Şeydayevli “Krılya Sovetov” elitada yerini qorudu
Latviya çempionatında 16-cı turun oyunları keçirilib. Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geydiyi “Dauqavpils” “doğma divarlar” arasında “Liepaya” ilə münasibətləri aydınlaşdırıb. Meydan sahibləri minimal hesabla (1:0) qalib gəlib. Futbolçularımızdan ikisi - Turalla Vüqar bu qarşılaşmanın iştirakçısı olublar. Hər ikisi start heyətində yer alıb və sonadək mübarizə aparıb. Elvinin adı isə, ümumiyyətlə, qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib. “Dauqavpils” hazırda 19 xalla 6-cı pillədə qərarlaşıb. Vüqar isə cari mövsümdə vurduğu 7 qolla çempionatın ən yaxşı üç bombardirindən biridi.
İspaniya sequndasında 41-ci turun görüşləri reallaşıb. Eddi İsrafilovun şərəfini qoruduğu “Alkorkon” evdə “Ximnastik”lə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri 0:1 hesablı məğlubiyyətə üzülüb. Hazırda zədədən əziyyət çəkən və məhz bu üzdən yığmanın qarşıdakı rəsmi oyunlarını buraxan İsrafilov çempionat matçının da iştirakçısı olmayıb. Hazırda 52 xala malik “Alkorkon” turnir cədvəlində 12-ci yerdədi.
Növbəti mövsüm Rusiya premyer-liqasında çıxış etmək uğrunda keçid oyunlarına yekun vurulub. Yığmamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” da dünən ikinci oyununu keçirib. Samara təmsilçisi “doğma divarlar” arasında “Nijni Novqorod” ilə qarşılaşıb. Qarşılaşma birinci divizion klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Şeydayev oyunu əvəzlənmədən keçirib. Qeyd edək ki, komandalar arasında ilk qarşılaşma “Krılya Sovetov”un 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bu üzdən də Samara təmsilçisi növbəti mövsüm də premyer-liqada mübarizə aparmaq hüququ qazanıb.
İsveç çempionatında 12-ci turun oyunları keçirilib. Emin Nurinin formasını geydiyi "Kalmar” səfərdə "Falkenberq”lə qarşılaşıb. Tərəflərin səylərinə rəğmən, 90 dəqiqə ərzində hesabı açmaq mümkün olmayıb - 0:0. Emin də qarşılaşmanın iştirakçısı olub. O, start heyətində meydana çıxaraq sonadək oynayıb. "Kalmar” hazırda 13 xalla 11-ci pillədə qərarlaşıb.