçular: Miçel, Dani Kintana, Abdulla Zubir, Vaqner da Silva, Filip Ozobiç və Simeon Slavçev. Hazırda əsas məqsəd fiziki hazırlığın qaydaya salınmasıdı deyə, çalışmalarda futbolçuların sayının azlığı ciddi rol oynamır. Əsas yığmanın üzvləri kollektivə Avstriya toplanışı ərəfəsində qoşulacaqlar.
Ağdamlılar iyunun 18-i səhər saatlarında vətəni tərk edəcək. Bakı – İstanbul - Münhen reysi ilə səfərə çıxacaq “köhlən atlar” ordan məskunlaşacaqları qəsəbəyə qədər olan 1 saatlıq yolu avtobusla qət edəcəklər.
“Qarabağ”la müqaviləsinin müddəti bitən Vild-Donald Geryenin ölkəmizdəki gələcək taleyi hələ də qeyri-müəyyəndi. Çempiona “qiymət oxuyan” Haiti millisinin üzvünə hələ ki müsbət cavab verilməyib. Ona görə də başqa təklifləri götür-qoy edir. Əvəzində ağdamlılar boş mövqelərə, həmçinin Geryenin boşaltdığı müdafiənin sol cinahına layiqli namizədlər axtarır. Bir neçə əcnəbi ilə danışıqlar aparılsa da, ortada yekun nəticə yoxdu. Xatırlayırsızsa, klubun sahibi Abdulbari Gözəl ispan futbolçu ilə anlaşdıqlarını bildirmişdi. Lakin həmin oyunçu ilə də münasibətlər rəsmiləşdirilməyib.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.