Yunis Hüseynov: “Obradoviç məşqçi kimi hansı böyük uğura imza atıb ki, gəlib Azərbaycanda çalışır?”
Milan Obradoviçin baş məşqçisi olduğu U-21-in səfərdə Litenşteynə minimal hesabla uduzması futbol ictimaiyyəti arasında böyük narazılıqla qarşılanıb. Media, futbol veteranları, sadə azarkeşlər acı məğlubiyyəti həzm edə bilmirlər. Əslində hamını başa düşmək lazımdı. Futbolumuzun gələcəyi hesab olunan oyunçulardan qurulmuş yığmanın “cırtdan ölkə” təmsilçisi qarşısında “ağ bayraq” qaldırması sözün həqiqi mənasında utancvericidi. Təsəvvür edin ki, Lixtenşteynin U-21-i bu günə kimi seçmə mərhələdə meydana çıxdığı 56 oyunda bir dəfə də olsun, 3 xal qazanmayıb. Təəssüf ki, gənclərimiz onlara bu sevinci yaşatdılar. 1998-ci ildə Vaqif Sadıqovun baş məşqçisi olduğu əsas yığma “cırtdan”a uduzmaqla bu ölkənin futbol tarixinə adını yazdırdığı kimi, gənclərimiz də eyni cığırla addımladılar.
Obradoviçin komandasının fiaskosu ilə bağlı mütəxəssislərin də fikirlərini öyrənməyi lazım bildik. Onlar nə düşünürlər, məğlubiyyətdə kimi günahkar bilirlər? Bu məqsədlə öncə Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla danışdıq: “Oyuna baxmışam. İndi nə desələr də, məğlubiyyətə bəhanə tapmaq çox çətindi. Ən acınacaqlısı isə odu ki, bu gənclər Azərbaycan futbolunun gələcəyi hesab olunurlar. Dünən (srağagün) keçirilən oyunda səviyyəli futbolçunun yoxluğu göründü. Milan Obradoviçlə görüşəcəyik. Məşqçilər Komitəsi onsuz da hər təlim-məşq toplanışından və oyundan sonra məşqçilərlə bir araya gəlir. Bu, bizim işimizdi. Bu dəfə də istisna olmayacaq. Obradoviçlə görüşdə bəzi məsələləri müzakirə edəcəyik. Bizim də ona suallarımız olacaq”.
Komitə üzvü, U-21-in əksər toplanışlarında komanda ilə birgə olan Ağasəlim Mircavadov isə problemin kökünü uşaq futbolunda axtarmaq lazım olduğunu bildirdi: “Nə deyim, hansı fikri söyləyim?! U-21-in məşqlərini izləyirdim, iyunun 1-də əsas yığma ilə keçirdikləri yoxlama görüşünə də stadionda canlı baxdım. Normal təsir bağışlayırdılar, inanırdım ki, Lixtenşteyndən qələbə ilə dönəcəklər. Təəssüf ki, ümidlərimiz puç oldu. Qarşılaşmanı izləyirdim və onu deyə bilərəm ki, 90 dəqiqə boyunca bizimkilər rəqibdən üstün oynadılar. Lakin Azərbaycan futbolunun əbədi “xəstəliy”i – “vuran ayağ”ın olmaması özünü göstərdi. Bax, bundan danışmaq, bu məsələni qabartmaq lazımdı. Heç bir klubumuzda bu yaşda normal forvard görə bilmirik. Heç komandanı arxasınca apara biləcək lider oyunçularımız da yoxdu. Özümüzdə olan əskikləri görümürük, ancaq ona-buna müxtəlif adlar qoyuruq. Deyirlər ki, Lixtenşteyn “cırtdan” ölkədi. Əhalisinin az olması nəyi dəyişir? Lap ölkənin min sakini var, nə olsun? Əhali sayının çox və ya az olmasının futbola heç bir aidiyyatı yoxdu. Məğlubiyyətin səbəbini başqa yerdə axtarmalıyıq. Nəyi düz etmədiyimizi üzə çıxarmalıyıq. Şərait, infrastruktur baxımından əksər Avropa ölkələrindən üstünük. Bir çox ölkələrə səfər etmişəm, onların da hansı şəraitdə çalışdıqlarını görmüşəm. Bizim əsas problemimiz klublarda bəzi məşqçilərin işlərinə düz yanaşmamağındadı. İndi ad çəkmək istəmirəm, ancaq elə uşaq məşqçiləri tanıyıram ki, U-10, U-12 liqasında ancaq nəticə qazanmağı düşünürlər. Bu yaşda uşaqdan nə nəticə tələb edə bilərsən? Əsas təməl texnikaları düz olmalıdı. Bünövrə səhv qoyulanda, sonu da belə olur. Bizdə topa sevgi yoxdu”.
Yunis Hüseynov isə daha kəskin fikirlər səsləndirdi. Hazırda klubsuz olan PRO kateqoriyalı mütəxəssis U-21-in uduzmasını biabırçılıq adlandırdı: “Lixtenşteynə məğlubiyyət biabırçılıqdı. Bunun başqa nə adı var? Necə olur-olsun, Milan Obradoviçin yığması uduzmamalıydı. İlk oyuna hazırlaşmaq üçün yetərincə vaxt var idi, onun rəhbərliyi altında komanda bir neçə dəfə uzun müddətli təlim-məşq toplanışı keçib. Nəyisə bəhanə etmək üçün də əsas yoxdu. Şərait var, komanda formalaşdırmaq üçün yetərincə zaman ayrılıb. Baş məşqçiyə Lixtenşteyndən 3 xal gətirmək üçün başqa nə lazımdı? Əsas yığma ilə iyunun 1-də keçirlən yoxlama görüşündən sonra serb məşqçinin mətbuata açıqlamasını oxudum. Çox inamlı danışmışdı, səfərdən qələbə ilə dönəcəyini bildirmişdi. Nə oldu? Belə çıxır ki, Milan rəqibi dəyərləndirməyib. Ümumiyyətlə, mən ilk gündən onun U-21-ə təyinatının əleyhinə olmuşam. O məşqçi kimi hansı böyük uğura imza atıb ki, gəlib Azərbaycanda çalışır? Mən bilmirəm, bəlkə siz bilirsiz? Məlumatınız varsa, mənə də deyin. Bizdə məşqçi yoxdu? Var, Obradoviçdən çox savadlı, işini bilən mütəxəssislərimiz qalıb burda işsiz, kənardan serbi gətirib işlə təmin edirlər. Futbolçulara gəlincə, artıq neçə ildi həyəcan təbili çalıram. Dəfələrlə istər mediada, istərsə də telekanallarda çıxışlarımda aşağıdan yuxarı yeni nəslin gəlmədiyini bildirmişəm. Arada bir-iki gənc üzə çıxır ki, o da çox keçmədən gözdən itir. Yaradılan şəraitin qarşılığında biz indi Lextenşteyn kimi yığmalara 5-6 qol vurub, ortabablarla bır sırada olmalıydıq. Görün nə günə qalmışıq ki, artıq Lixtenştyen, Farer adaları, Malta kimi ölkələrdən də geri qalırıq. Niyə, hansı səbəbə? Qoy bu suala futbol təsərrüfatına rəhbərlik edənlər cavab versinlər”.
RƏŞAD