Sizin reklam burada

Agenti Fərid Nəbiyevi Xorvatiya və ya Sloveniyaya aparmaq istəyir

Baxış Sayı:464

Agenti Fərid Nəbiyevi Xorvatiya və ya Sloveniyaya aparmaq istəyir
Vaqif Heydərli: “Slaviya” onu buraxmaq niyyətində deyil”
Təəssüf ki, Avropada legioner həyatı yaşayan həmyerlilərimizin sayı barmaqla sayıla biləcək qədər azdı. Aralarında ən çox ümid bəslədiyimiz isə Fərid Nəbiyevdi. İlk növbədə yaşına görə. 20 yaşı olmasına baxmayaraq, artıq 2 ildi Çexiyada top qovan vinger “Slaviya” kimi adlı-sanlı klubda təcrübəsini artırır. Daha bir xoş mənzərə isə orda göstərdiyi oyun və vurduğu qollardı. Nəbiyev əsas komandaya yüksələ bilməsə də, əvəzedicilərin çempionatında “at oynadır”. Başa çatan mövsümdə 19 qolla yarışın ən sərrast futbolçusu adını qazanması boşuna deyil. Zədə səbəbindən son 3 oyunu boşa verməsəydi, qol sayı daha çox ola bilərdi. Bu gedişlə karyerasını əvəzedicilərdə davam etdirəcəyi inandırıcı görünmür.
Futbolçunun agenti Vaqif Heydərli bir müddət öncə qəzetimizə açıqlamasında Fəridlə bağlı danışanda mayda Çexiyaya yollanacağını, həmçinin “Slaviya” rəhbərliyi ilə görüşəcəyini demişdi. Məqsəd isə müştərisinin gələcək taleyinə aydınlıq gətirmək, digər təklifləri dəyərləndirmək olmalıydı. Deyilən vaxt geridə qaldığından Heydərli ilə yenidən əlaqə saxladıq: “Bildiyiniz kimi, Fərid zədəyə görə çempionatın son 3 qarşılaşmasında iştirak edə bilməmişdi. Hazırda Bakıdadı və zədəsinin müalicəsi ilə məşğuldu. Əzələ dartılması var. Həkimlərin diaqnozuna görə müalicə dövrü 3-4 həftə çəkir. Bu isə o deməkdi ki, uzağı bu ayın sonuna qədər zədəsini tam sağaldıb gələn ay komandasının hazırlığına qatıla biləcək”.
Maraqlıdı, hansı komandanın hazırlığına? Vaqif bəylə ötəndəfəki söhbətdə Fəridin yayda “Slaviya”nın əsas komandasının təlim-məşq toplanışında iştirak edəcəyi ilə bağlı məlumat alsaq da, təcrübəli agent Nəbiyevə başqa ölkələrdən təkliflərin olduğunu da gizlətməmişdi. Odu ki, bu məsələyə də aydınlıq gətirməyə çalışdıq: “Öncəki söhbətdə dediklərim qüvvədə qalır. Hazırda heç bir qərar qəbul olunmayıb. Bəli, mayda Çexiyaya getmişdim, klub rəhbərliyi ilə söhbətimiz oldu. Fəridin əsas komanda ilə toplanışda iştirak etməsində heç bir problem yoxdu. Yəni əsas komandaya cəlb oluna bilər. Amma burda əsas məsələ oynayıb-oynamayacağıdı. “Slaviya” çempion oldu, kubok qazandı. Hər zamankı kimi hədəfləri yüksəkdi. Əlbəttə, Fərid orda da oynaya bilər, sadəcə, zaman lazımdı. Reallığı da unutmamalıyıq. Bu gün yüksək hədəflər uğrunda mübarizə aparan “Slaviya” hətta çexiyalı gənclərə bel bağlamır. Miroslav Stox kimi futbolçu əsas heyətə düşə bilmir. Rumıniyadan istedadlı futbolçu alıblar, o da “11-lik”dən kənarda qalır. Bu cür nüansları göz önünə gətirəndə Nəbiyevin əsas heyətə düşməsi çətin görünür. Ona görə də digər təklifləri gözdən keçirmək lazımdı. Hazırda Xorvatiya ilə Sloveniyanın yüksək dəstəsindən iki variant var. Çexiyanın elitasından və birinci divizionundan da təkliflər var. Baxıram, götür-qoy edirəm. Bu dəqiqə ən vacibi Fəridin daim forma geyəcəyi komandaya üz tutmasıdı. Ona görə də diqqətli olmalı, seçim zamanı səhvə yol verməməliyik. İnşallah, bu variantlardan biri alınar. Alınsa, yay hazırlığını da həmin komandada keçəcək”.
Vaqif bəy müqavilə məsələsinə də aydınlıq gətirdi: “Fəridin “Slaviya” ilə anlaşmasının müddəti 2020-nin yayına qədərdi. Başqa komandaya keçsə, icarə əsasında oynayacaq. Belədə “Slaviya” ilə müqaviləsinin müddəti artırılacaq. 20 yaşı var və əvəzedicilərin çempionatında 19 qol vurubsa, bu, futbolçunun potensialından xəbər verir. Heç şübhəsiz, məşqçilər və klub rəhbərliyi də bunun fərqindədi. “Slaviya” Nəbiyevi buraxmaq niyyətində deyil. Ona görə də icarəyə verilə bilər”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR