Alman həmkarlarımız Nazarovu təriflədilər
"Tobol"un Qazaxıstan premyer-liqasının 13-cü turunda "Şaxtyor"la oyununun (1:0) ən yaxşı futbolçuları müəyyənləşib. "İnStat"ın təhlilinə əsasən, yığmamızın qapıçısı Emil Balayev növbəti dəfə ilk "3-lüy"ə düşüb. Qolkiper ötən turda olduğu kimi, yenə komandasının ən yaxşı göstəriciyə malik oyunçusu olub. Üç seyvlə yadda qalan və rəqibin penaltisini dəf edən 25 yaşlı qapıçı 313 xal toplayıb. Onu Baurjan Turısbek (285 xal) və Ruslan Valiullin (275 xal) izləyib. Qeyd edək ki, "Tobol" hazırda Qazaxıstan çempionatında 2-ci pillədə qərarlaşıb.
Dmitri Nazarovun formasını geydiyi "Ertsgebirge"nin geridə qalan mövsümdə ən faydalı futbolçuları müəyyənləşib. Siyahıda yığmamızın üzvü da yer alıb. Konkret 4 futbolçu seçilib ki, Nazarov ən faydalı iki oyunçudan biri sayılıb. Alman həmkarlarımız onun və hücumçu Paskal Testroetin mövsüm ərzində komandaya əvəzsiz köməyinin olduğunu yazıblar. Qeyd olunub ki, Aue təmsilçisi 2-ci bundesliqadakı yerini qoruduğu üçün məhz Nazarova minnətdar olmalıdı: "Düzdü, bir çox oyunlarda ehtiyatda qaldı. Lakin onun həlledici məqamlarda səhnəyə çıxması komandasına böyük kömək etdi. Xüsusən də 31 və 32-ci turlarda "Bohum"la "Regensburq"un qapısına yol tapmaqla "Ertsgebirge"ni 2-ci bundesliqada saxladı".
Yazıda o da vurğulanıb ki, baş məşqçi Daniel Meyer adı çəkilən iki oyunçunun mütləq komandada qalmasını tələb edib. Çalışdırıcı Nazarovu növbəti mövsümün aparıcı simalarından biri qismində görür. Onu da qeyd edək ki, Dmitrinin Aue klubu ilə müqaviləsinin müddəti 2021-ci ilin yayına qədərdi.