Fərhad Həsənov: “Bu həm şəhərimizn yubiley ilində, həm də Respublika Günündə sumqayıtlılar üçün əla hədiyyə olar”
Mayın 28-də sumqayıtlı futbolsevərləri maraqlı qarşılaşma gözləyir. Həmin gün saat 17.00-da Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda “gənclik şəhəri”nin veteranlardan ibarət komandası Rusiyanın veteran yığması ilə qarşılaşacaq. Oyun Respublika Gününə və Sumqayıtın 70 illik yubileyinə həsr olunub. Bu haqda bilgini Veteranlar İttifaqının vitse-prezidenti Rüstəm Rəhimovdan aldıq: “Rusiyanın futbol veteranlarından ibarət yığması mayın 27-də Azərbaycana qonaq gələcək. Əvvəlcədən əldə olunan razılığa əsasən şimal qonşularımız burda iki oyun keçirməlidi. Həmin matçlardan biri Bakıda, digəri Sumqayıtda olacaq. Sumqayıtın veteranlardan ibarət komandası ilə oyun mayın 28-də baş tutacaq. Bildiyiniz kimi, bu il şəhərin 70 illik yubileyi qeyd olunur. Bundan başqa, həmin gün daha bir bayram – Respublika Günü qeyd olunur. Düşündük ki, bayrama bayram ab-havası qataq. Rusiya yığmasının heyətində tanınmış veteranlarla yanaşı, Dövlət Dumasında “Yedinaya Rossiya” partiyasını təmsil edən deputatlar da yer alacaqlar. Bu cür qarşılaşmalar artıq neçə illərdi keçirilir. Demək olar ki, bütün görüşlər də Bakıda baş tutduğundan paytaxtımızı çox yaxşı tanıyırlar. Sumqayıtda oyun təşkil etməklə həm də göstərmək istəyirik ki, Azərbaycan tək Bakıdan ibarət deyil, başqa şəhərlərimiz də var və səliqə-səhmanına, gözəlliyinə görə heç də paytaxtdan geri qalmırlar. Ümid edirəm ki, mayın 28-də keçiriləcək oyuna sumqayıtlı azarkeşlər böyük maraq göstərəcək və qarşılaşma dolu tribunalar önündə baş tutacaq. Belə yoldaşlıq oyunları eyni zamanda Azərbaycanı tanıtmaq üçün bir vasitədi”.
Üç gün sonra təşkil olunacaq görüşlə bağlı “Sumqayıt” Veteran Klubunun rəhbəri Fərhad Həsənovun da fikirlərini öyrəndik: “Sumqayıt” Veteran Klubu mayın 28-də həm Respublika Günü, həm də şəhərimizin 70 illiyi ilə bağlı yoldaşlıq oyunu keçirməyi planlaşdırmışdı. Həmin qarşılaşmada komandamız idman sahəsində çalışan jurnalistlərdən qurulmuş kollektivlə üz-üzə gəlməliydi. Lakin bir neçə gün öncə Rüstəm Rəhimov mənimlə əlaqə saxlayıb Rusiya yığmasının Azərbaycana qonaq gələcəyini bildirdi və onu da əlavə etdi ki, istəyirsizsə, iki görüşdən biri Sumqayıtda keçirilsin. Təbii ki, mən də müəyyən şəxslərlə məsləhətləşdim və belə qərara gəldik ki, niyə də olmasın?! Bu həm şəhərimizn yubiley ilində, həm də Respublika Günündə sumqayıtlılar üçün əla hədiyyə olar. Məndə olan məlumata görə, rəqibin heyətində tanınmış veteran futbolçularla yanaşı, Dövlət Dumasının deputatları da olacaq. Artıq oyunun hazırlığına başlamışıq. “Mehdi Hüseynzadə”nin rəhbərliyi ilə də bu haqda söhbətimiz olub. Arena mayın 28-nə hazır olacaq. Əslində matçı “Kapital Bank Arena”nın əsas meydanında keçirmək istəyirdik. Sadəcə, ora yeni toxum səpildiyindən ikinci varianta əl atmalı olduq. Şəhər və klub rəhbərliyi səviyyəsində də lazımi göstərişlər olub. Şəhər rəhbərliyi də oyunda iştirak edəcək. Bundan başqa, ölkənin tanınmış veteranları da şəhərimizə qonaq gələcəklər. Fikrimcə, rusiyalı qonaqlar Sumqayıta səfərdən məmnun qalacaqlar. “Sumqayıt” Veteran Klubu 25 ildən artıqdı fəaliyyət göstərir. Geridə qalan illər ərzində yerli komandalarla yanaşı, Litvadan, İtaliyadan olan kollektivlərlə yoldaşlıq görüşləri keçirmişik. Komandanın heyətində ancaq sumqayıtlı veteranlar çıxış edir. İnanıram ki, Rusiya yığması ilə qarşılaşmadan da üzüağ ayrılıb, sumqayıtlı azarkeşləri sevindirəcəyik. Matçdan sonra hər iki komanda və qonaqlar şirniyyat süfrəsi arxasında bir araya gələcək”.
RƏŞAD