Sizin reklam burada

Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi

Baxış Sayı:608

Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi
“Onun niyyəti veteranlar arasında çaxnaşma salmaqdı”
Ötən saylarımızın birində futbol ictimaiyyətinin nümayəndələrinin “Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı” adlı yeni qurum təsis etdiyi barədə məlumat vermişdik. Təsis yığıncağı keçirən nümayəndələrin veteran futbolçu Nazim Süleymanovu təşkilata sədr seçdiyini də diqqətinizə çatdırmışdıq. Yeni sədr mediaya ilk açıqlamasında təşkilatla bağlı maarifləndirici işlər görmək üçün Azərbaycanın bölgələrində futbol ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırdıqlarını vurğulamışdı.
Artıq ilk belə görüş baş tutub. Nazim Süleymanovla Əfqan Talıbov Gəncədə futbol ictimaiyyətinin nümayəndələri ilə görüşərək, müzakirələr aparıblar. Bununla bağlı komanda.az saytına danışan Nazim Süleymanov bildirib ki, görüşdə Gəncə futbolunun adlı-sanlı isimləri – Vidadi Rzayev, Tofiq Məmmədov, Fazil Pərvərov, Rövşən Əhmədov, Cavid Əhmədov, Firuz Qulami, Xaliq Qafarov, Həsən Abdullayev iştirak ediblər: “Müzakirələr zamanı yeni yaradılan təşkilatın fəaliyyət prinsipləri barədə məlumat verildi. Gəncə, ümumiyyətlə, Azərbaycan futbolunda böyük xidmətləri olan bu şəxslərin fikir və təkliflərini öyrənmək bizim üçün olduqca vacib idi. Müzakirələr zamanı təşkilatın məqsədi, məramı barədə geniş söhbət etdik. Bildirdik ki, bu təşkilatın əsas məramı Azərbaycan futbolunun inkişafına xidmət etmək, hüququ pozulan hər bir futbol adamının yanında olmaqdı. Bu şəxslərin fikirləri təşkilatın strukturunun qurulması, iş fəaliyyətinin formalaşması yönündə bizim üçün dəyərli məqamlardı. Sözsüz, onların hər birinin təklif və iradları nəzərə alınacaq”.
Təşkilatın sədri belə görüşlərin respublikanın digər bölgələrində keçiriləcəyini də dilə gətirib: “Çalışacağıq ki, Azərbaycan futbolunda xidmətləri olan, bu sahəyə aid olan hər bir şəxsin fikrini alaq, təklifini dinləyək. Bizim təşkilata üzvlük könüllülük əsasındadı. Heç kimi bu təşkilata məcbur üzv qəbul edə bilmərik. Ancaq məqsədimiz odu ki, təşkilatımıza üzv olmayanların da yanında olaq, hüquqları pozulacağı təqdirdə onların da müdafiəsində dura bilək. Azərbaycanın futbol ictimaiyyətinin müzakirələr aparmaq, təklif və iradlarını bildirmək, futbolun inkişafına töhfə vermək üçün hansısa bir birliyə, təşkilata ehtiyacı var”.
Nazim bəyin sözlərindən belə aydın olur ki, onun təşkilatı futbol camiəsində hüquq müdafiəçisi rolunu daşıyacaq. Hüququ pozulanların haqqını qoruyacaq, çətinliklə üzləşənlərin problemlərini həll etməyə çalışacaq. Halbuki hazırda bu missiyanı Oqtay Abdullayevin rəhbərlik etdiyi Veteranlar İttifaqı yerinə yetirir. Belə çıxır ki, Nazim Süleymanov və onun ətrafında toplaşanlar Veteranlar İttifanının fəaliyyətindən narazı qaldıqları üçün yeni təşkilat yaradıblar.
Məsələ ilə bağlı Oqtay Abdullayevin də fikirlərini öyrənməyi lazım bildik. Veteranlar İttifaqının prezidenti yeni təşkilatın yardılmasına zərurət olmadığını bildirdi: “Mən hələ də başa düşə bilmirəm ki, Nazim Süleymanovun məqsədi, məramı nədi? Veteranlar İttifaqı və Musa Qurbanovun rəhbərlik etdiyi təşkilat ola-ola, demək olar ki, oxşar qurumu yaratmağa nə zərurət var idi? Gəncədəki toplantıda kimlər iştirak edib? Bir-iki veteran futbolçunu çıxmaq şərti ilə futbol camiəsində o qədər də tanınmayan şəxslər. Təşkilat yaratmaq istəyən kəs ilk növbədə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməlidi. Ancaq Nazimin təşkilatı hələ heç bir dövlət qurumundan qeydiyyatdan keçməyib. Bundan başqa, niyə bu addımı atmamış heç bir tanınmış veteranla məsləhətləşmədi? Fikrimcə, Süleymanov bu addımı ilə veteranlar arasında parçalanma yaratmaq istəyir. Onun niyyəti çaxnaşma salmaqdı. Bir müddət əvvəl mənimlə telefonda danışdı. Çox sakit, mehriban söhbət etdik. Sonda mənimlə görüşəcəyini vurğuladı. Ancaq nədənsə nə mənimlə, nə də Veteranlar İttifaqının başqa üzvləri ilə görüşüb. Belə başa düşdüm ki, deməyə sözü yoxdu, ona görə də vədini tutmadı. Nə vaxta kimi ora-bura qaçacaq? Yəqin ki, hardasa üz-üzə gələcəyik. Demirəm ki, bu yola qədəm qoymamış mütləq mənimlə görüşməliydi. Ən azı etika xatirinə Veteranlar İttifaqının başqa tanınmış üzvləri ilə məsləhətləşməliydi. Sənə kim səlahiyyət verib ki, veteranlar arasında parçalanma yaradasan? İki gündən bir çıxıb mətbuata açıqlamalar verir. Media sənin və ya yanındakıların problemini həll edəcək? Jurnalistin işi maksimum hansısa prosesi işıqlandırmaqdı. Yaşanan problemləri öz aramızda həl etməliyik, daha qəzet səhifəsində, hansısa saytda yox”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR