Sizin reklam burada

Səlahət Ağayev daha iki il “Neftçi”də

Title
Səlahət Ağayev daha iki il “Neftçi”də
“Legioner həyatı yaşamaq istəyirdim”
Bir müddət əvvəl Səlahət Ağayevin “Neftçi”dən ayrılacağı deyilirdi. “Çərçivə qoruyucusu”na xaricdən də təkliflər var idi. Xüsusən Qazaxıstan variantının olduğu haqda informasiya dolaşırdı. Lakin qapıçı paytaxt klubunda qalmağa qərar verib. “Ağ-qaralar” Ağayevlə müqavilənin müddətini 2 illiyə artırıb. Belə ki, 28 yaşlı qapıçı 2020/21 mövsümünün sonuna qədər bu komandanın formasını geyəcək. Səlahətin ötən “futbol ili”ndə “Neftçi”nin formasında 32 oyuna (28 çempionat, 2 kubok, 2 Avroliqa) çıxdığını da qeyd edək.
Yeni müqaviləni imzalayan Ağayev klubun televiziyasına açıqlama verib: “Son iki ildə “Neftçi”nin şərəfini qoruyuram. İki il bir komandada olmaq futbolçu karyerası üçün böyük vaxtdı. “Neftçi” mənə doğmalaşıb. Hər bir oyuna final görüşü kimi çıxmışam. Bütün qarşılaşmalarda canımı qoymuşam. “Neftçi” üçün əlimdən gələni etmişəm. Ola bilər, son oyunlarda səhvlərim oldu. Ancaq heç kim səhvdən “sığortalanmayıb”. Hətta çempion olmağa da yaxın idik. Ancaq son 3-4 turda liderliyi əldən verdik. Bu da futbolda olan bir durumdu. Azarkeşləri də başa düşürəm. Onlar da çox məyusdular. Biz də onların yaşadığı hissləri yaşayırıq. Biz də çox məyusuq. Bəzən azarkeşlərlə aramızda xoşagəlməz hallar yaşanır. Ancaq azarkeşlərin bizə dəstəyi lazımdı… Bəzi təkliflərim var idi. İlk təklifim xaricdən olduğuna görə maraqlı gəldi. Legioner həyatı yaşamaq istəyirdim. Menecerim vasitəsilə danışıqlar da oldu. Lakin müqaviləmin müddəti başa çatandan sonra “Neftçi” rəhbərliyi ilə görüşdüm. Danışıqlardan sonra doğma komandamda qalmağa üstünlük verdim. “Neftçi”də qaldığım üçün də çox şadam. Bundan sonra iki il də flaqmanın heyətində çıxış edəcəm. Bu da mənim üçün çox xoşdu. İnanıram ki, yeni müqavilə həm mənim, həm rəhbərlik, həm də azarkeşlər üçün uğurlu olacaq. Çox istərim ki, yeni mövsümdə yeni hədəflər üçün döyüşə birlikdə çıxaq”.
FARİZ
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.