“Təəssüf ki, tsikl başa çatdı, getmək zamanı yetişdi”
Tək-tük legionerlər var ki, karyerasının azı 10 ilini Azərbaycanda oynamağa həsr edib. Belələrinin sayı barmaqla sayıla biləcək qədər azdı. Olanlar da əsasən “milliləşdirilənlərdi” ki, onların durumu aydındı.
Lakin Denis Silva yığma üzvü olmaya-olmaya, 2007-ci ildən bəri 11 mövsümü ölkəmizdə keçirdi. İki dəfə “Qremio Barueri”yə getsə də, yenidən Azərbaycana qayıtdı. Braziliyalı müdafiəçi “Xəzər Lənkəran”, “Neftçi” və “Keşlə”nin formasını geyməklə bütün yarışlarda əcnəbilər arasında ən çox – 300-dən artıq oyun keçirən futbolçudu. Daha bir maraqlı fakt Denisin şərəfini qoruduğu üç Azərbaycan təmsilçisinin hər birinin heyətində titul qazanmasıdı.
33 yaşlı futbolçu qəzetimizə verdiyi sonuncu müsahibədə burda qalmaq, daha bir neçə il oynamaq istədiyini dilə gətirmişdi. Lakin “Keşlə” rəhbərliyi “3 nömrə”nin xidmətində maraqlı olmadığını bildirib, onunla yeni müqavilə bağlamaq niyyətində olmadığını göstərdi. Digər elita təmsilçiləri arasında isə ona “elçi düşən” olmadı. Belədə yeganə çıxış yolu vətəni Braziliyaya qayıtmaq idi.
Denis Bakıdakı son günlərində “feysbuk” səhifəsində duyğusal statusla diqqətləri üzərinə çəkib. Bununla həm də azarkeşlər və futbol ictimaiyyəti ilə vidalaşmış oldu: “Bu 11 ildə gördüyümüz və qazandığımız hər şeyə görə təşəkkür edirik. Tarix yazdıq, qələbələr qazandıq, nələrisə öyrəndik, gələcəkdə dostlarla bölüşmək üçün maraqlı xatirələrimiz oldu. Əsas olan isə Azərbaycana olan hisslərimizdi. Gəldiyimiz gündən özümüzü evdəki kimi hiss etdik, xoşbəxt idik və sona qədər də belə oldu. Təəssüf ki, tsikl başa çatdı, getmək zamanı yetişdi. Kimlərsə bizi yada salıb darıxacaq, ya yox – bunu deyə bilmərik. Amma əmin olun ki, biz ikinci vətənimizi tez-tez xatırlayıb, darıxacağıq. Bu ölkə həyatımızın tarixi parçasıdı. Çünki bütün xoş xatirələr Azərbaycanla bağlıdı. Evlilik illərimiz burda başladı, qızımız burda dünyaya gəldi, məktəbə burda getdi. Bir sözlə, ailə həyatımızı Azərbaycanda qurduq. Bütün bunlara görə də bu ad hər zaman ürəyimizdə qalacaq. Çox sağ ol, Azərbaycan!”
HƏBİB