Əsas yığma ilə oyun saat 19.00-da başlayacaq
Xəbər verdiyimiz kimi, mayın 18-dən 28-dək Sloveniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət yığma artıq vətəndədi. Qeyd edək ki, U-21 hazırlıq prosesi zamanı iki yoxlama oyunu keçirib. Mayın 21-də Xorvatiyanın “Slaven Belupo-2” komandası ilə qarşılaşan Milan Obradoviçin yetirmələri ilk oyunda 1:1 bərabərə qalmış, mayın 27-də isə Lyublyana “Olimpiya”sının əvəzedicilərinə 4:2 qalib gəlmişdi. Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına hazırlaşan milli bu gündən yenidən bir araya gəlir. U-21 iyunun 3-dək Bakıda təlim-məşq toplanışında olacaq, ardından tsiklin ayın 6-dakı açılış oyunu üçün Lixtenşteynə yollanacaq.
Gənclər iyunun 1-də əsas yığma ilə yoxlama görüşü keçirəcək. Yığmanın baş məşqçisi Milan Obradoviç budəfəki toplanışa 24 futbolçu dəvət edib: Nihad Tamazov, Nicat Süleymanov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Elvin Cəfərquliyev, Musa Qurbanlı (hamısı Qarabağ”), Murad Popov, Amin Seydiyev, Rövlan Muradov (hamısı “Qəbələ”), Elçin Mustafayev, Şakir Seyidov, Emil Qasımov (hamısı “Sabah”), Ricat Qarayev, Süleyman Əhmədov (hər ikisi “Sumqayıt”), Şahin Zəkiyev, Murad Qayalı (hər ikisi “Keşlə”), Kamran İbrahimov (Neftçi), Turan Manafov (Zaqatala), Rafael Məhərrəmli (Zirə), Hüseyn Seyligli (“Beşiktaş”, Türkiyə), Arzuman Rizvanov (“Bohemians”, Çexiya), Barış Əkinçiər (“Bohum”, Almaniya), Ziya Əzizov (“Neymegen”, Hollandiya), Tural Bayramlı (“Dauqavpils”, Latviya).
Sloveniya toplanışı ilə müqayisədə heyətdə bir neçə dəyişiklik diqqəti çəkir. Əvvəla, düşərgədə bir nəfər çoxdu. Ongünlük səfərə 23 futbolçu aparılmışdı ki, onlardan üçü seçmə oyunlar üçün açıqlanan siyahıdan kənarda qalıb. Söhbət “Neftçi”li Rəhman Daşdəmirov, “Sabah”lı Zahid Mərdanov və MOİK-in üzvü Abbas Ağazadədən gedir. Əvəzində seçmə oyuna bir neçə legioner dəvət olunub. Düzdü, Hollandiyada çıxış edən Ziya Əzizov Sloveniyaya da aparılmışdı. Onunla yanaşı, “Beşiktaş”da top qovan Hüseyn Seyliğli, “Bohemians”da legioner həyatı yaşayan Arzuman Rizvanov, “Dauqavpils”in uğurları üçün tər tökən Tural Bayramlı və uzun müddətdi U-21-dən aralı düşən türk əsilli Barış Əkinçiər yığmaya çağırılıb. Barış ötən ilin sonunda ürəyindən əməliyyat olunmuşdu. Almaniya “Bohum”unda top qovan hücumçu apreldə yaşıl meydanlara dönüb. Ötən ay ikinci bundesliqada “Regensburq”la görüşün son 16 dəqiqəsində meydanda olan Barış oyundan dərhal sonra Berlin klnikalarının birində müayinədən keçmiş, səhhətində heç bir problem aşkarlanmamışdı. Əlavə edək ki, “Bohum” milli futbolçumuzla əməkdaşlığı davam etdirmək niyyətindədi və bu üzdən də 2020-ci ilə qədər olan müqavilənin müddətini daha 2 illik uzatmağı təklif edib.
U-21 əsas yığma ilə iyunun 1-də “Dalğa Arena”da üz-üzə gələcək. Saat 19.00-da başlayacaq oyunun canlı yayınlanıb-yayınlanmayacağı dəqiqləşməyib. Əslində oyun “CBC Sport”un həftəlik proqramına daxil edilməyib. Ancaq son anda qrafikdə dəyişiklik edilməsi mümkündü. Dünən başı Avroliqanın final oyununa qarışan telekanal rəsmilərindən bunu dəqiqləşdirə bilmədik.
MİRAĞA