UEFA Avropa çempionatının 60-cı ildönümünü qeyd etmək məqsədilə ilk dəfə olaraq bütün qitə üzrə keçiriləcək AÇ-2020 üçün bilet satışı siyasətini və bilet qiymətlərini açıqlayıb. Gələn ilin 12 iyun – 12 iyul tarixləri aralığında keçiriləcək yarışda 24 komandanın oyunları Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburqda təşkil olunacaq. Oyunlara rekord sayda – 3 milyon bilet satılacaq ki, bu da həmişə olduğundan daha çox azarkeşin matçları canlı izləmək imkanına sahib olacağı anlamına gəlir. Yeni “LIVE IT. FOR REAL” sloqanı azarkeşləri stadionda oyunları canlı şəkildə izləməyə həvəsləndirən və ruhlandıran bir şüardı. 2,5 milyona yaxın bilet (AÇ-2016 üçün ümumi bilet sayından daha çox) iştirakçı komandaların azarkeşləri və ictimaiyyət üçün ayrılıb.
‘Fans First’ (Öncə azarkeşlər)
AÇ-2020-nin tamaşaçı biletlərinin 85 faizi iştirakçı komandaların tərəfdarları və ictimaiyyət üçün nəzərdə tutulub;
44 oyun üçün 1 milyon bilet 50 avro və ya daha ucuz qiymətə satılacaq;
Londonda keçiriləcək iki yarımfinal və final oyunlarına biletlərin 40 minini 100 avrodan daha ucuz qiymətə əldə etmək mümkün olacaq;
Satışların ilkin mərhələsində bilet üçün müraciət etmiş, lakin bilet əldə edə bilməmiş azarkeşlər bilet alışı üçün yeni imkanlar olan kimi (digər müraciətçilərin uğursuz ödənişləri və ya bilet qaytarmaları səbəbindən), birinci məlumatlandıracaqlar.
Bilet məhsulları
Biletlər seçim üzrə iki növə bölünəcək:
Fərdi biletlər: Bir stadionda bir matç üçün biletlər;
“Komandamı təqib edirəm" biletləri (2019-cu ilin dekabr ayından başlayaraq): Oyunun keçiriləcəyi yerdən asılı olmayaraq, azarkeşlərə sevimli komandalarının pley-off mərhələsi matçında iştirakına imkan yaradan biletlər. Komanda yarışı pley-off mərhələsindən öncə tərk edərsə, o zaman bilet üçün edilmiş ödəniş azarkeşə tam şəkildə geri qaytarılacaq.
UEFA tərəfindən hər matç üçün əlilliyi olan azarkeşlərə stadionda harda yerləşməsindən asılı olmayaraq, ən aşağı qiymət kateqoriyası ilə satılacaq müəyyən sayda bilet ayrılacaq. Bundan əlavə, əlilliyi olan azarkeşlər, həmçinin onları müşayiət edən şəxs üçün də pulsuz yer üçün müraciət edə bilərlər.
2019-cu il 12 iyun tarixindən 12 iyuladək davam edəcək bilet satışının ilk mərhələsi zamanı ictimaiyyətə 1.5 milyon bilet satılacaq ki, bu da 2016-cı ilin Avropa çempionatı ilə müqayisədə 50 faiz çoxdu. 2019-cu il dekabrın əvvəllərində start götürəcək bilet satışının ikinci mərhələsi zamanı iştirakçı komandaların azarkeşlərinə 1 milyon bilet satılacaq, bu isə 2016-cı illə müqayisədə 20 faiz çoxdu. Bu satışlar 2019-cu il noyabrın 30-da keçiriləcək final mərhələsinin püşkatma mərasimindən sonra başlayacaq. Satışların digər mərhələsi 2020-ci ilin aprelində keçiriləcək, çünki AÇ-2020-də iştirak edəcək son 4 komanda 26-31 mart 2020-ci ildə keçiriləcək Avropa təsnifat mərhələsinin pley-off oyunlarından sonra müəyyənləşəcək. Bütün biletlər yalnız internet vasitəsi ilə və yalnız euro2020.com/tickets veb-səhifəsində satılacaq.
Bütün matç və kateqoriyalarda tələbin təklifi üstələdiyi halda biletlər ədalətli və şəffaf lotereya vasitəsi ilə ayrılacaq. Müraciətin 2019-cu il 12 iyun – 12 iyul tarixləri arasında nə zaman edildiyindən asılı olmayaraq, bütün ərizəçilər uğurlu olmaq üçün bərabər şanslara malikdi.
Biletlərin kateqoriya və qiymətləri
AÇ-2020 üçün biletlər üç qiymət kateqoriyası ilə təklif olunacaq. Ev sahibi şəhərlər yerli sakinlərin alıcılıq qabiliyyətindən və orta gəlir səviyyəsindən asılı olaraq iki qiymət qrupuna bölünüb. A qrupuna Amsterdam, Bilbao, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq şəhərləri, B qrupuna isə Bakı, Buxarest və Budapeşt şəhərləri daxildi. Qiymət qrupları sistemi bütün turnir ərzində tətbiq olunur. Nəticə etibarilə Bakıda keçiriləcək 1/4 final oyunu üçün biletlər Münhen, Roma və Sankt-Peterburqda keçiriləcək 1/4 final matçlarının biletlərinə nisbətən daha ucuzdu.
A qrupu: Amsterdam, Bilbao, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma, Sankt-Peterburq
Qrup mərhələsi və 1/8 final 1/4 finallar və açılış matçı (Münhen, Roma, Sankt-Peterburq)
Kateqoriya 3 50 avro 75 avro
Kateqoriya 2 125 avro 145 avro
Kateqoriya 1 185 avro 225 avro
B qrupu: Bakı, Buxarest və Budapeşt
Qrup mərhələsi və 1/8 final 1/4 final (Bakı)
Kateqoriya 3 30 avro 30 avro
Kateqoriya 2 75 avro 75 avro
Kateqoriya 1 125 avro 125 avro
Yarımfinallar və final: London
Yarımfinallar Final
“Fans First” 85 avro 95 avro
Kateqoriya 3 195 avro 295 avro
Kateqoriya 2 345 avro 595 avro
Kateqoriya 1 595 avro 945 avro
Hər bir ev sahibi ölkədə tətbiq olunan Əlavə Dəyər Vergisi (ƏDV) bilet qiymətinə daxildi və bu, UEFA tərəfindən ödəniləcək.
Rəsmi “Yenidən Satış” platforması
Biletlərin yenidən satışı üçün platforma azarkeşlərə biletlərini euro2020.com/tickets veb-səhifəsi vasitəsi ilə nominal dəyərə yenidən satışa çıxarmalarına imkan verir. Biletlərin yenidən satış platforması 2020-ci ildə fəaliyyət göstərəcək. Bu platforma azarkeşlərin rəsmi UEFA satış kanalı vasitəsilə biletlərini təhlükəsiz şəkildə digər azarkeşlərdən almalarına imkan yaradacaq. Bu, etibarsız və ya saxta biletlər əldə etmək riskini aradan qaldırır və bilet satıcılarının pullarını tam məbləğdə geri almalarına şərait yaradır.
Qonaqpərvərlik paketləri
12 iyun 2019-cu il tarixindən etibarən bütün stadionlar üçün rəsmi qonaqpərvərlik paketləri mövcud olacaq. Bu paketlər daxilində şəxsi kabinetlər, biznes zalları və daha rahat şəraitli klublar kimi bir sıra seçimlər mövcuddu.