Qəzetimizin ötən sayında Azərbaycanın işğal altında olan torpaqlarında, konkret Xankəndi şəhərində CONİFA adlı qurumun bayrağı altında beynəlxalq futbol turnirinin keçirildiyini xəbər vermişdik. Azərbaycanın Xarici İşlər Nazirliyinin ardından Gürcüstanın eyni qurumu da turniri pisləyən bəyanat yayıb. Həmin bəyanatda deyilir: “Tanınmayan Dağlıq Qarabağda Abxaziya və Sxinvali regionlarından olan komandaların da iştirak etdiyi, qurama futbol üzrə Avropa çempionatı keçirilir. Bu turnirin təşəbbüsçüsü və təşkilatçısı tanınmayan regionların futbol assosiasiyalarını özündə birləşdirən CONİFA adlı qurumdu. FİFA və UEFA CONİFA-nı və əsasən tanınmayan regionlardan olan futbol komandalarının təmsil olunduğu oxşar qurumları tanımır. Buna uyğun olaraq, Abxaziya və Sxinvalinin futbol komadanlarının qurama çempionatda iştirakı işğalçı rejimlərin hansısa formada legitimlik qazanması deyil və bunun üçün əsas ola bilməz. Gürcüstanın tanınmama istiqamatində siyasətinə beynəlxalq birliyin mövqeyi və dəstəyi dəyişməzdi ki, bu da əksini beynəlxalq sənədlərdə və bəyanatlarda tapıb. Tanınmama siyasətinin aparılması xarici siyasət kursumuzun prioritet yönlərindən biridi. Xarici İşlər Nazirliyi tanınmama siyasətinin gücləndirilməsi və sonrakı risklərin aradan qaldırılması istiqamətində fəal iş aparır”.