Rossi: “Azərbaycan hücum futbolu oynayacaq və bizə təzyiq göstərəcək”
Hapal: “Rəqibimizin müdafiə səddini yarıb qapısına qədər irəliləmək çətindi”
Millinin AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Macarıstan və Slovakiya ilə qarşılaşacağını bilirsiz. Artıq hər iki komandanın nə zaman Bakıya gələcəyi bəllidi. Macarlar iyunun 6-da, saat 20.00-da Bakıya çatacaqlar. Slovakiya isə ayın 9-u, 16.00-da paytaxtımıza təşrif buyuracaqlar. Həm bizim yığma, həm də rəqib komandalar qarşıdakı oyunlara çox ciddi yanaşır. Çünki bu qarşılaşmaların nəticəsi E qrupundakı vəziyyəti müəyyən mənada aydınlaşdıracaq. Yəni qeydə alınan nəticələrdən asılı olaraq, kimin hədəfinə yaxınlaşdığı və ya məqsədindən uzaq düşdüyü bəlli olacaq. Odu ki, önümüzdəki qarşılaşmalar yığmalar üçün həyati önəm daşıyır. Yeri gəlmişkən, həm Macarıstanın baş məşqçisi Marko Rossi, həm də Slovakiyanın çalışdırıcısı Pavel Hapal seçmə mərhələnin qarşıdakı oyunları haqda fikirlərini dilə gətirib.
Marko Rossi: “Azərbaycanla qarşılaşmanın yekunu ilk növbədə bizim çıxışımızdan asılı olacaq. Bakıda rəqibin təzyiqi ilə üzləşəcəyik. Azərbaycan hücum futbolu oynayacaq və bizə təzyiq göstərəcək. Lakin peşəkar komandayıq və oyuna düzgün köklənməyə çalışırıq. Azərbaycanla oyunda istənilən nəticə bizi təəccübləndirməyəcək. Heyət? Bəzi futbolçular bizimlə olmaya bilər. Tamaş Kadar və Barnabaş Bese yığmanın düşərgəsinə zədəli gəlib. Botond Barat isə komandaya iyunun 1-də qoşulub. Odu ki, dəyişikliklər qaçılmazdı”.
Pavel Hapal: “Komandamız üçün mövsüm başa çatandan sonra – iyunda seçmə oyun keçirmək münasib deyil. Amma bunun öhdəsindən gəlməliyik. İordaniya ilə yoldaşlıq görüşündə geniş oyunçu hovuzundan yararlanacağıq. Çünki Azərbaycanla qarşılaşma bizim üçün daha vacibdi. Bu oyuna yaxşı hazırlaşmaq üçün 10 gün vaxtımız var. Futbolçularım peşəkardılar və bu qarşılaşmanın önəmini yaxşı dərk edirlər. Əsas hədəfimiz qələbədi. Doğrudu, qrupumuz çox balanslı görünür, buna görə də Azərbaycandakı hər hansı itki bizim üçün problem olacaq. İddia etmirəm ki, bununla da bütün ümidlərimiz sona çatacaq, amma bunun çox vacib duel olduğu şübhə doğurmur. Uzun yol və oyun zamanı bizi gözləyən isti hava ilə də mübarizə aparmalıyıq. İndidən Bakıda 31 dərəcə isti var. Xorvatiya – Azərbaycan matçını izləmişik. Rəqibimizin müdafiə səddini yarıb qapısına qədər irəliləmək çətindi. Başa düşürük ki, qol vurmaq üçün sürətli hücumlardan və cinahdan perpendikulyar ötürmələrdən yararlanmalıyıq. Bütün oyunçularımız Bakıda qələbə qazanmaq istəyirlər. Belə köklənmə də çox yaxşı haldı”.