
AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir?
Elxan Məmmədov, cavab gözləyirik!
Komanda.az saytında yer alan bu yazını qəzetimizdə dərc etməklə yanaşı, AFFA rəhbərliyindən, konkret baş katib Elxan Məmmədovdan xahiş yox, tələb edirik ki, Media Komitəsi ətrafındakı qeyri-müəyyənlikdən, daha doğrusu, qurumu səssiz-səmirsiz tarixə qovuşdurandan sonra bəzi saytlarla apardığı separat danışıqlar, onları gizlicə maliyyələşdirmə yönündə atdığı addımlar ilə bağlı ümumilikdə mediaya izahat versin. İzahat verməsə, istənilən mətbuat konfransında, brifinqdə biz bunu ondan soruşacağıq.
Bir neçə il əvvəl AFFA yanında Media Komitəsi (MK) yaradıldı ki, yeni yaranan qurum idman mediasındakı bəzi problemlərin həllinə kömək etmək məqsədi daşıyırdı. Amma komitənin ömrü uzun olmadı. Daha doğrusu, komitə fəaliyyətini səssiz-səmirsiz dayandırdı. Daha sonra AFFA İcraiyyə Komitəsinin iclasında MK ilə bağlı məsələyə baxılacağı bildirilsə də, burdan da konkret bir qərar çıxmadı.
Son günlərdə isə AFFA-nın bəzi idman saytları ilə gizli şəkildə əməkdaşlıq etdiyi barədə söz-söhbət yaranıb. Təbii ki, ölkənin əsas futbol qurumunun hansısa saytlarla gizli şəkildə əməkdaşlıq etməsi, onları maliyyələşdirməsi yolverilməzdi və idman mətbuatında rəqabəti pozur. AFFA tərəfsiz olmalıdı, bütün media qurumlarına eyni gözlə baxmalıdı, onlardan bəzilərini əl altından maliyyələşdirib, bəzilərini əlinin tərsi ilə itələməməlidi.
Bu məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla ilə danışdıq. Firuz bəy bəzi saytlarla əməkdaşlıq etdiklərini, bu əməkdaşlığın həmin saytların milli komandaların xaricdə keçirilən oyunlarına səfərlərini təşkil etməkdən ibarət olduğunu bildirdi: “Bir neçə saytla əməkdaşlığımız var. Bu əməkdaşlıq da həmin saytların jurnalistlərini milli komandaların səfər oyunlarına aparmaqdan ibarətdi. Bu əvvəldən də belə olub. Həmin saytların hansılar olduğu isə milli komandaların oyunları vaxtı göz önündə olur, bilinir”.
Qurum rəsmisi bir neçə sayta pul ayrılması haqda iddianı təkzib etsə də, bizdə olan məlumata görə, doğrudan da belə bir şey var. Və AFFA xüsusən də vaxtilə Media Komitəsinin fəaliyyətindən narazı olan saytlarla gizli şəkildə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində həmin saytlara pul verilir, amma bu pul hansı ad altında verilir, məlum deyil.
Firuz Abdulladan Media Komitəsi haqda da soruşduq. Firuz bəy komitənin fəaliyyətini dayandırmasında əsas günahın elə mətbuatda olduğunu dedi: “İcraiyyə Komitəsinin iclaslarında bu məsələyə baxılacağı deyilmişdi. Amma konkret bir qərar verilmədi. İstisna etmirəm ki, Media Komitəsi yenidən fəaliyyət göstərə bilər. Ama bu, mənim səlahiyyətim çərçivəsində olan məsələ deyil. Media Komitəsinin fəaliyyətini dayandırmasına səbəb komitə üzvləri arasındakı narazılıqlar oldu. Siz də bilirsiz ki, saytlar arasında tez-tez səfərə getmək məsələlərində narazılıqlar olurdu. Bəzi saytlar “mənim daha çox oxucum var, amma tək adamlıq saytlar səfərə gedir” kimi narazılıqlar edirdilər. Bütün bunlar da komitənin işi, fəaliyyəti üçün yaxşı hal deyildi”.
Firuz bəy Media Komitəsindəki narazılıqlarla bağlı məsələdə haqsız deyil. Bəli, doğrudan da, bu cür narazılıqlar olurdu və komitənin fəaliyyətində nəzərə çarpırdı. Amma indi məlum olur ki, həmin “üsyançılar”ın dərdi nə imiş. İşin pis və eybəcər tərəfi də odu ki, AFFA onların dərdinə “dərman” olur – istədikləri kimi, milli komandaların səfər oyunlarında ancaq onlar təmsil olunular, bu azmış kimi, gizli şəkildə maliyyə əməkdaşlığı da edirlər. Bütün bunlar isə başqalarının haqqının pozulmasıdı, idman mətbuatındakı rəqabətdə bir neçə saytın güclənməsinə xidmət etməkdi. Bunu edən AFFA olmamalıdı. Axı AFFA bütün ölkənin futboluna nəzarət edən, hər kəsə eyni qaydada, eyni standartlarda diqqət göstərməli olan qurumdu.