Sizin reklam burada

Nazim Süleymanov əlini cibinə salıb, Samir Ələkbərov yada düşməyib

Baxış Sayı:635

Nazim Süleymanov əlini cibinə salıb, Samir Ələkbərov yada düşməyib
AFFA veteranlar üçün bilet ayırıbmış
Avroliqanın final qarşılaşmasının Bakıda keçirilməsi adamların ürəyincə oldu. Odu ki, müxtəlif vəzifə sahiblərinin, məmurların, futbol ictimaiyyətinin və AFFA-da çalışanların, qurumla əlaqəsi olanların mayın 29-da Olimpiya stadionunun yolunu tutması başadüşülən idi.
Lakin assosiasiya tərəfindən Rəşad Sadıqova dəvətnamə verilməməsi və uzun illər ölkənin bir nömrəli komandasının kapitan sarğısını daşımış birinin həmin gün “Çelsi” – “Arsenal” qarşılaşmasını stadionda izləməməsi yetərincə düşündürən məqamdı. Kimsə buna görə AFFA rəsmilərinin yaxasından yapışa bilməz. Çünki Sadıqov futbolçu karyerasını davam etdirir və “Qarabağ”ın uğurları üçün tər tökür. Sadəcə, mənəvi dəyər deyilən anlayış var ki, onu unutmaq olmazdı. Rəşad Azərbaycan futbolu üçün sıradan isim deyil. Son 15 ildə yığma və “Qarabağ” üçün etdikləri göz qabağındadı. Üstəlik, Berti Foqtsla Robert Prosineçkinin dönəmində baş məşqçilərin “sağ əli” sayılırdı. 2018-ci ildə U-21-ə rəhbərlik edirdi. Bütün bunları nəzərə alanda bu cür soyuq münasibətə layiq olmadığı dəqiqdi.
Əldə etdiyimiz bilgiyə görə, bu münasibətlə təkcə Sadıqov üzləşməyib. İllərini yaşıl meydanlarda keçirmiş bir neçə veteran futbolçu da AFFA-nın diqqətindən kənarda qalıb. Məlumatı ötürən mənbə ad çəkmədiyindən, özümüz müəyyənləşdirdiyimiz veteranlarla əlaqə saxlamağı lazım bildik. Lakin bir nəfərdən başqa əlaqə saxladıqlarımızın hər biri biletlə təmin olunduğunu dedi.
Nazim Süleymanov: “Şəxsən mənə AFFA tərəfindən nə bilet, nə də dəvətnamə verilib. Novruz Əzimov zəng vurmuşdu ki, veteranlar üçün bilet var, gəl, götür. Mən də artıq bilet aldığımı dedim. Üç dənə 140 avroluq bilet idi. Özüm, oğlum və dostum oyunu həmin biletlərlə canlı izlədik”.
Maşallah Əhmədov: “Bəli, mənə AFFA tərəfindən bilet verilmişdi. Həmin biletlə də stadiona getmişdim”.
Samir Ələkbərov: “Yox, qardaş, heç kim mənə bilet vermədi. Ona görə də oyunu stadionda izləyə bilmədim. Biletim olsaydı, mütləq gedəcəkdim. Özüm də həmin qarşılaşmanı Olimpiya stadionunda izləməkdə maraqlı idim”.
Yunis Hüseynov: “Mənə Veteranlar İttifaqından bilet verilmişdi. Dedilər ki, AFFA-nın adından veteranlar üçün ayrılıb. Həmin biletlə də stadiona daxil ola bildim”.
Mahir Şükürov: “Oqtay müəllimlə (Veteranlar İttifaqının sədri Oqtay Abdullayev - H.) keçmiş futbolçulara biletlər göndərilmişdi. Mən də bileti ordan aldım. Sağ olsunlar, yaxşı yer ayırmışdılar, 140 avroluq bilet idi”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR