“Mən sponsor olmamışam ki, Mxitaryana və ya başqasına pul xərcləyim”
Avropa Liqasının finalından öncə hamını bir sual düşündürürdü: görəsən, Henrix Mxitaryan “Arsenal”la birgə Bakıya gələcək, ya yox? Bu məsələ ətrafında daha kimlər danışmadı, kimlər müzakirəyə qoşulmadı... Nazirlər, ictimaiyyət arasında müəyyən nüfuza malik tanınmışlar, İngiltərə cəmiyyəti və mediası, UEFA rəhbərliyi... Az qalmışdı ki, Mxitaryanın Bakıya səfəri BMT-nin Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılsın.
Final matçı, Mxitaryan ətrafında yaşanan ucuz şou geridə qalsa da, bugünlərdə redaksiyamıza maralı məlumat daxil olub. Adının çəkilməsini istəməyən şəxs futbolçu karyerasına “Pünik”də başlayan, ardınca isə Ukraynaya yollanıb 2009/10 mövsümünü Donetsk “Metallurq”unda keçirən erməni futbolçunun irəli getməsində, püxtələşməsində azərbaycanlı iş adamının da müəyyən xidmətinin olduğunu bildirdi. Onu da əlavə etdi ki, Möhlət Həsənov adlı biznesmen həmin dönəmdə “Metallurq” rəhbərliyi ilə işbirliyi qurub, kluba sərmayə ayırıb. Bizimlə danışan şəxs başqa maraqlı bilgilər verməyi də lazım bildi: “Donetskdə “İndustrialnıy Soyuz” adlı qurum fəaliyyət göstərirdi. Orda əsas söz sahibi ermənilər idi. Qurum həm də “Metallurq”un əsas sponsoru idi. Möhlət Həsənov da onların yanında idi. Klubda bütün işləri Daniel İsralyan adlı erməni görürdü. O, “Metallurq”la yanaşı, Rusiyada “Kuban”ın, Ermənistanda isə “Banants”ın sahibi olan Oleq Mkrtçyanın sağ əli hesab olunurdu. İsraelyan əslən Daşkəsənin Bayan kəndindən olduğu üçün Ermənistan təmsilçisinə də kəndinin adını qoymağa nail olub. Həmin dönəmdə Daniel və Mkrtçyan erməni futbolçuların inkişafına pul xərcləyiblər. Ancaq sonda yalnız Hamletin oğlu ümidləri doğrultdu”.
Bizə ötürülən məlumatı dəqiqləşdirmək üçün Möhlət Həsənovun axtarışına çıxdıq. Ukraynada yaşayan azərbaycanlılardan bizə bildirdilər ki, iş adamı 4-5 il öncə Bakıya köçüb. Bakıda isə onun artıq Türkiyədə yaşadığını dedilər. Buna baxmayaraq, Həsənovun telefon nömrəsini əldə edə bildik və onunla əlaqə saxladıq. Möhlət bəyə onu hansı məqsədlə axtardığımızı bildirdikdə çox əsəbləşdi: “Siz deyəsən, məni kiminləsə səhv salırsız. Başqa ünvana düşmüsüz. Nə Mxitaryan, nə “Metallurq”? Mən heç bir komandanın sponsoru və ya sponsorlarından biri olmamışam. Bəli, Ukraynada yaşadığım dönəmdə klubun sahibi ilə münasibətimiz olub. Bir neçə dəfə məni sahibi olduğu komandanın oyununu izləmək üçün stadiona dəvət edib. Bundan başqa mənim futbola yaxından-uzaqdan bağlantım olmayıb. Mən sponsor olmamışam ki, Mxitaryana və ya başqasına pul xərcləyim. Həmin vaxt iş adamı kimi Dünya Azərbaycanlıları Konqresinin Ukraynada sədri idim. Orda yaşadığım müddətdə öz vəsaitim hesabına Qarabağda yaşanalarla bağlı film çəkdirib Ukrayna telekanalında nümayiş etdirmişdim. Buna görə isə ermənilər mənim başıma pul qoymuşdular. İndi kimsə sizə yalan informasiya ötürür. Yenə deyirəm, məni kiminləsə səhv salmaq lazım deyil”.
Möhlət bəy bu sözləri deyib, sağollaşmadan belə dəstəyi asdı...
RƏŞAD