Bu mövsüm ölkəmizi avrokuboklarda təmsil edəcək komandalardan ilk olaraq "Səbail" hazırlığa başlayıb. “Dənizçilər” iyunun 6-da "Bayıl Arena"dakı bazasında bir araya gəlib. İlk məşqdə yeni transferlər - qapıçı Kamal Bayramovla müdafiəçi Ürfan Abbasov iştirak edib. Hazırlığa ilk gündən yalnız yerli futbolçular qatılıb ki, onlardan müdafiəçi Şəhriyar Rəhimovla hücumçu Ağabala Ramazanov millidə olduqlarından düşərgədə deyil.
Əslində legionerlərin bir çoxu ilə bağlı vəziyyət müəmmalıdı. Yerlilərdən yalnız Ruslan Qurbanovla yolları ayıran Bayıl təmsilçisi gəlmələrdən Tamazi Tsetsxladze, Tome Kitanovski, Enrike Perilyo və İmanol İriberri ilə vidalaşdığını rəsmən elan edib. Bundan başqa, müqaviləsinin müddəti bitən legionerlərdən müdafiəçi Maudo Jarjue, yarımmüdafiəçilər Emil Martınovla Yevgeni Koçuk və hücumçu Kevin Kubembaya yeni müqavilə təklif edilsə də, onlar şərtlərlə razılaşmayaraq qərar vermək üçün vaxt istəmişdilər. Artın onlardan biri – Kubemba özünə klub tapıb. 26 yaşlı fransalının digər paytaxt təmsilçisi - “Sabah”dan aldığı cəlbedici təklifi qəbul etməyə yaxın olduğu bildirilir. “Sabah”ın təklifinə isti yanaşan futbolçu artıq bütün məsələlərdə ortaq məxrəcə gəlib. Onunla yaxın günlərdə 2 illik müqavilə imzalanacağı gözlənilir. “Səbail” isə hələ ki yerli bazara diqqət ayırır. Kamalla Ürfanı transfer edən “dənizçilər” “köhnə qvardiya”nın daha bir üzvü ilə münasibətləri rəsmiləşdirib. Premyer-liqada çıxış etdiyi iki mövsümdə “Səbail”in heyətində "Neftçi"nin futbolçusu kimi, başqa sözlə, icarə əsasında top qovan Fəhmin Muradbəyli yenə eyni statusla davam edəcək. 22 yaşlı yarımnmüdafiəçi "Neftçi" ilə özü danışıq aparırdı və o, icarənin müddətini daha 1 illik uzatmağa nail olub.
"Səbail" yay fasiləsində daha 6 transfer etməyi planlaşdırır ki, yerli bazardan alış-veriş, çox güman, Mirabdulla Abbasovla yekunlaşacaq. Bundan sonra baş məşqçi Aftandil Hacıyev qapıçı, iki stopper, orta xəttə iki legioner götürməyi düşünür. Yarımmüdafiəçilərdən birinin hücumameyilli, yəni universal olması lazımdı. “Dənizçilər” Bakı toplanışının sonuna qədər heyətlə bağlı problemləri yoluna qoymağa çalışır.
Xəbər verdiyimiz kimi, “Səbail” iyunun 18-dək məşqlərini Bakıda keçirəcək və həmin gün Bolqarıstanın Bansko şəhərinə təlim-məşq toplamnışına yollanacaq. Ulduz futbolçu Maykl Essyen "Səbail"in Bakıdakı hazırlıq prosesinə qatılmayacaq. Qanalı birbaşa Bolqarıstana təlim-məşq toplanışına yollanacaq. Məlum olduğu kimi, Essyen xeyriyyə matçında iştirak edəcək. Oyun iyunun 16-da “Çelsi”nin stadionu "Stemford Bric"də keçiriləcək. UNICEF-ə dəstək xarakterli görüşdə Essyenin yer aldığı dünya yığmasında “Çelsi”də komanda yoldaşları olmuş Didye Droqba və Rikardo Karvalyo da olacaq. Rəqib İngiltərə əfsanələri komandasında isə Frenk Lempard, Co Koul kimi futbolçular yer alacaq. Qeyd edək ki, Maykl mayın 18-də Afrika yığmasının heyətində Nigeriya millisinin sabiq ulduzlarına qarşı keçiriləcək görüşə də dəvət almışdı.
Bu arada "Səbail"in Bolqarıstanda gücünü sınayacağı rəqiblərdən biri bəllidi. Aftandil Hacıyevin komandası yerli "Lokomotiv"lə qarşılaşacaq. "Dənizçilər" Plovdiv təmsilçisi ilə iyunun 21-də qarşılaşacaq.
"Səbail"lə bağlı bir xəbəri də diqqətinizə çatdıraq. Belə ki, klubun məşqçi və inzibati heyəti iyunun 6-dan etibarən İlkin Tibbi Yardım (İTY) kurslarında iştirak edir. Paytaxt təmsilçisinin maliyyə xərclərini qarşıladığı seminar başa çatdıqdan sonra kurs iştirakçıları imtahan verib sertifikata sahib olacaqlar. “Səbail”də qüvvəyə minən qaydalara əsasən, klubda çalışan bütün yaş qrupları üzrə məşqçilər İTY sertifikatına sahib olmalıdılar.
MİRAĞA