“Arsenal”ın futbolçuları Avroliqanın finalında “Çelsi” ilə matç üçün Bakıya gətirilməyən erməni komanda yoldaşları Henrix Mxitaryana dəstək vermək istəyiblər. “Daily Mail” nəşrinin məlumatına görə, "topçular" paytaxtımızdakı məşqlərdə üzərində Mxitaryanın adı yazılan formaları geyməyi planlaşıdırıblar. Lakin UEFA buna izacə verməyib və “Arsenal”a istənilən təxribat xarakterli hərəkətin qadağan olunduğu bildirilib. İngilis nəşri London klubunun Mxitaryanla bağlı bəyanat verməkdən çəkindiyini və futbolçusuna dəstək vermək üçün heç bir tədbir görməyəcəyini yazıb. Xatırladaq ki, Henrix ölkəmizdə təhlükəsizliklə bağlı bütün zəruri zəmanəti alsa da, ailəsi ilə məsləhətləşəndən sonra final oyununa gəlməmək qərarı verib.
Məlum olduğu kimi, mayın 25-dən etibarən Dənizkənarı Bulvarda BOS-da reallaşacaq final oyununun “Azarkeş Festivalı” keçirilir. Festivalın gerçəkləşdiyi müddət ərazidə müxtəlif əyləncə nöqtələri fəaliyyət göstərir. Final oyunu günü – mayın 29-da isə azarkeşləri daha bir sürpriz gözləyir. “Azarkeş Festivalı”nın ərazisində quraşdırılmış böyük monitorda “Çelsi” - “Arsenal” qarşılaşmasının rəsmi ictimai baxışı təşkil olunacaq. Festivalın ziyarətçiləri saat 23.00-dan etibarən final oyununu canlı yayında izləyə biləcəklər.
Sonda isə hər iki komandanın üzvlərinin həlledici matçla bağlı fikirlərini diqqətinizə çatdıraq.
Sokratis Papastatopulos ("Arsenal"ın müdafiəçisi): "Çelsi" çox yaxşı məşqçi və güclü futbolçulara sahibdi. Onlara hörmətlə yanaşırıq, ancaq çəkinmirik. Meydana çıxıb öz oyunumuzu sərgiləyəcəyik. Öz oyunumuzu göstərmək üçün Bakıya gəlmişik. Burda kuboku qazanacağımıza inanmalıyıq. Özümüzü yüz faiz matça kökləsək və bir az da bəxt tərəfimizdə olsa, istəyimizə çata bilərik. Finalda hər şey ola bilər, kubokla dönməyi bacara bilərik. Düzdü, bizim üçün çətin olacaq, amma rəqib üçün də vəziyyət eynidi".
Pedro Rodriges ("Çelsi"nin yarımmüdafiəçisi): “Kuboku başın üzərinə qaldıranda yaşadığın hisslər unikaldı. Bunu sözlə ifadə etmək mümkün deyil, gərək yaşayasan. Avropa Liqasında əla mövsüm keçirmişik. Mauritsio Sarrinin strategiyası - hücum futbolu və yüksək pressinq çox işimizə yaradı. Çoxlu qol imkanları yaradırıq, rəqibin cərimə meydançasına daha çox oyunçu ilə yerləşirik. "Arsenal"la keçirəcəyimiz oyunu da izləməyə dəyər. Çünki açıq və sürətli futbol gedəcək. Rəqib də hücum futbolunu sevir. Onlar bizim kimi müdafiə olunmağa meydanın rəqibə aid hissəsindən başlayırlar. Bu üzdən düşünürəm ki, Bakı finalı göz oxşayacaq".
Şkodran Mustafi ("Arsenal"ın müdafiəçisi): "Premyer-liqada mövsümü 70 xalla tamamlamışıqsa, bunun bir səbəbi olmalıdı. Müdafiəni düşünmədən, sadəcə, hücum oyunu göstərsəz, bu qədər xal yığmaq qeyri-mümkün olar. "Çelsi"yə qarşı çox oynamışıq. Onlarla bir-birimizi yaxşı tanıyırıq. Hər iki komanda rəqibin zəif nöqtələrini bilir. Məsələn, biz "Çelsi"də kimin nə qədər səhv etmək ehtimalının olduğuna bələdik. Gərgin mübarizə olacaq. Amma düşünürəm ki, onları məğlub etmək üçün kifayət qədər yaxşıyıq. Bu artıq premyer-liqa yox, Avropa Liqası matçı olacaq. Yəni azarkeşlər bu dəfə sıradan bir premyer-liqa oyunu yox, fərqli qarşılaşma izləyəcəklər. Bir səhvin nəticəni müəyyənləşdirəcəyi oyun olacaq. Bu üzdən də diqqətli olmalıyıq. Müdafiəçi olaraq səhvsiz çıxış etməliyik. Bacarığımızın 90 faizini göstərsək, rəqib 10 faizlik şansından yararlanar. Arxa xətdə bir səhviniz sayəsində rəqib qol vursa və oyunun qalan dəqiqələrində əla təsir bağışlasaz, insanlar yenə qolu xatırlayacaqlar. Düzdü, bu mövsüm istədiyimiz kimi oynamadıq, bir məyusluq oldu. Ancaq Avroliqada hədəfə çatmaq şansımız davam edir. Mövsümü titulla bitirmək istəyirik".
David Luis (“Çelsi"nin müdafiəçisi): "İndiki final 2013-cü ildəkindən fərqlidi. Çünki bu dəfə əzəli rəqiblər böyük London derbisində üz-üzə gələcək. Bu, yüksək səviyyəli rəqabət olacaq. Emeri "Arsenal"da böyük işlər görür. Arsen Venger uzun illər bu komandaya rəhbərlik edib. Yeni baş məşqçi ilə ilk illərdə nəyəsə nail olmaq çətin idi. Amma Emeri öz fəlsəfəsini formalaşdırdı və klubda etibar qazanmağa çalışdı. PSJ-də bir neçə ay onunla birlikdə çalışmaq imkanım olub, böyük məşqçidi. Ehtiraslıdı və işini sevir. Xüsusən də Avroliqanı necə qazanmaq lazım olduğunu yaxşı bilir. Buna görə də Bakıda təkcə "Arsenal"la yox, Emeri ilə də mübarizə aparacağıq".
Jorjinyo ("Çelsi"nin yarımmüdafiəçisi): "Premyer-liqada "Mançester Siti" və "Liverpul"un ardından üçüncü yeri tutduq, Liqa Kubokunda və Avroliqada finala yüksəldik. Belə bir mövsümün ardından Sarrinin gedişi məni təəccübləndirər. Bizim üçün pozitiv mövsüm oldu. Sarrinin rəhbərliyi altında komanda əvvəlkindən daha rahat görünür. O ki qaldı Avroliqadakı şansımıza, özümüzə güvənməli və kuboku qazanacaq gücdə olduğumuzu bilməliyik. Əla futbolçulara malikik. Evə kubokla dönə bilərik. Bu, beynəlxalq dərəcəli oyundu. Finalda iştirak edən komanda kimi yalnız meydandakı mübarizəyə köklənmişik. Yeganə doğru yol budu. Başqa heç nə haqda düşünmürük".