
AFFA İcraiyyə Komitəsi premyer-liqada dəyişikliyə lüzum görmədi
Rövnəq Abdullayev: “Elə bilin ki, axırıncı gününüzdü, bu bir müharibədi”
Dünən yığma komandaların Mərdəkandakı təlim-məşq bazasında AFFA İcraiyyə Komitəsinin (İK) növbəti toplantısı keçirildi. Saat 18.00-a təyin olunan iclasda Qurban Qurbanov və Rauf Əliyev istisna olmaqla, İK-nın digər üzvləri iştirak etdilər. Təxminən yarım saat çəkən toplantıda aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub.
1. 2019/20 mövsümündə premyer-liqada komandaların sayı ötən mövsüm olduğu kimi (8 komanda) saxlanılsın. Premyer-liqada çıxış etmək üçün lisenziya almaq məqsədilə birinci divizion klublarından heç biri müvafiq sənədləri təqdim etmədiyinə görə premyer-liqada 2019/20 mövsümündə ötən mövsüm mübarizə aparan komandalar çıxış etsin.
2. Xarici klublarda çıxış edən (baxışa yollanan və müqavilə imzalamaq ehtimalı yüksək olan), milli komandalara dəvət olunan və ya potensial namizəd olan yaşı 21-ə qədər azərbaycanlı futbolçulara dəstək göstərilməsi məqsədilə onların səfər xərci AFFA tərəfindən ödənilsin.
3. AFFA-nın “Grow-2020” strategiyasına uyğun olaraq, 2020/21 mövsümündə premyer-liqada lisenziya şərtlərinə əməl olunacağı təqdirdə komandaların sayının artırılması nəzərdə tutulsun.
Toplantıdan sonra İK üzvləri “Dalğa Arena”da məşqə çıxan, iyunun 8-də Macarıstan, 3 gün sonra Slovakiya ilə qarşılaşacaq yığma üzvləri ilə görüşdülər. Futbolçuları və məşqçilər korpusunu salamlayan AFFA prezidenti Rövnəq Abdullayev qarşıdakı matçlarda yığmadan qələbə gözlədiyini bildirdi: “Bir neçə gün əvvəl Bakıda böyük futbol bayramı oldu və Avropa Liqasının finalı ölkəmizdə keçirildi. Bayramda bizim komandamız yox idi. Ancaq çox istərdik ki, bizlər də eyni sevinci yaşayaq. Qarşıda yığmanın iki oyunu var. Avropa Liqasının finalında təmsilçimiz olmasa da, yığmamızın Avropa çempionatının final mərhələsinə qatılacağına inanırıq. Bu da siz futbolçuların əlindədi. İnanıram ki, biz bunu bacaracağıq. Sizin belə bir deviziniz var idi: "Niyə də yox?!" Hər şey öz əlimizdədi. İnanıram ki, oyundan sonra mən aşağı düşüb paltardəyişmə otağında qələbəni sizinlə birgə qeyd edəcəm. Öz növbəmdə çalışacağam ki, qazanılacaq qələbəni yüksək səviyyədə dəyərləndirim. Elə bilin ki, axırıncı gününüzdü, bu bir müharibədi. Qarşıdakı oyunlarda qələbə qazanmalıyıq. Qələbələr həm sizin karyeranızda böyük rol oynayacaq, həm də bizi sevindirəcək. Sona qədər mübarizə aparıb uğurlu nəticə qazanmağınız lazımdı”.
AFFA prezidenti çıxışını başa vurduqdan sonra üzünü futbolçulara tutaraq “kimin nə sözü var?” deyərək, kapitanı eşitmək istədiyini bildirdi. Maksim Medvedev dəstəyə görə Rövnəq bəyə təşəkkür edib, qələbə qazanacaqlarına söz verdi: “Hazırda kollektivdə yüksək əhval-ruhiyyə var. Biz də qarşıdakı matçı səbirsizliklə gözləyirik. Çalışacağıq ki, ən yaxşısını edək. Azarkeşlərimizi doğma meydanda sevindirmək istəyirik. Hər şey qaydasındadı. Ayın 8-də sözümüzü deyəcəyik".
Maksim çıxışını başa vurandan sonra İK üzvləri meydanın kənarına çəkilsələr də, Rövnəq bəy AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, baş katib Elxan Məmmədov və milinin çalışdırcısı Nikola Yurçeviç meydanın mərkəzinə doğru gedərək öz aralarında xeyli söhbət etdilər. Onların nədən danışdıqları isə heç kimə məlum olmadı. Çünki AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla iclası işıqlandırmaq üçün Mərdəkana yollanan jurnalistlərə qanqaraldıcı xəbər verdi: “Bu gün brifinq olmayacaq. Rəhbərlik burdan başqa bir iclasa gedəcək. Vaxt az olduğundan açıqlama verməyə, sualları cavablamağa imkan yoxdu”.
Media əhlinin israrına baxmayaraq, rəsmilər mikrofon qarşısına çıxmadılar. Belədə təxminən 10-a yaxın media orqanının və telekanalların nümayəndələri əli ətəyindən uzun geri qayıtmalı oldu. Açığı, AFFA rəhbərliyinin bu addımı hamıya qaranlıq qaldı. Brifinq olmayacaqdısa, bunu əvvəlcədən AFFA-nın rəsmi saytı ilə elan etmək olardı. Jurnalistlər də öncədən bilərdilər ki, “Dalğa Arena”ya yollanmağın heç bir mənası yoxdu.
Yurçeviç assosiasiyanın prezidenti, vitse-prezidenti və baş katib ilə meydanın mərkəzində söhbət edrkən isə İK-nın bəzi üzvləri boş dayanmayaraq, bir-biri ilə şəkil çəkdirirdilər. Bu yöndə xüsusilə Kazbek Tuayev daha fəal idi. Yaşı 80-ni ötən veteran futbolçu xarici işlər naziri Elmar Məmmədyarovla şəkil çəkdirmək istəyərkən, ölkənin baş diplomatı “bu şəkil DYP əməkdaşları üçündü” deyərək zarafat etdi. Əliyev isə ya Məmmədyarovun zarafatını başa düşmədi, ya da özünü elə göstərdi.
RƏŞAD