Bir-birindən gizli iş görənlər sonda ortaq məxrəcə gəlirlər
“Sumqayıt”dan başqa elitanın, demək olar ki, bütün klubları növbəti mövsüm üçün heyəti gücləndirmək yönündə işə başlayıblar. “Kimyaçılar”da isə bu yöndə sakitlikdi. “Gənclik şəhəri”nin təmsilçisi nəinki yeni futbolçularla anlaşır, əksinə 2018/19 mövsümündə komandanın uğurları üçün tər tökən əksər futbolçuları yola salmaqla məşğuldu. Cavid Tağıyevi “Sabah”a, Rəşad Əzizlini “Keşlə”yə, Elvin Məmmədovu “Zirə”yə yola salan “kimyaçılar” ötən yay rənglərinə bağladığı Əli Babayevi də itirdi. Bu haqda futbolçu sosial şəbəkədə məlumat verib. 28 yaşlı futbolçu həm "instaqram", həm də “feysbuk”da klub rəhbərliyi, komanda yoldaşları və azarkeşlərə təşəkkür edib. Xatırladaq ki, qürbətçi-futbolçu “Sumqayıt”a "Hapoel Raanana"dan gəlmişdi. Yarımmüdafiəçi “ağ-göylər”in heyətində meydana çıxdığı 29 oyunda bir dəfə fərqlənib. Babayev yığmaya da dəvət alır. O, martda millinin Litva ilə yoxlama görüşündə ölkənin əsas komandasında debüt edib.
Bir çox futbolçularla yolları ayıran sumqayıtlıların növbəti mövsümə kimin rəhbərliyi altında başlayacağı da uzun müddətdi müzakirə mövzusudu. Naxçıvanda baş tutan ölkə kubokunun finalından sonra “Sumqayıt”ın baş məşqçisi kimi sonuncu oyunum ola bilər” deyən Ayxan Abbasov bir həftədən sonra “hər şey klub rəhbərliyindən asılıdı, şərtlər məni qane edəcəyi halda işimi davam etdirə bilərəm” formasında açıqlama ilə yadda qaldı.
Mayın 19-dan bu yana artıq iki həftəyə yaxın vaxt keçib. Ancaq hələ də dəqiq bilinmir ki, Ayxan bəy postunda qalıb işini davam etdirəcək, yoxsa “kimyaçılar”ın “sükan”ı başqa birinə tapşırılacaq. Bəs Abbasov nə istəyir? Ayxan bəyi narahat edən əsas məsələ “Sumqayıt”ın yeni mövsümdə hansı məqsəd uğrunda mübarizə aparacağıdı. Klub prezidenti Riad Rəfiyevlə ilk görüşdə baş məşqçi bu sualı ona ünvanlayıb və “avrokuboklara vəsiqə” cavabını eşidib. İndiki heyət və kasad büdcə ilə qarşıya qoyulan hədəfə çatmağın mümkünsüz olduğunu bildirən 38 yaşlı mütəxəssis dəyişiklik olmayacağı halda postundan gedəcəyini bir daha rəsmilərin diqqətinə çatdırıb. Riad Rəfiyev isə baş məşqçi ilə söhbətdə klubun əsas sponsoru olan “Azərikimya”nın Müşahidə Şurasının sədri İmran Arzumanzadə ilə görüşdən sonra klubun büdcəsində artım olub-olmayacağını bildirib. Yeri gəlmişkən, onu da bildirək ki, bizə çatan məlumata görə, Rəfiyev həmin ərəfədə Ukraynada məşqçi axtarışına çıxıb. Lakin əcnəbi mütəxəssisin şərtləri daha ağır olduğundan, klub prezidenti yenidən Abbasov variantının üzərində dayanıb. Kluba yaxın mənbəmizin sözlərinə inansaq, Ayxan bəyin də “Sumqayıt”dan getmək fikri qəti imiş. O da gözləyirdi ki, uğursuz mövsümdən sonra “Zirə” rəhbərliyi Samir Abasovla yolları ayıracaq və “qartallar”ın “sükan”ı ona tapşırılacaq. Lakin son anda dəngələr dəyişib. Bakıətrafı qəsəbə təmsilçisinin rəhbərliyi kimlərinsə (adlar bizə məlumdu) xahişini nəzərə alaraq, Samir bəyə daha bir şans verib. Ayxan bəy də bunu nəzərə alaraq, “Sumqayıt” rəhbərliyi qarşısında tələblərini bir qədər yumşaldıb.
Tərəflərin növbəti görüşü isə ötən həftənin şənbə gününə təsadüf edib. Paytaxtda bir araya gələn klub prezidenti, baş məşqçi və “Sumqayıt”ın baş meneceri Zamiq Hüseynov bir daha müzakirələr aparıblar. Riad bəy Abbasovun bəzi şərtlərinin yerinə yetiriləcəyinə söz verib. Onu da əlavə edib ki, bütün söz-söhbətə bu gün nöqtə qoyulacaq. Klub prezidenti bu gün səhər saatlarında bir daha “Azərikimya”nın rəhbəri ilə görüşüb, qaranlıq qalan bəzi məqamlara aydınlıq gətirəcək. Ayxan bəydən isə günortadan sonra ofisdə olmasını istəyib. Şənbə günü baş tutan görüşdən sonra klub rəhbərliyi baş məşqçi ilə bir yerdə əsas milli ilə U-21-in oyununu izləyib.
“Sumqayıt”la bağlı daha bir xəbəri sizlərlə bölüşmək istərdik. Artıq neçə müddət idi ki, “kimyaçılar”ın ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”da yeni tribunanın quraşdırılması söhbəti gedirdi. Artıq bu işi görəcək şirkət müəyyənləşib. Yaxın vaxtlarda hazırda mövcud olan tribuna ilə üzbəüz, 1600 azarkeş tutumuna malik yeni tribunanın inşasına başlanılacaq. Təbii örtüklü meydana isə yeni toxum səpilib. Ota qulluq edən texniki personal havaların istiləşdiyini nəzərə alaraq, qazonun yanmaması üçün qabaqlayıcı tədbirlər görürlər.
RƏŞAD