“Qarabağ”ın iyunun 7-də Bakıda bir araya gəlib, 18-də Avstriyaya yollanacağını xəbər versək də, Motsartın vətənində baş tutacaq dörd yoldaşlıq görüşündəki rəqiblərin adlarını diqqətinizə çatdıra bilməmişdik. Buna səbəb isə rəqiblərlə danışıqların yekunlaşmaması idi.
Artıq adlara aydınlıq gəlib. Son 6 ilin çempionu iyunun 22-də Bolqarıstan “Ludoqorets”i ilə üz-üzə gələcək, iyunun 25-də Rumıniya “Universitatya Krayova”sını sınağa çəkəcək, 28-də isə Rusiya “Ufa”sı ilə münasibətlərinə aydınlıq gətirəcək. İyulun 2-nə təsadüf edəcək sonuncu qarşılaşmadakı rəqib Çexiya “Viktoriya”sıdı.
Bolqarıstan təmsilçisi xaric, rəqiblərin hər birinin bizimkilərlə bağlılığı var. Belə ki, “Universitatya Krayova”nın heyətində 2014/15 mövsümündə 12 oyunda “Qəbələ”nin formasını geymiş Andrey Kristea çıxış edir. “Ufa”da isə soydaşımız Azər Əliyev var. “Viktoriya”ya gəlincə, 2016-cı ildə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində məhz bu komanda “Qarabağ”ı mübarizədən kənarlaşdırmışdı.
HƏBİB