Sizin reklam burada

Agentlər AFFA-nın qərarını dəstəklədilər

Baxış Sayı:550

Agentlər AFFA-nın qərarını dəstəklədilər
Səbuhi Səfiyarlı: “Gənclərimizin Avropaya yolunu açmaq üçün atılan addımdı”
AFFA-nın İcraiyyə Kimitəsinin son toplantısında qəbul olunan qərarlardan biri də yaşı 21-ə qədər olan futbolçularla bağlı oldu: “Xarici klublarda çıxış edən (baxışa yollanan və müqavilə imzalamaq ehtimalı yüksək olan), milli komandalara dəvət olunan və ya potensial namizəd olan yaşı 21-ə qədər azərbaycanlı futbolçulara dəstək göstərilməsi məqsədilə onların səfər xərci AFFA tərəfindən ödənilsin”. Bəziləri bu qərarı müsbət, bəziləri isə mənfi qarşıladı. Qərarı müsbət qarşılayanların fikrincə, ölkə xaricinə yollanmaq istəyən, ancaq maddi cəhətdən çətinlik çəkən gənclər indi problemsiz baxışa yollana biləcəklər. Narazı qalanlar isə assosiasiyanın bu qərarını klubların daxili işinə qarışmaq kimi dəyədləndirdi. Kimin haqlı, kimin haqsız olduğunu, yeni qərarın gənclərin inkişafına nə dərəcədə təsir göstərəcəyini bilmək üçün “transfer bazarı”nın sahibləri, daha dəqiq desək, agentlərlə danışmağı lazım bildik.
Öncə Erkin İbrahimovu aradıq: “Məncə, qərar qəbul olunsa da, onun mahiyyəti ictimaiyyət üçün açıqlanmadı. Bu mexanizm hələ tam işlənməyib. Bu üzdən fikir bildirmək, pis və ya yaxşı olduğunu demək çətindi. Ancaq ümumilikdə müsbət addımdı. Çünki Avropada Azərbaycan pasportu daşıyan oyunçulara o qədər də diqqət ayırmırlar. Eyni yaşda gürcü də olsun, azərbaycanlı da. Gürcü bizim futbolçudan zəif olsa da, avropalılar daha çox ona üstünlük verirlər. AFFA bu addımı atmaqla bəlkə də əcnəbi klublara bir stumul verir, müəyyən məsrəfləri qarşılayır ki, gənclərimizin “köhnə qitə”yə yolu açılsın. Bu işin içində olduğumdan, bir neçə gənci ölkədən kənara çıxartdığımdan nələrin yaşandığını çox gözəl bilirəm. Məsələn, qışda iki gənc oyunçunu Latviyaya apardım. Onların yol xərci, orda qalmaları klub tərəfindən qarşılanır. Bu da bəzən müəyyən problemlərə yol açır, klubun düşərgəsində narazılıqlar yaradır. AFFA həmin xərclərin müəyyən hissəsini ödəməklə əcnəbilərdə bizim oyunçulara maraq yaratmağa çalışır. Bu gün hamı Lixtenşteynə uduzduğuna görə U-21-in üzvlərini asıb-kəsir. Qardaş, qoy bunu hamı bilsin: bu uşaqlar qrupda heç kimi uda bilməyəcəklər. Birinci divizionda “Ağsu”ya, “Mil-Muğan”a qarşı oynayan gənc Avropada heç nə edə bilməyəcək. Çünki səviyyə fərqi istər-istəməz özünü göstərəcək. Lixtenşteyndə, Lüksemburqda, Maltada futbol hər gün inkişafdadı. Yalandan ona-buna “cırtdan” deməklə deyil ki... Biz yerimizdə saymırıq, hər gün geriyə gedirik. Ancaq nədənsə, bunu qəbul etmək istəmirik. İnkişaf istəyiriksə, yeniyetmə və gənclərimiz mütləq ölkədən kənara çıxmalıdı. AFFA qəbul etdiyi qərarın üstündə işləsə, normal konsepsiya hazırlasa, bundan ancaq xeyir götürə bilərik”.
Vaqif Heydərli: “Bu gün ölkə futbolunun inkişafı üçün kimin nəyə gücü və imkanı çatırsa, onu da etməyə çalışır. AFFA rəhbərliyi də bu addımı atmaqla gənclərimizin ölkə xaricinə yolunu açmağa çalışır. Onsuz da bu günə kimi assosiasiya de yure olmasa da, de-fakto xaricə yollanmaq istəyən futbolçulara kömək edib, onların yanında olub. Şəxsən mənə bəzi məsələlərdə yardımçı olublar. Baş katib Elxan Məmmədov həmişə deyir ki, bizim oyunçuları xaricə yollayın, əcnəbi klublara yerləşdirin. Bu yöndə hansısa çətinliklə üzləşsəz, sizə kömək etməyə hazırıq. Son qərarla artıq bu işi rəsmiləşdirdilər. Onsuz da bizdə 21 yaşa qədər futbolçular arasında xüsusi seçilənlərin, gələcək üçün perspektiv vəd edənlərin sayı elə də çox deyil. AFFA yeni qərarla onlara xaricə yol açmış olacaq. Adətən, əcnəbi klubların maraq dairəsinə düşən futbolçularımız baxışa yollananda səfər və digər xərcləri qarşı tərəf qarşılayır. Ancaq indi özümüz bəzi gəncləri əcnəbi klublara göstərmək istəyirik. Yəni bizim belə oyunçularımız var, bəyənsəz, müqavilə imzalayın. Həmin futbolçunun baxışa getməsi üçün heç nə xərcləməyən xarici klub bu işə məmnuniyyətlə razı olacaq. Çünki onun büdcəsindən bir qəpik də çıxmır. İzafi xərc olmadan özünə yeni futbolçu tapa bilər. Nə qədər acı olsa da, bunu etiraf etməliyik. Avropada bizə maraq yoxdu. Bu üzdən özümüzü kimlərəsə tanıtmaq üçün əlimizi cibimizə salmalıyıq”.
Səbuhi Səfiyarlı: “Heç kimə sirr deyil ki, dünyanın aparıcı klubları azərbaycanlı gənclərə maraq göstərmir. Bizimkilər əsasən kiçik ölkələrin təmsilçilərinin, büdcəsi az olan klubların maraq dairəsinə düşürlər. Onlar da maraq dairəsinə düşən hər gəncə baxışdan keçmək üçün maliyyə ayırsa, bu sonda böyük vəsait edir. Ona görə də bu işdə əsas yük agentlərin üzərinə düşür. Agent də bir, iki, uzağı üç oyunçunun bütün xərclərini qarşılamaq iqtidarındadı. Say çox olanda məsrəf də şişir. Belə halları nəzərə aldıqda AFFA-nın qərarını alqışlamaq lazımdı. Özüm də uzun illər klubda çalışmışam. Baxışa gəlib-getməyin nə olduğunu çox yaxşı bilirəm. Gənclərimizin Avropaya yolunu açmaq üçün atılan addımdı və inanıram ki, xeyri dəyəcək. Lixtenşteynə məğlubiyyətdən sonra hamı gənclərimizi tənqid edir. Bizim uşaqların ən böyük problemi bilirsiz nədi? Onların problemi futbolla bağlı deyil, hər şey mentallıqdan irəli gəlir. Müxtəlif bəhanələr gətirərək Avropada qalmaq, inkişaf etmək istəmirlər. Yaş artqdıqca bu məsələ xüsusilə özünü göstərir. Ona görə də yaxşı olardı ki, onları 16-17 yaşından qitə səhnəsinə çıxaraq, müxtəlif klublara keçidini təmin edək. Fikrimcə, AFFA-nın qəbul etdiyi qərarı müsbət qarşılamaq lazımdı”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR