Ötən sayımızda "Neftçi"nin Mirabdulla Abbasovu satmaq fikrində olmadığını xəbər vermişdik. Məlum olduğu kimi, futbolçunun xidmətində "Səbail" maraqlıdı. "Dənizçilər"in baş məşqçisi Aftandil Hacıyev də Mirabdullanı komandasında görmək istəyir. Bunun üçün "Səbail" qarşıdakı günlərdə "Neftçi"yə rəsmi müraciət ünvanlayacaq. Ancaq "ağ-qaralar"ın həmin müraciəti necə cavablayacağını zaman göstərəcək. Gəzən informasiyalara görə, Mirabdullanı "Səbail"lə yanaşı, "Qarabağ", "Sabah" və "Zirə" də istəyir.
Məsələ ilə bağlı bəzi məlumatlar əldə etmişik. Deyilənə görə, Mirabdulla özü də klubunu dəyişmək istəyir. Futbolçunun "Neftçi" ilə anlaşmasının müddəti növbəti mövsümün sonunda başa çatır. Lakin onun müqaviləsində belə bir bənd var ki, Abbasovu heyətinə qatmaq istəyən klub 100 min manat ödəməlidi. Hücumçunu heyətinə qatmaq istəyən klublar üçün bu məbləğ o qədər də qorxulu deyil. Sadəcə, bənddəki "100 min manat və klubun razılığı" şərti məsələnin mahiyyətini dəyişir. Çox güman, məhz tələbin ikinci hissəsi Mirabdullanı "Neftçi"dən qoparmaq istəyən komandaların əl-qolunu bağlayır.
Amma burda başqa bir məqam da var. Əvvəla, ürəyi başqa yerdə olan futbolçunun qalması nə ona, nə də kluba fayda verəcək. Necə ki, "Neftçi" qışda Dario Federikonu məhz bu amili nəzərə alaraq satdı. Düzdü, braziliyalının yarım mövsümlük müqaviləsi qalmışdı. Mirabdullada isə anlaşmanın müddəti daha çoxdu. Lakin başqa bir nüansı da nəzərə alaq. Heyətdə Canluka Sansone var və üstəlik, Stiven Jozef-Monrozun da keçidinin alınacağı an məsələsidi. Belədə Mirabdullanın oynamaq şansı daha da azalır. Şübhəsiz, futbolçu da bunu anlayır və bu üzdən özünü yeni komandada sınamaq istəyir. Onsuz da Sansonenin gəlişindən sonra o, daim şans qazanmırdı. Jozef-Monroz da alınarsa, Mirabdullanın arxa plana keçəcəyi gözləniləndi. Bəlkə də "Neftçi" futbolçunun qiymətini qaldırmaq istəyir. Hər halda, proseslərin axarı Abbasovun "ağ-qaralar"dan ayrılacağının daha real olduğunu göstərir.
FARİZ