Sizin reklam burada

Azərbaycan futbolu Adil dayını itirdi

Baxış Sayı:711

Azərbaycan futbolu Adil dayını itirdi
Mərhumun cənazəsi Gəncə stadionundan götürüldü
Adil dayı... Futbolsevərlərin əksəriyyəti onu məhz belə çağırırdı, belə tanıyırdı. Ömrünü-gününü stadionlarda, tribunalarda keçirdi. Bəlkə də amansız xəstəliyin səbəblərindən biri isti-soyuq, qar-qış demədən stadionlarda olması, komandasının məğlubiyyətindən aldığı sarsıntılar, keçirdiyi həyəcan idi. İyunun 1-dən 2-nə keçən gecə Azərbaycan futbol camiəsinə ağır itki üz verdi. “Kəpəz”in qocaman azarkeşi, yığmanın oyunlarına biganə qalmayan, “Xəmsə” fanklubunun yaradıcısı və rəhbəri Adil Məmmədov 3 il sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişdi. Ölkə futboluna can yandıran, komandasının uğuru üçün alışıb-yanan, stadionlarda görməyə alışdığımız, tez-tez müsahibə, açıqlama üçün zəng etdiyimiz birini itirmək çox ağırdı. Təəssüf ki, artıq telefonun o biri başından Adil dayının xoş Gəncə ləhcəsi ilə “hə, bajoğlu, eşidirəm” sözlərini eşitməyəcəyik.
Amansız “xərçəng” 2017-nin fevralından Məmmədovun yaxasını ələ keçirmişdi. Uzun sürən müalicələr də fayda vermədi. Son günlərdə halı pisləşən Adil bəy srağagün gecə saatlarında 60 yaşında dünyasını dəyişib. O, doğma şəhərində - Gəncədə dəfn olunub. “Kəpəz”in azarkeşlərlə əlaqələndiricisi və təhlükəsizlik rəisi Elmar Əliyevdən aldığımız bilgiyə görə, mərhumun cənazəsi evindən şəhər stadionuna aparılıb. Təxminən 500 nəfər gəncəli tabutun ətrafında cəm olub. Stadionda “Xəmsə”nin üzvləri, eləcə də başqa “Kəpəz” azarkeşləri Adil dayının adını çəkib, şüarlar səsləndiriblər. Bundan başqa, tabutun üzərinə “Kəpəz”in bayrağı, şərfləri salınıb. Komandanın baş məşqçisi Etibar İbrahimov da Məmmədovu son mənzilə yola salanların arasında olub. “Xəmsə”nin yaradıcısı “Təzə qəbiristanlıq” adlanan məzarlıqda dəfn olunub.
İstər Adil dayını son mənzilə yola salanların sayı, istərsə də sosial şəbəkələrdə onun haqda yazılanlar, üzüntü mesajları çox şeyi deyir. Çempionat oyunlarında, yığmanın matçlarında tribunada olmaqla ölkə futbolunda da öz yeri var idi. Elə “Futbol+” üçün də mərhum yad biri olmayıb. Yuxarıda da qeyd etdiyimiz kimi, hər zaman suallarımızı cavablayıb, mətbuata diqqətini əsirgəməyib. Hətta Novruzda redaksiyamıza bayram sovqatı ilə təşrif buyurub, jurnalistlər arasında keçirilən turnirdə qəzetimizi dəstəkləyib, bəzən stadionlardan çıxanda bizə öz maşınında yer edib. Bir sözlə, Adil dayını biz öz yaxınımız bilmişik. Nə edə bilərik?! Alın yazısıdı, vəfatı ilə barışmaqdan, yaxınlarına başsağlığı diləməkdən və təəssüflənməkdən başqa əlimizdən heç nə gəlmir. Allah sənə rəhmət eləsin. Ruhun şad olsun, Adil dayı.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR