Sizin reklam burada

Yığma U-21-in öhdəsindən ikinci yarıda gəldi

Title
Yığma U-21-in öhdəsindən ikinci yarıda gəldi
Azərbaycan – Azərbaycan (U-21) 3:0 (0:0)
Azərbaycan: 1. Səlahət Ağayev (23. Şahruddin Məhəmmədəliyev, 46), 5. Maksim Medvedev (k) (9. Namiq Ələsgərov, 68), 6. Bədavi Hüseynov (24. Bəhlul Mustafazadə, 68), 18. Anton Krivotsyuk (25. Ömər Buludov, 68), 3. Şəhriyar Rəhimov (Rahil Məmmədov, 46), 2. Qara Qarayev (19. Əli Babayev, 68), 20. Riçard Almeyda (8. Emin Mahmudov, 46), 10. Mahir Əmrəli (7. Araz Abdullayev, 46), 17. Aleksey İsayev (21. Ağabala Ramazanov, 46), 13. Dmitri Nazarov (14. Rəşad Eyubov, 68), 11. Renat Dadaşov (16. Rüfət Dadaşov, 46/22. Mirabdulla Abbasov, 75).
Ehtiyat oyunçu: yoxdu.
Baş məşqçi: Nikola Yurçeviç.
Azərbaycan (U-21): 12. Kamran İbrahimov, 2. Amin Seydiyev (8. Rafael Məhərrəmli, 75), 3. Turan Manafov (4. Ricat Qarayev, 46), 5. Nihat Tamazov (15. Hüseyn Seyliğli, 46), 11. Şakir Seyidov (16. Süleyman Əhmədov, 46), 6. Hacıağa Hacılı (k) (14. Ziya Əzizov, 46), 21. Barış Əkinçiər (23. Arzuman Rizvanov, 46), 9. Rövlan Muradov (7. Nicat Süleymanov, 46), 10. İsmayıl İbrahimli, 13. Murad Qayalı, 19. Musa Qurbanlı (18. Emil Qasımov, 46)
Ehtiyat oyunçular: 22. Murad Popov, 30. Şahin Zəkiyev, 20. Elçin Mustafayev, 4. Ricat Qarayev, 17. Elvin Cəfərquliyev.
Baş məşqçi: Milan Obradoviç.
Qollar: D.Nazarov, 62-p. (1:0). A.Ramazanov, 80-p. (2:0). A.Abdullayev, 84 (3:0).
Vərəqələr: H.Hacılı, 19. Q.Qarayev, 21. N.Süleymanov, 70 – sarı.
Hakimlər: ETİBAR HƏSƏNOV, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayılov.
1 iyun. Mərdəkan. Dalğa Arena.
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Avropa çempionatında növbəti seçmə oyununa hazırlaşan əsas və 21 yaşadək futbolçulardan ibarət yığmalarımız şənbə günü Mərdəkanda yoxlama görüşündə üz-üzə gəldilər. Bəribaşdan qeyd edək ki, oyun əsas meydanda baş tutdu. Belədə qarşılaşmanın niyə canlı yayınlanmaması sual doğura bilər. Hər halda, əsas meydanın qazonuna əl gəzdirildiyi deyilirdi. Buna görə biz görüşün yardımçı meydanda olacağını güman edib, yayının təşkil olunmamasını bununla bağlayırdıq. Ancaq görünür, əcnəbi mütəxəssislər, xüsusilə də Nikola Yurçeviç “kartları gizli saxlamaq” üçün yayında maraqlı olmayıb.
Məntiqə görə canlı göstərilməyən qarşılaşmanı izləməyə gələnlərin sayı çox olmalı idi. Ancaq həmişəki azarkeş biganəliyinə şahid olduq. Əslində isə yığmaların oyununu izləmək üçün Mərdəkana gələn futbol adamlarının sayı kifayət qədər idi. AFFA-nın baş katibinin müavini Sərxan Hacıyevdən tutmuş, Məşqçilər Komitəsinin üzvləri Ağasəlim Mircavadov, Şahin Diniyev, Yaşar Vahabzadə, premyer-liqa məşqçiləri Tərlan Əhmədov, Samir Abasov, Aftandil Hacıyev, Ayxan Abbasov, həmçinin “Sumqayıt”ın prezidenti Riad Rəfiyevə qədər...
Oyuna gəlincə, hər iki komanda protokola 23 futbolçunun adını salmışdı. Əslində isə Macarıstan və Slovakiya ilə seçmə oyunlar üçün əsas yığmaya 27 nəfər çağırılıb. Eddi İsrafilov zədə səbəbindən Bakıya gələ bilməyibsə, Emil Balayev, Ramil Şeydayev və Pavel Paşayev düşərgəyə bu gün qoşulacaq. Yurçeviçin ilk “11-liy”ini optimal hesab etmək olmaz. Xorvat mütəxəssis qapını ilk dəqiqələrdən Səlahətə etibar etmişdi. Müdafiə “4-lüy”ü isə soldan-sağa Şəhriyar, Anton, Bədavi və Maksimdən qurulmuşdu. Xüsusilə yarımmüdafiənin mərkəzində eksperiment edilmişdi. Belə ki, Qara ilə Riçarda debütant Aleksey də qoşulmuşdu. Yarımmüdafiənin cinahlarında Dmitri Nazarovla Mahir Əmrəli, hücumda isə U-21-dən dəvət olunan Renat Dadaşov yer almışdı. Oyunun ilk yarısı qol vəziyyətləri baxımından kasad alındı. Gənclərin davamlı pressinq tətbiq etməsi əsas yığmanın sakit şəkildə hücum qurmaq planlarına əngəl olurdu. Bununla belə, bir neçə şans ələ düşdü. 9-cu dəqiqədə Renat təkbətəkdən yararlana bilmədi. 35-ci dəqiqədə Mahirin uzaqdan “doqquzluğ”a firlatdığı top cüzi fərqlə qapıdan aralı keçdi. Bir qədər əvvəl isə meydandakı ən gənc oyunçu Musa Qurbanlı uzanaraq cinah ötürməsinə toxunmağa çalışsa da, ayağı çatmadı. Əks halda U-21 hesabı açacaqdı. 45-ci dəqiqədə Rövlan Muradovun zərbəsi kifayət qədər yaddaqalan oldu. Top tiri yalayıb çölə çıxdı. Bu ilk yarının son təhlükəli vəziyyətiydi.
Qeyd etdiyimiz kimi, sönük keçən ilk yarıda fəal olan yeganə şəxs Milan Obrodoviç idi. 45 dəqiqə oturduğu yerdən ayağa qalxmayan Yurçeviçdən fərqli serbiyalı mütəxəssis yetirmələrinə aramsız şəkildə təlimatlar veriridi. Onun Azərbaycan dilində “tələsmə”, “sıx”, “oyna” deməsi diqqəti çəkirdi. Belə desək, Milan artıq dilimizdə bir çox sözü öyrənib...
İkinci hissəyə hər iki yığma köklü dəyişikliklə başladı. Yurçeviç Səlahət, Şəhriyar, Riçard, Mahir, Aleksey və Renatı oyundan alıb Şahruddin, Rahil, Emin, Araz, Ağabala və Rüfəti döyüşə atdı. İkinci yarının ortalarında isə Maksim yerini Namiqə, Bədavi Bəhlula, Anton Ömərə, Qara Əliyə, Dmitri Rəşada, Rüfət Mirabdullaya verdi. Beləliklə, böyük Dadaşov meydanda cəmi yarımsaat qaldı. U-21-də isə Ricat, Arzuman, Elvin Cəfərquliyev, Seyliğli, Ziya Əzizov, Emil Qasımov, Nicat Süleymanov, Rafael Məhərrəmli sonradan meydana çıxan oyunçulardı.
İkinci hissəyə əsas yığma fəal başladı. Hesab 62-ci dəqiqədə açıldı. Murad Qayalı cərimə meydançasında Nazarovu yıxdı ki, hakim penalti təyin etdi. Səbəbkar standart vəziyyətdən maksimum yararlandı. Qoldan sonra da sürətli hücumlar təşkil edən Yurçeviçin komandası 80-ci dəqiqədə fərqi iki topa çatdırdı. Rafael Məhərrəmli Ağabalanın qapı qarşısına göndərmək istədiyi topun önünü əllə kəsdi. Belədə Etibar Həsənov yenə penalti nöqtəsini göstərdi. Bu dəfə də səbəbkar özü topun arxasına keçdi və şansı qaçırmadı. 84-cü dəqiqədə U-21 haqq etmədiyi darmadağınla üzləşdi. Emin Mahmudovun ideal ara ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan Araz soyuqqanlı şəkildə topu Kamranın başı üzərindən tora atdı. Beləliklə, yığmaların görüşündə “böyüklər” inamlı qələbə qazandı - 3:0.

Reaksiyalar
Bədavi Hüseynov: “Gənclərimizlə oynadıq. Onlar ilk yarıya çox aqressiv başladılar. Biz isə öz növbəmizdə Macarıstan ilə oyun üçün tapşırıqları test etdik. İkinci yarıda bir az “artırdıq”. Ümumiyyətlə, məhsuldar oyun alındı. AÇ-2020-nin seçmə oyunlarından əvvəl yaxşı hazırlıq idi. İtkimiz var, bundan başqa, bir neçə yığma üzvü hələ düşərgəyə qoşulmayıb. Üstəlik, mövsümün erkən başa çatmasını və oyun təcrübəsi baxımından böyük boşluq yaranmasını da nəzərə almaq lazımdı. Bu, ilk yarıda özünü daha qabarıq göstərirdi. Amma rəsmi matçlara hazır olacağıq. Macarıstan və Slovakiya ilə oyunlarda hədəf iki qələbədi. Bəlkə kimlərsə qeyri-real görünə bilər, ancaq bunu edə bilərik. Xorvatiya ilə necə oynadığımızı hər kəs gördü. Bəli, sonda uduzduq, amma biz xal qazanmağa layiq idik. Eyni istək və əzmkarlıqla oynasaq, qarşıdakı iki matçda tapşırığı yerinə yetirə bilərik. Macarıstan və Slovakiya təxminən eyni səviyyədə rəqiblərdi. Macarıstanın xorvatlarla oyununu izləmişik, olduqca aqressiv idilər və buna görə də qələbə qazandılar. Hər iki rəqib bizim üçün çətindi”.
Araz Abdullayev: “Bu oyun Macarıstan və Slovakiyaya qarşı rəsmi matçlar ərəfəsində özümüzü sınamağa və komanda olaraq necə hazırlaşdığımızı görməyə icazə verdi. U-21 çox yaxşı mübarizə apardı. Qələbənin çətinliklə qazanıldığını deməliyəm. İlk iki qolu penaltidən vurduq. Vacib görüşlər ərəfəsində qazanılan bu qələbə əhval-ruhiyyəni yaxşılaşdırmaq baxımından önəmlidi. Hər iki görüş Bakıda keçiriləcək və məsuliyyətimizi başa düşürük. Yaxşı nəticələr əldə edəcəyimizə ümid edirəm. Qrupda yaxşı yerlər uğrunda mübarizə aparmaq istəyiriksə, ən azı bir oyunda qələbə qazanmalıyıq. Maksimum hədəf isə hər iki oyunu 3 xalla başa vurmaqdı. Həm Macarıstan, həm də Slovakiya yaxşı komandalardı, baxmayaraq ki, onlar Avropada ortabab sayılırlar. Amma biz evdə oynadığımızdan yalnız qələbə haqda düşünməliyik. Belə komandalara qarşı kompakt oynamalı və vuruşmalıyıq ki, sərfəli nəticə qazana bilək. Bu rəqiblərə asan baxsaq, bizim üçün çox böyük problemlər ola bilər”.
Şahruddin Məhəmmədəliyev: “Bu qələbə əhval-ruhiyyə üçün vacibdi. Gənclər komandamız çox yaxşı mübarizə apardı, uduzmaq istəmirdilər. Onlar Lixtenşteyn ilə oynayacaqlar. Seçmə turnirə qələbə ilə başlamaq istəyirlər. Düşərgədə ab-hava əladı və hazırıq. Emil Balayev, Ramil Şeydayev və Pavel Paşayev komandaya qoşulandan sonra Macarıstan və Slovakiya ilə oyunlara optimal heyətlə hazırlaşacağıq. Bu görüşləri qazanmaq lazımdı, çünki hər ikisini evdə keçirəcəyik. İnanıram ki, hər şey yaxşı olacaq. İndi Macarıstanla oyun daha vacibdi, yalnız ondan sonra Slovakiya haqda düşünəcəyik”.
Mahir Əmrəli: "Hər şey qaydasındadı. Gündə bir dəfə olmaqla yaxşı məşqlər keçirik. Bu gün isə yoxlama oyunu keçirdik. Fikrimcə, pis oynamadıq. İnşallah, bəhrəsini qarşıdakı rəsmi görüşlərdə görərik. Oyunları da nəzərə alsaq, 24 günlük toplanış keçəcəyik. İstəyirik ki, bu əziyyətimizin bəhrəsini Macarıstan və Slovakiya ilə matçlarda görək. Onu deyə bilərəm ki, Yurçeviç oyundan əvvəl bildirmişdi ki, hamımızı iş başında görmək istəyir. Dediyini də etdi. İyunun 8-də üz-üzə gələcəyimiz Macarıstanın iki oyununu izləmişik. Əvvəlcə estonlara, dünən isə Slovakiyaya qarşı matçlarını izləmişik. Artıq rəqibin təhlilinə start verilib. Ciddi rəqibdi. Sürətli futbolçulara sahibdilər. Ancaq bizim də gözəl şansımız var. Axı evdə oynayacağıq. Yaxşı nəticə əldə etmək istəyirik".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.