Ramin Musayev də mükafatlandırıldı
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə PFL-in birgə təşkil etdiyi 4-cü Heydər Əliyev Kubokuna yekun vurulub. Ötən sayımızda Muxtar Respublikada 4 gün davam edən və dairəvi sistemlə keçirilən yarışda dörd komanda – “Şüvəlan”, MOİK, “Araz Naxçıvan” və “Arpaçay”ın iştirak etdiyini, eləcə də ilk turun nəticələrini xəbər vermişdik. Mayın 21-də keçirilən 2-ci turda “Arpaçay” MOİK-i 3:2, “Süvəlan” isə “Araz”ı 3:1 hesabıyla məğlub edib. Mayın 23-də - yarışın sonuncu günündə, həlledici qarşılaşmalardan öncə turnir iştirakçıları Heydər Əliyevin abidəsini ziyarət ediblər. Gülqoyma mərasimində PFL-in prezidenti Ramin Musayev, Muxtar Respublikanın gənclər və idman naziri Azad Cabbarov, yerli Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev, hakimlər, hakim-inspektorlar, AFFA nümayəndələri və başqa rəsmi şəxslər iştirak ediblər.
Ziyarətdən sonra yerli “Arpaçay” Muxtar Respublikanın dəyişməz çempionu “Araz Naxçıvan”la üz-üzə gəlib. Rəqibin qapısından 3 cavabsız top keçirən “Araz Naxçıvan” 3-cü yeri təmin edib. Sonuncu oyunda isə “Şüvəlan” və MOİK qarşılaşıb. Turnirin qalibi olmaq üçün “Şüvəlan”a 1 xal bəs edirdisə, MOİK mütləq qələbə qazanmalıydı. Lakin “Şüvəlan” işinin öhdəsindən layiqincə gəlib və rəqibi 1:0 hesabı ilə məğlub edərək, kuboku muzeyinə aparıb. “Hərbçilər” isə ikinci olub. Oyunda vurulan yeganə qolun müəllifi Tural Qürbətov ümumilikdə 7 qolla turnirin bombardiri adını qazanıb. Ən yaxşı qapıçı “Şüvəlan”ın üzvü Həsən Hüseynov seçilib. Turqay İbrahimov isə ən yaxşı sahə oyunçusu adına layiq görülüb. Mükafatları Ramin Musayev, Azad Cabbarov və Səbuhi Şahverdiyev təqdim ediblər.
Tədbirin sonunda PFL prezidentinə də mükafat təqdim olunub. Heydər Əliyev Kubokunun təşkilində göstərdiyi xidmətlərə görə Muxtar Respublikanın gənclər və idman naziri Ramin Musayevə xüsusi mükafat təqdim edib.
RƏŞAD