FİFA-nın birinci kateqoriyaya aid referilərindən olan Əliyar Ağayevin Fransada təşkil olunan ənənəvi “Dünya Gənclər Festivalı” çərçivəsində turnirə dəvət aldığını xəbər vermişdik. Onunla birgə Zeynal Zeynalov və Akif Əmirəli də səfərə yollanıb. Ədalət təmsilçiləri mayın 31-dən iyunun 16-dək Fransanın Marsel şəhərində 1997-ci il təvəllüdlü futbolçulardan ibarət yığmalar arasında keçiriləcək beynəlxalq turnirdə iştirak edir. Sayca 13-cü dəfə təşkil olunan turnirdə 12 ölkənin - İngiltərə, Çili, Yaponiya, Portuqaliya, Braziliya, Fransa, Qətər, Qvatemala, Bəhreyn, Çin, İrlandiya və Meksikanın gənclər komandaları mübarizə aparır. Maraqlıdı ki, bu ölkələrdən bəziləri turnirə 18, bəziləri isə 22 yaşlılarla qatılıb. İştirakçılar 3 qrupa bölünüb. Turnirə 9 ölkənin (Fransa, Çili, Azərbaycan, İrlandiya, Meksika, Portuqaliya, Rumıniya, Qətər, Malta) hər birindən bir briqada olmaqla, ümumilikdə 27 hakim dəvət olunub. Açılış oyunları iyunun 1-də baş tutub ki, Yaponiyanın U-22-si İngiltərənin U-20-ni 2:1, Çilinin U-22-si isə Portuqaliyanın U-19-nu 1:0 hesabı ilə üstələyib. Əliyar ilk oyunda ehtiyat hakim funksiyasını yerinə yetirərək, Felipe Qonsalesin başçılıq etdiyi çilili hakimlərə yardım göstərib. İyunun 2-də meydan sahibi Fransanın 18 yaşlıları Qətərin U-22-ni 2, Braziliya isə Qvatemaladan olan həmyaşıdlarını 4 cavabsız qolla məğlub edib və həmyerlilərimiz bu görüşlərin heç birində iş başında olmayıb. Əliyar ilk oyununa dünən çıxıb. Belə ki o, C qrupu çərçivəsində baş tutan Meksika (U-22) – Bəhreyn (U-22) matçında fit çalıb. Həmyerlilərimizin işinə turnirin fransalı təşkilatçısı, UEFA Hakimlər Komitəsinin üzvü Mişel Votro özü qiymət verib.
Bu arada çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov 2-ci Avropa Oyunlarına təyinat alıb. 35 yaşlı hakim iyunun 21-dən 30-dək Belarusun paytaxtı Minskdə keçiriləcək yarışda iş başında olacaq. Xatırladaq ki, Minsk-2019 ikinci Avropa Oyunlarında digər idman növləri ilə yanaşı, çimərlik futbolu üzrə də qarşılaşmalar keçiriləcək.
Hakimlərlə bağlı bir xəbəri də diqqətinizə çatdıraq. Bakıda hakimlərin qidalanması mövzusu və fiziki hazırlıq üzrə seminar keçirilib. Tədbirdə iştirak edən UEFA-nın fitnes proqramı üzrə mütəxəssisi Roman Yahuda ədalət təmsilçilərimizə mühazirə oxuyub, yeniliklər haqda məlumat verib. İyunun sonunda isə futzal və çimərlik hakimləri üçün seminar təşkil olunacaq. Mərdəkanda Millilərin Təlim Məşq Bazasında baş tutacaq seminarda hakimlərə bu idman növlərindəki yeniliklər, qaydalar çatdırılacaq, sonda onlardan test götürüləcək.
MİRAĞA