Sizin reklam burada

Namiq Məmmədkərimov yığma karyerasını bitirmək istəyir

Title
Namiq Məmmədkərimov yığma karyerasını bitirmək istəyir
“Pley-off mərhələsi başqa aləm idi”
Ölkə kubokunu qazanan “Ekol” mövsümü titulla başa vurmağı bacardı. Final matçının ən yaxşısı isə Namiq Məmmədkərimov seçildi. Təcrübəli futzalçı “Advokat”ın qapısından 4 top keçirdi. Çempionatda 76 qol vuran və bombardirlərin yarışında yalnız “Xəzər Cənub”lu Hadi Rizvandan geri qalan Məmmədkərimovun ikinci cavanlığını yaşadığını deyə bilərik. Yeri gəlmişkən, o, “ikinci cəbhə”də daha 6 dəfə fərqlənib. Məmmədkərimov Futzal Federasiyasının rəsmi saytına müsahibə verərək, mövsümü dəyərləndirib.
- Final oyunu “Ekol” üçün asan keçdi…
- Əslində biz finalda “Xəzər Cənub”la qarşılaşacağımızı gözləyirdik. Hazırlığımızı də ona uyğun keçmişdik. “Advokat” ikinci liqada çıxış etsə də, oyuna yanaşmamız dəyişməmişdi. Çünki final cəmi bir qarşılaşmadan ibarətdi və qalib gələn kuboka sahib çıxacaqdı. Təbii ki, rəqibimizə hörmətlə yanaşırdıq. Nə gizlədim, “Advokat”ın finalda oynaması mənim üçün sürpriz oldu. Onlar da son oyuna asan yolla gəlməmişdilər.
- Oyunun ən yaxşısı seçildiz. Ümumiyyətlə, oyunçunun fərdi baxımdan fərqləndirilməsi ona necə motivasiya verir?
- Əlbəttə, istənilən idmançı üçün hansısa nominasiyanın qalibi olmaq, fərqlənmək sevidiricidi. Mən də final oyununun ən yaxşısı seçildiyim üçün qürur hissi keçirdim. Sözsüz, meydana çıxanda ilk işimiz hansısa nominasiyanın qalibi olmaq yox, komandanın uğur qazanmasına kömək etməkdi. Həm də bu cür nominasiyalar məsuliyyəti artırır və növbəti mövsümdə daha yaxşı oynamağa vadar edir.
- “Ekol” mövsümü titulla başa vurdu. Çempionatda qazanılan bürünc medal və ölkə kubokunu sizin üçün uğurlu hesab etmək olar?
- Mövsümə başlayanda məqsədimiz mükafatçılar sırasında yer almaq idi. Biz də yüksək liqanın bürünc medalını qazandıq, ölkə kubokunun qalibi olduq. Məncə, komandamız üçün mövsümü uğurlu hesab etmək olar. Bu münasibətlə komanda yoldaşlarımı və rəhbərliyi təbrik edirəm.
- Yüksək liqanın başa çatan mövsümü başqa nə ilə yadda qaldı?
- Oyunlar yetərincə maraqlı keçdi. Düzdü, zəif komandalar da var idi. Ancaq pley-off mərhələsi başqa aləm idi. Oyunlar gözləniləndən də gərgin keçdi. Bu il çempionluğu qazanan kollektiv onu asan əldə etmədi. Fikir verdinizsə, pley-off oyunlarına maraq da böyük idi. Azarkeşlərin sayı da xeyli dərəcədə artmışdı. Bunun səbəbi həm oyunların gərgin keçməsi, həm də “CBC Sport”un artıq ikinci mövsümdü ki, oyunlarımızı canlı yayınlamasıdı. Bu telekanalın kollektivinə təşəkkür edirik. Onlar bizdən az əziyyət çəkmirlər.
- “Ekol” qış fasiləsinə lider yollansa da, bunun davamını gətirə bilmədi. “Qızıl”a gedən yolda komandada nə çatmadı?
- Sona yaxın bir qədər gücümüz tükəndi. Heyətimizdə zədəli və cəzalı oyunçular oldu ki, çıxışımıza mənfi təsir göstərdi. Həm də “Ekol” pley-offda çıxış edən komandalar arasında sırf yerli futzalçılardan qurulan yeganə kollektivdi.
- Karyeranla bağlı qərarın necədi: davam edirsən?
- Klubda çıxışımı davam etdirmək istəyirəm, etdirəcəm də. Ancaq milli ilə bağlı qərar verməliyəm. Rəhbərliklə və baş məşqçi ilə danışacam, çətin də olsa, millidəki karyeramı başa vuracam. Artıq bütün diqqətimi klubuma yönəldəcəm.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.