Mövsümün sonunda “Qarabağ”la ikiillik müqaviləsinin müddəti başa çatan Vild-Donald Gerye gələcək karyerası haqda danışıb. Xatırlayırsızsa, bir müddət öncə qaradərili futbolçunun Ağdam təmsilçisindən aldığı illik məvacibdən təxminən iki dəfə artıq əməkhaqqı tələb etdiyini xəbər vermişdik. Deyilənə görə, Gerye son 6 ilin çempionundan illik 450-500 min dollar qoparmaq istəyir. Klub isə bununla razılaşmır. Sadəcə, əvvəlki məbləği cüzi artırmaqda maraqlıdı.
Haitili yarımmüdafiəçi qol.az saytına qısa açıqlamasında “köhlən atlar”dan ayrılacağını deyib. Millinin düşərgəsində olduğuna görə ətraflı danışa bilməyən 30 yaşlı futbolçu sayt əməkdaşının “Qarabağ”da qalacaqsızmı” sualına qısaca “yox” cavabını verib.
Ağdamlılarla müqavilə şərtlərində razılığa gələ bilmədiyini söyləyən Gerye ölkəmizdə başqa komandanın formasını geyə bilər. Təcrübəli oyunçunun sözlərinə görə, yerli klublarımızın birindən təklif alıb. Həmin komandanın “Neftçi” olduğu isə inandırıcı görünür. Necə ki, yanvarda “Qarabağ” Reynaldo ilə anlaşmaq istəyəndə bakılılar braziliyalı ilə gizli danışıqlara başlamışdı. Amma “ağ-qaralar”ın Geryeyə 500 min dollar verə biləcəyi ən yaxşı halda nağıl sayıla bilər. Çünki paytaxt təmsilçisinin heyətində ən çox qazanan Baqali Dabodu ki, fransız ilinə 250 min dollar alır.
Hansısa problem yaranmasa, növbəti sayımızda Vild-Donald Geryenin müsahibəsi ilə tanış ola biləcəksiz.
HƏBİB