Kançelskis: “Mxitaryan çox qorxubsa, özünə pampers alsın”
Ölkə başçısı İlham Əliyev dünən UEFA prezidenti Aleksandr Çeferinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident Çeferin və UEFA İcraiyyə Komitəsinin üzvləri ilə əvvəlki görüşünü xatırlayaraq, yenidən nümayəndə heyətinin Bakıya səfərindən məmnunluğunu ifadə edib. Ölkə başçısı Azərbaycanla UEFA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib. Çeferin də öz növbəsində Bakıda Avroliqanın final oyununun keçirilməsi üçün yüksək səviyyədə hazırlıq işlərinin görüldüyünü qeyd edib. O, Bakının çox gözəl şəhər olduğunu, müasir inkişafı və tarixi ənənələri özündə birləşdirdiyini vurğulayıb, paytaxtımızda özlərini çox rahat hiss etdiklərini deyib. UEFA prezidenti rəhbərlik etdiyi qurumla AFFA-nın uğurlu əməkdaşlıq həyata keçirdiyini qeyd edərək, yaradılan şəraitə görə minnətdarlığını bildirib. Sonda xatirə şəkli çəkdirilib.
UEFA İcraiyyə Komitəsinin üzvü, Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko da final haqda danışıb. 44 yaşlı funksioner bildirib ki, belə səviyyəli oyunları qəbul edən bütün şəhərlərin infrastrukturunda yüklənmələrin olması normaldı: "Təəssüratım əladı. Gözəl şəhər, gözəl insanlar, qonaqpərvərlik görürük. Əminəm ki, bugünkü qarşılaşma bura gələn bütün azarkeşlərə böyük emosiyalar bəxş edəcək. Fikrimcə, hazırda Çempionlar Liqasının final matçının keçiriləcəyi İspaniyanın paytaxtı Madriddə də problemlər var. Hər bir şəhərdə pik yüklənmə olur. Londonun özündə də yerləşmə, otellər sarıdan az problem olmayacaqdı. Bu, həqiqətən də dünyanın hər yerindən qonaqların toplaşdığı futbol bayramıdı. Əlbəttə, şəhərin infrastrukturunda yüklənmənin baş verməsi mümkündü. Demək olmaz ki, dünyanın hansısa şəhəri Avropa futbolunun belə vacib oyunlarını gərginlik olmadan qəbul edə bilər".
Avroliqanın finalından söz düşmüşkən, Rusiyanın əfsanəvi futbolçusu Andrey Kançelskis ökəsində rusfootball.info saytına müsahibəsinda həlledici matç haqda danışıb. "Mançester Yunayted" və "Everton"un sabiq futbolçusu bunları deyib: "Hazırda İngiltərə premyer-liqası Avropada "1 nömrə"di. Bu ölkənin klublarının avrokubokların finalına yüksəlməsi digər ölkə çempionatlarının geridə qalmasından xəbər verir. "Çelsi" ilə "Arsenal" arasında maraqlı oyun olacağına əminəm. Ancaq bununla bağlı mərc etməmişəm. Çünki necə nəticələnəcəyini bilmirəm. Komandaların şanslarına nəzər yetirsək, fikrimcə, hazırkı durumda "Çelsi" üstündü. Çünki onların bütün xətləri balanslaşdırılmış vəziyyətdədi. Məncə, "Çelsi" qalib gələcək. Ancaq bu, finaldı və hər şey baş verə bilər. Düşünürəm ki, oyun penalti seriyasına qədər uzanmayacaq, normal vaxtda başa çatacaq. İstənilən halda, baxımlı oyun izləyəcəyik. Çünki ingilislər açıq futbol sərgiləyirlər. Məhsuldar oyun gözlənilir".
Özbəkistan "Novbahor"unu çalışdıran 50 yaşlı mütəxəssis "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməkdən imtina etməsinə də münasibət bildirib: "Mxitaryanın Bakıya yollanmaqdan imtina etməsini başa düşə bilmirəm. Kimdən qorxursan, hansı siyasi əlaqələrdən? Sən futbolçusan, getməli və oynamalısan. Bu nə cəfəngiyyatdı? Sadəcə, gülməlidi. Bir növ klounluqdu. Gedib oynamaq və heç kimdən qorxmamaq lazımdı. Siyasi məsələdən sənə nə? Azərbaycanla Ermənistan arasındakı münasibətlər necə olur-olsun, getmək və oynamaq lazımdı. Orda heç kim barmağına da toxunmayacaq. Bəlkə fitə basacaqlar, qışqıracaqlar. Maradona da İngiltərəyə əllə qol vurduğu üçün fitə basılmışdı. Maradona ki yaşayır. Mxitaryan çox qorxubsa, özünə pampers alsın. İnsan bir şeyi istəyirsə, öz gücü ilə edəcək. Yox, qorxursansa, qorxaq olduğunu etiraf et. Mən klubun rəhbəri olsaydım, peşəkar öhdəliyini yerinə yetirmədiyi üçün Mxitaryanı cərimələyərdim. Onlar Avropa Liqasını qazana bilməsələr, məhz Mxitaryan günahlandırılacaq. Çünki getmədi və komandaya kömək etmədi".
Yığmanın və "Krılya Sovetov"un üzvü Ramil Şeydayev də AL-in finalı, Mxitaryanın qərarı haqda düşüncələrini dilə gətirib: "Avroziviziya”dan sonra Bakıda ardıcıl çoxlu beynəlxalq tədbirlər keçirildi: “Formula-1”, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, müxtəlif növlər üzrə dünya çempionatları və s. Aydındı ki, Avroliqa tam fərqli səviyyədi. Məmnuniyyətlə orda olmaq istərdim, amma komandamın keçid oyunları olacaq... Mxitaryanın qərarı? Düşünürəm ki, bu, normal deyil. Siyasəti idmana qatmaq olmaz. Fakt budu ki, ona bütün səviyyələrdə təhlükəsizlik təminatı verildi. Amma o, finala getmək istəmədi. Məlum məsələdi ki, bu məhz siyasi cəhətdən verilmiş qərar idi. Mən xatırlamıram ki, Bakıda kiməsə, hardasa ziyan vursunlar. Hər halda, hansısa təxribatçılar ona səhv məlumat veriblər. Burda boks, güləş üzrə dünya çempionatları keçirilib, erməni idmançılar iştirak ediblər. Orda bir il yaşamışam, Bakı sakit, sülhsevər şəhərdi. Üstəlik, səfir də deyir ki, hər şey qaydasında olacaq. Ümumiyyətlə, bu hal normal deyil”.