Sizin reklam burada

“Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb

Baxış Sayı:576

“Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb
Rusiyanın sports.ru portalı dünən “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməklə bağlı qərarına bu komandanın azərbaycanlı fanatlarının münasibəti ilə bağlı yazı hazırlayıb.
Osloda yaşayan və finalı izləmək üçün vətənə dönəcək Murad Mxitaryanın qərarını anlayışla qarşılayır: “Bütün bu tarixçəni yerli azarkeşlər ölkənin “qara piar”ı kimi qəbul edir. Kosmopolitəm və Mxitaryanın mənşəyi mənim üçün maraqlı deyil. Onun transferinə normal yanaşsam da, futbolçu kimi məni məyus etdi. Əlbəttə, ona azarkeşlik edirəm – axı klubumun oyunçusudu. Klubdan Henrixi Londonda saxlamaq qərarını gözləyirdim və əlbəttə, oyunçunu anlayıram. Şübhəm yoxdu ki, hakimiyyət orqanları onun təhlükəsizliyini təmin edəcəkdi, ancaq stadionda çoxlu yerli azarkeşin olacağını nəzərə alsaq, onun oyunda iştirakı tribunaların təzyiqi ilə müşayiət olunacaqdı. Bu, “Arsenal” üçün səfər oyunu olacaqdı”.
Bakılı mühəndis Rüstəm isə klubun davranışından narazıdı: “Arsenal”ı 2000-ci ildən sevirəm. Qəfil yaranan marağın səbəbi Anrinin bağışladığı futbolka oldu. Həm yaxşı, həm də ürəkağrıdan mövsümlərdə azarkeşlik etmişəm. “Arsenal” mənim üçün klub, tarix, futbol ruhu, ehtirasdı, ancaq heç bir halda ayrı-ayrı simalar deyil. Futbol siyasətdən kənardı və Henrix bu tarixçədə “Arsenal”ın adi oyunçusudu. Ayrılıqda heç bir oyunçuya yox, “Arsenal”a azarkeşlik edirəm. Odu ki, klubun son bəyanatlarını dinləmək mənə heç də xoş deyil. Görünür, klub burda da azarkeşlərinin olduğunu düşünmür və ölkənin imicinə ləkə vurur. Hərçənd Azərbaycan Henrixə heç nə etməyib, əksinə, təhlükəsizlik təminatı verir. Onu bura zorla gətirəsi deyildilər ki...
Gəlmək istəmir, bəlkə də qorxur, ancaq hər şeydən əvvəl bunu bilərəkdən edir. Məhz bu yolla yaramazlığa əl atır. Onsuz də gəlsəydi, həmişə olduğu kimi, vaxtının böyük hissəsini ehtiyat oyunçular skamyasında keçirəcəkdi. Faktiki Azərbaycanı sevməyənlər artacaq, Henrix isə əzabkeş kimi görünəcək. Bəlkə də Ermənistandan olan fanat ordusu bu qərara təsir etdi. Ancaq kluba xatırlatmaq istəyirəm ki, Mxitaryan bir neçə ilə gedəndən sonra həmin ordu dağılacaq. Azərbaycanda olan “topçular”ın sadiq azarkeşləri isə qalacaq”.
Qəbələdən olan tələbə Əmir Mxitaryan gəlməyəcəyinə görə sevinir: “Sançesi Mxitaryanla dəyişəndə məyus oldum. Ancaq onun milli mənsubiyyətinə görə yox, bu, sadəcə, qorxunc transfer xətası idi. Bir daha deyirəm ki, milliyyətin əhəmiyyəti yoxdu, çünki idman adamları birləşdirmək üçün yaranıb, əks halda ona heç bir maraq olmazdı. Oyunçular meydanda rəqib ola bilər, ancaq bu məqam futbolun dostluqlar doğura biləcəyi gerçəyini dəyişmir. Mənim üçün Mxitaryanın gəlib-gəlməyəcəyi önəmli deyil. Onun qərarı hətta məni sevindirir. Çünki azarkeşlərin böyük əksəriyyəti Henrixi sevmir”.
Bakıdan olan dicey və prodüser Emin fəlsəfi düşünür: “Mxitaryanın transferi uğursuzdu. Heç də ona görə yox ki, ermənidi, ona görə ki, Londonda özünü 100 faiz göstərə bilmir. Ancaq idman siyasət deyil. Henrixin milli mənsubiyyəti “Arsenal”a və onun özünə azarkeşlik etməyimə mane olmur. Odu ki, Bakıya gəlməmək qərarından sonra ona münasibətim dəyişməyib – onsuz da “Çelsi”nin öhdəsindən gələcəyik. Belə hallar olub, “Arsenal”da daim kimsə çatmır”.
“Arsenal Azerbaijan Supporters Club” fanklubunun rəhbəri Mxitaryanı siyası piyada sayır: “Arsenal”a 1997-ci ildən azarkeşlik edirəm. Niyə? Futbol fəlsəfəsi hardasa “Barsa” ilə “Ayaks” arasındadı. Məhz onda Berqkamp və Overmars oynayırdılar, futbol xarüqələri yaradırdılar. “Arsenal”ın Azərbaycandakı rəsmi fanklubunun rəhbəri kimi Henrixə münasibəti gözəl bilirəm. Fanatların 80 faizdən artığı onun transferini idman baxımından adi hal kimi qiymətləndirdi. O, “Mançester Yunayted”də oynayanda bu kluba nifrət etmirdik ki. Ola bilsin, yunan burnuna lağ edirdik. Ancaq Henrix həm də Ermənistanın sıravi vətəndaşıdı ki, bu ölkənin də siyasəti Azərbaycanın mövqeyini gözdən salmaqdı. O bu oyunda yalnız piyada oldu. Onun hərəkətləri iki xalqın yaxınlaşmasına xidmət edə bilərdi, amma özü və ailəsi fərqli qərar verdilər. Bununla belə, onu çox yaxşı oyunçu kimi qəbul etməkdə davam edirəm”.
Reklam çarxlarını montaj edən Abakar Mxitaryanın mövqeyi ilə razıdı: “Mxitaryanın transferinə müsbət yanaşdım: həmin vaxt onu dünyadakı ən yaxşı pleymeykerlərdən biri sayırdım. Bəlkə də hətta Məsut Özildən sonra ən yaxşı. Təəssüf ki, yanıldım, Henrix “Arsenal”da xüsusi nəsə göstərmədi. Onun milli mənsubiyyəti klubun tərəfini tutmağıma mane olmur: siyasət idmana qarışmamalıdı. Bakıya səfərdən imtinaya gəlincə, bu mürəkkəb durumdu. Azərbaycanda indiyə qədər Ermənistandan olan çoxlu idmançı çıxış etsə də, təhlükəsizliklə bağlı heç bir problem olmayıb. Ancaq futbol komanda idman növüdü və bütün bu şərait komandanı hazırlıqdan yayındıra, finalın nəticəsinə təsir göstərə bilərdi. Əlbəttə, tribunaların fitəbasması və başqa jestlər olacaqdı. Və bundan nə UEFA, nə AFFA “sığortalana” bilərdi. Odu ki, Henrixin Bakıya gəlməmək qərarını doğru sayıram. Ona münasibətim dəyişməyib. Bu onun qərarıdı, lazım bildiyi kimi qərar verməkdə azaddı”.
Telefon satıcısı Samir Henrix finalda oynamayacağına görə məyusdu: “Onun milli mənsubiyyəti məni həyəcanlandırmır və klubu dəstəkləməyimə mane olmur – “Arsenal”a nəinki onun transferindən, hətta yaxşı futbolçu olduğu dövrdən çox-çox əvvəldən azarkeşlik edirəm. Əlbəttə, Bakıya gəlişini istəyərdim: “Arsenal”ın ehtiyat oyunçular skamyası o qədər də geniş deyil, o isə qaçmağı, oyunu gücləndirməyi bacarır, Obameyanqla yaxşı anlaşır. Henrixi anlamaq olar: onu bu qərara Azərbaycan haqda çoxlu mənfi rəylərin yaranmasını istəyən Ermənistan dövləti məcbur edib. Ona təhlükəsizlik təminatı verilmişdi. İndi isə çoxları finalın Azərbaycanda keçirilməsinin yersizliyi haqda danışacaq. “Arsenal”da azərbaycanlı futbolçu olsaydı və final Ermənistanda keçirilsəydi, bizimki ora gedərdi – buna 100 faiz əminəm. Henrix Azərbaycana gəlsəydi, “Arsenal”ın burdakı azarkeşlərinin əksəri onu fitə basmazdı (təbii ki, “Çelsi”nin burdakı azarkeşləri istisnadı). Şəxsən mən fitə basmazdım”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR