Emil penaltini dəf etdi
Ukrayna premyer-liqasında mövsümə yekun vurulub. Pavel Paşayevin formasını geydiyi “Aleksandriya” 32-ci tur çərçivəsində doğma meydanda Kiyev “Dinamo”su ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2. Paşayev də görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. “Aleksandriya” mövsümü 49 xalla 3-cü pillədə başa vurub və çempionatın bürünc medallarını qazanıb. Paşayev isə mövsüm ərzində 22 oyuna çıxıb ki, onların da əksəriyyətində 90 dəqiqə meydanda olub. Milli üzvü bu oyunlardan yalnız birində sarı vərəqə ilə cəzalanıb.
Rusiya çempionatında mövsümü 16 komanda arasında 13-cü yerdə başa vuran “Krılya Sovetov” elitada qalmaq uğrunda ilk pley-off matçına çıxıb. Ramil Şeydayevin şərəfini qoruduğu Samara klubu səfərdə 1-ci liqanı 4-cü pillədə başa vurmuş “Nijni Novqorod”la üz-üzə gəlib. Qonaqlar inamlı və əzmkar qələbəyə sevinib – 3:1. Hesabı 22-ci dəqiqədə penaltidən meydan sahibləri açıb. Amma 65-ci dəqiqədə Samara təmsilçisi rəqib futbolçunun avtoqolu sayəsində hesaba tarazlıq gətirib. Ramilin komandası son dəqiqələrdə daha 2 qola sevinib. 91-ci və 94-cü dəqiqələrdə vurulan qollar “Krılya Sovetov”a cavab görüşü ərəfəsində böyük üstünlük qazandırıb. Ramil ilk dəqiqələrdən meydanda olub və əvəzlənməyib. Bu komandalar arasındakı cavab görüşü iyunun 2-də Samarada keçiriləcək. Qalib gələn növbəti mövsüm premyer-liqada, məğlub tərəf isə 1-ci liqada mübarizə aparacaq.
Qazaxıstan çempionatında 13-cü turun oyunları keçirilib. Yığmamızın qapıçısı Emil Balayevin çıxış etdiyi “Tobol” doğma meydanda “Şaxtyor”la qarşılaşıb. Kostanay təmsilçisi iki cavabsız qolla qalib gəlib. Bu oyunda "çərçivə"ni qoruyan Emil 73-cü dəqiqədə komandasını real qoldan xilas edib. O, rəqib futbolçu Marat Şaxmetovun penalti zərbəsini dəf edib. “Tobol” hazırda 29 xalla turnir cədvəlində 2-ci pillədədi.
FARİZ