Mövsümün sonunda "Səbail"dən ayrılan Ruslan Qurbanov karyerasını ölkə xaricində davam etdirəcək. Bu haqda qol.az saytına açıqlamasında futbolçu özü məlumat verib. 27 yaşlı hücumçu menecerinin Polşadan "Visla" və Rusiyanın birinci liqasından bir klubla danışıq apardığını bildirib: "Hələ ki dincəlirəm. Konkret təkliflərim olmasa da, danışıqlar davam edir. Bəzi ölkələrdə mövsüm yeni başa çatıb. Bəzilərində isə hələ davam edir. Ona görə də bir az gözləmək lazımdı. Heç yerə tələsmirəm. Rusiyanın birinci liqasında və Polşa "Visla"sında oynamaq variantım var. Hazırda iki klubdan cavab gözləyirəm".
Rusiya premyer-liqasında oynamasının çətin olduğunu söyləyən Ruslan buna görə vətəndaşlığını dəyişmək istəmədiyini söyləyib: "Premyer-liqada çıxış etmək mənim üçün çətin olar. Çünki orda legioner sayılıram. Buna görə isə Azərbaycan vətəndaşlığından imtina etmək fikrim yoxdu. Bura mənim ikinci evimdi. Bu ölkənin mənə verdiklərini hər zaman qiymətləndirmişəm və bundan sonra da belə olacaq".
MİRAĞA