Sizin reklam burada

“Arsenal” "Fairmont"da məskunlaşdı, “Çelsi” bu gün gəlir

Baxış Sayı:903

“Arsenal” "Fairmont"da məskunlaşdı, “Çelsi” bu gün gəlir
Azad Rəhimov: “Bəlkə Mxitaryanın dalınca iki F-16 qırıcısının müşayiəti ilə özəl təyyarə göndərək?”
Çərçənbə axşamı təkcə Avropanın yox, bütün dünyanın gözü Bakıda olacaq. Bakı Olimpiya Stadionunda (BOS) Avroliqanın final oyunu keçiriləcək. Saat 23.00-dan etibarən “Arsenal” və “Çelsi” AL-in kubokunu başı üzərinə qaldırmaq üçün ölüm-qalım savaşına başlayacaqlar. Final oyunu olması ilə yanaşı, İngiltərənin iki köklü, tanınmış və dünyada yetərincə azarkeşi olan klublarının üz-üzə gəldiyindən Bakıdakı matça maraq həddən artıq böyükdü. Odu ki, bu oyunla bağlı detalları, informasiyaları anbaan diqqətinizə çatdırırıq.
“Arsenal” nağaralarla qarşılandı
Bakıya ilk təşrif buyuran finalçı “Arsenal” oldu. “Topçular”ı gətirən təyyarə şənbə günü saat 19.30-da paytaxtımıza çatıb. "Arsenal"ı Bakıda "Ritm Rəqs Qrupu"nun nağara ifaçıları və bir qrup azarkeş qarşılayıb. Daha sonra futbolçular "Fairmont" otelinə yollanıblar. "Çelsi" isə bu gün Bakıda olacaq. "Zadəganlar" 23.00-da hava limanında olacaqlar və "Hyatt Park" otelində məskunlaşacaqlar. Yeri gəlmişkən, "Arsenal" Bakıya 24 oyunçu ilə gəlib. İspan baş məşqçi Unay Emeri "Çelsi" ilə matç günü onlardan birinin adını siyahıdan çıxaracaq və 23 nəfərlik sifariş ərizəsi UEFA-ya təqdim ediləcək. Bakıya gələn heyət isə belədi: qapıçılar - Petr Çex, Bernd Leno, Deyan İliyev; müdafiəçilər - Loren Kosyelni, Ştefan Lixtştayner, Naço Monreal, Şkodran Mustafi, Sokratis Papastatopulos, Karl Cenkinson, Sead Kolaşinats; yarımmüdafiəçilər - Enzli Meytlend-Naylz, Məsut Özil, Lukas Torreyra, Corc Uillok, Qranit Caka, Bukayo Saka, Məhəmməd El-Nenni, Matteo Genduzi, Aleks İvobi; hücumçular - Pyer-Emerik Obameyanq, Aleksandr Lakazett, Edvard Nketia, Danni Uelbek, Xavyer Amaeçi.
Azad Rəhimov nöqtəni qoydu
“Arsenal”ın erməni futbolçu Henrix Mxitaryanı Bakıya gətirməyəcəyi əvvəlcədən məlum idi. Azərbaycan tərəfinin verdiyi bütün təminatlara baxmayaraq, futbolçu ailəsi ilə məsləhətləşdikdən sonra ölkəmizə gəlməməyi qərara aldı. Bu məsələ uzun müddət müzakirə olundu. Gənclər və idman naziri Azad Rəhimov srağagün CNN telekanalına ingilis dilində verdiyi müsahibədə, demək olar, məsələyə nöqtə qoyub. Nazir telekanalın əməkdaşı Amanda Devisin sualını cavablayarkən təəccübləndiyini gizlətməyib: “Siz daha çox təminat istəyirsiz? “Daha çox” deyərkən nəyi nəzərdə tutursuz? 100 faizlik təminatdan daha çox nə ola bilər? Biz “təhlükəsizlik” deyərkən anlaşılan nə varsa, hamısını etdik. Daha nə edə bilərik? Bəlkə Mxitaryanın dalınca iki F-16 qırıcısının müşayiəti ilə özəl təyyarə göndərək? Mən daha nə edə biləcəyimizi bilmirəm. Öz tərəfimdən mən hökumətin, AFFA-nın və təhlükəsizliyə cavabdeh olan bütün dövlət orqanlarının adından imzalanmış təminat məktubları göndərmişəm”.
Şəxsən Mxitaryana zəng vurub-vurmaması ilə bağlı suala Rəhimov təbəssümlə cavab verib: “Əlbəttə ki, yox. Mən heç onun nömrəsini də bilmirəm. Amma Londondakı səfirimiz müsahibəsində Mxitaryana təklif edib ki, onunla əlaqə saxlasın. Lakin cavab olmayıb... Biz heç vaxt Azərbaycana idman yarışına gəliş üçün məhdudiyyətlər qoymamışıq. Erməni əsilli vətəndaşlar əvvəlcədən Azərbaycana viza üçün sənədlərlə müraciət etməlidirlər. Bu, ölkəmizə gələn başqa turistlərə nisbətən daha çox vaxt apara bilər. Bu, yeganə fərqdi. Belə isə heç bir məhdudiyyət yoxdu”.
“Azarkeş Festivalı” start götürdü
Şənbə günü dənizkənarı bulvarda Avroliqanın finalıyla bağlı “Azarkeş Festivalı” start götürüb. Tədbirin ulduz qonaqları – ingiltərəli Maykl Ouen və italiyalı Françesko Toldonun iştirakı ilə keçirilən açılış mərasiminə finalın yerli Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov, AFFA-nın prezidenti Rövnəq Abdullayev, assosiasiyasının 1-ci vitse-prezidenti Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, İcraiyyə Komitəsinin üzvləri və başqa rəsmi şəxslər təşrif buyurub. “Azarkeş Festivalı” ictimaiyyətin böyük marağına səbəb olub. Müxtəlif əyləncə qurğuları ilə tanış olan ziyarətçilər Ouen və Toldo ilə şəkil çəkdirmək, onlardan imza almaq imkanı qazanıblar. Qeyd edək ki, ferstival mayın 29-na qədər fəaliyyət göstərəcək. İctimaiyyət üçün girişin sərbəst olduğu tədbirdə AL-in kuboku ilə şəkil çəkdirmək, festivalın əsas səhnəsində Bakının və ümumilikdə Azərbaycanın ən yaxşı diceylərinin, qruplarının və ifaçılarının çıxışından zövq almaq, müxtəlif futbol məşğələlərində və həyəcanverici Virtual Reallıq zonasında bacarıqları sınaqdan keçirmək, inanılmaz mükafatlar qazanmaq mümkündü.
Zaur Axundov: “İstəmirsə, təyyarəyə məcbur mindirib gətirmək olmaz”
Festivalda iştirak edən AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov final haqda bunları deyib: "Avroliqanın final oyunu Bakıda keçiriləcək. Bundan böyük canlanma ola bilməz. Bu gün bütün idman ictimaiyyəti bu tədbirlə yaşayır. Həm stadion, həm infrastruktur, bir sözlə, hər şey tam hazırdı. Düşünürəm ki, bu, Azərbaycan üçün bayram olacaq. Henrix Mxitaryanın gəlməməsi? Bu qaldı tarixdə. Azərbaycan və UEFA tərəfindən təhlükəsizliklə bağlı təminat verildi. İnsan özü gəlmək istəmirsə, təyyarəyə məcbur mindirib gətirmək olmaz. Özünün şəxsi problemi idi. Azərbaycanda keçirilən turnirlərdə dəfələrlə Ermənistan idmançıları iştirak ediblər. Dövlət səviyyəsində tam zəmanət verilir, heç bir problem də ola bilməz. Sadəcə, onlar bu dəfə məsələni siyasiləşdirmək istədilər. Bu da təbii ki, alınmaz".
Rauf Əliyev: “Gəlsəydi, Mxitaryana nə olacaqdı ki?”
“Azarkeş Festival”ında iştirak edən AFFA-nın 1-ci vitse-prezidenti, millət vəkili Rauf Əliyev də jurnalistlərə müsahibəsində final haqda düşüncələrini dilə gətirib: “Azərbaycan idman ölkəsidi, indiyədək nə qədər mötəbər yarışlara evsahibliyi etmişik. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, "Formula-1" və s. Ondan əvvəl də ölkəmizdə müxtəlif idman növləri üzrə Avropa və dünya çempionatları təşkil olunub. Belə böyük tədbir üçün Azərbaycan tam hazırdı. Avroliqanın finalının Bakıya salınmasının özü bir mərhələdi. Bura gələnlər görəcəklər ki, necə yüksək səviyyəli təşkilatçılıq olur. Finalda İngiltərənin iki təmsilçisi mübarizə aparacaq. Belə bir sual verim: niyə "Çelsi"nin səsi çıxmır, amma "Arsenal"la bağlı çox şey yazırlar? Çünki "Arsenal"da Henrix Mxitaryan oynayır və bunu da erməni lobbisi edir. Onlar bu ölkədə belə böyük tədbirlərin keçirilməsini qəbul edə bilmirlər. Azərbaycan hökuməti və UEFA tərəfindən təhlükəsizliyə təminat da verilib, məktublar da göndərilib. Gəl, oyna da... Bununla bağlı bir misal çəkim: ölkəmizdə aerobika üzrə Avropa çempionatı keçirilir. Rusiya millisinin heyətində iki erməni bacı-qardaş da burdadı. Bakıya gəliblər, şəhəri gəziblər. Dünən müsahibələrində də dedilər ki, bura tam təhlükəsiz yerdi. Gəlsəydi, Mxitaryana nə olacaqdı ki? Birincisi, klubun futbolçususan. İkincisi, məncə, "Arsenal" rəhbərliyi onun müqaviləsinə baxmalıdı. Mxitaryanın imtinası düzgün addım deyil, klubun qanunlarını pozub. Bu üzdən də klub bu məsələyə baxmalıdı. Təhlükəsizliklə bağlı heç bir problem yoxdu. UEFA prezidenti Aleksander Çeferin də çıxışında finalın Bakıya salınmasını dəstəkləyib və bildirib ki, UEFA infrastrukturu genişləndirir. Bütün bunlar erməni lobbisinin işləridi. Dünyada ən ali orqan BMT-di. Bu qurumun 4 qətnaməsi var ki, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan çıxmalıdı. Üstündən 26 il vaxt keçib, çıxıb? Bu, ikili standartdı. Buna görə də İngiltərə mətbuatında yazılanların hamısı boş şeylərdi. Final yüksək səviyyədə təşkil olunacaq. Eyni zamanda gələn il Avropa çempionatının 4 qarşılaşması ölkəmizdə oynanılacaq. Azərbaycan buna tam hazırdı, cənab prezident tərəfindən hər bir sərəncam verilib, gözəl stadionumuz var, Təşkilat Komitəsi yaradılıb. Hesab edirəm ki, bu söz-söhbətlər mənasız şeylərdi”.
“Finalda hansı komandaya azarkeşlik edəcəksiz” sualına “artıq "Çelsi"yə azarkeşlik edəcəm” deyə cavab verən Əliyev “sırf Mxitaryana görə” sualına da “bəli” cavabını verib. O, “düşünmürsüz ki, Mxitaryan bu addımı Ermənistan hakimiyyətinin təzyiqi ilə atıb” sualını belə cavablayıb: “Bu da ola bilər. Amma ölkənin fərqli, klubun isə fərqli qanunları var. Onların hakimiyyəti buna icazə verməsə də, əminəm ki, məsələyə hüquqi tərəfdən baxılacaq. Bir var ki, klub Mxitaryanın qalmasını qərara alsın, bir də var futbolçu imtina etsin. Hər cür şərait var və təhlükəsizlik təmin olunub. Belədə ona sual verilməlidi ki, niyə imtina edirsən? Onların hökumətinin nə düşündüyü bizi maraqlandırmır, biz ölkə olaraq yalnız irəli getməyə çalışırıq”.
Toldo “Çelsi”nin qələbəsini istəyir, Ouen tərəddüd edir
Yuxarıda qeyd etdiyimiz kimi, “Azarkeş Festivalı”nın açılışında Françesko Toldo və Maykl Ouen iştirak edib. Hər iki ulduz futbolçu Bakı və finalla bağlı fikirlərini dilə gətirib.
Françesko Toldo: "Bakı fantastik və müasir şəhərdi. Azərbaycan bütün dünyanın izləyəcəyi bir tədbirə evsahibliyi edir. Bu, möhtəşəm hadisədi. Avroliqada ingilis finalı olacaq. Ümid edirəm ki, növbəti mövsüm İtaliya komandalarından hansısa biri finalda iştirak edər. İndiki halda isə, fikrimcə, "Çelsi" italiyalı baş məşqçinin komandaya gəlişi ilə daha da güclənib. Kimin qalib gələcəyini demək çətindi. Ümid edirəm ki, "Çelsi" qələbə qazanacaq. Azərbaycan futbolu Avropa ilə müqayisədə geri qalır, lakin daim inkişafdadı. Avropa çempionatları səviyyəsinə çatmaq üçün potensialının olduğunu düşünürəm. Ona görə də inkişaf etməyə davam etməlidi".
Maykl Ouen: "Mən daha əvvəl də Bakıda olmuşam, İngiltərə yığmasının heyətində Azərbaycan millisinə qarşı çıxış etmişəm və qol vurmuşam. Bakı həmin vaxtdan bəri çox inkişaf edib, gözəlləşib və müasirləşib. Kimə azarkeşlik edəcəm? "Arsenal" və "Çelsi" hər ikisi İngiltərə komandasıdı. Çoxlu ingilis fanat bu gözəl ölkəyə səfər edəcək və xoş təəssürat yaşayacaqlar. Komandaların gücü bir-birinə yaxındı, ona görə də nəsə demək çətindi. Fikrimcə, "Çelsi" bir az daha yaxşı vəziyyətdədi. Yaxşı oyun alınacaq. Bilirsiz ki, mənim sevimli komandam "Liverpul"du. Onlar bu il də Çempionlar Liqasının finalında iştirak edəcəklər. Mən orda uzun illər çıxış etmişəm. İstəyirəm ki, finalda qalib gəlsinlər. İşlərimlə bağlı Madridə gedəcəm və növbəti həftə orda olacam. Avroliqanın finalını isə televizordan izləyəcəm".
BOS hazırdı
Ötən sayımızda BOS-da UEFA-nın apardığı müəyyən yenidənqurma işlərindən sonra azarkeş tutumunun azaldığını xəbər vermişdik. Belə ki, 68700 tamaşaçı tutumuna malik olan ölkənin ən nəhəng idman qurğusunda hazırda 63 min oturacaq var. Ümumilikdə finala hazırlıq baxımından işlərin başa çatıb-çatmadığını stadionun mətbuat katibi Cəmilə Mehdiyevadan soruşduq. O, artıq BOS-un tam hazır olduğunu söylədi. Qeyd edək ki, arenada sabah açıq məşqlər və baş məşqçilərin mətbuat konfransı keçiriləcək. Mayın 29-da isə BOS möhtəşəm oyuna “qucaq açacaq”.
FARİZ hazırladı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR